Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Ekspertlər Azərbaycanda görünməmiş bahalaşmanın anonsunu verdilər

İqtisadçılar xəbərdarlıq etdilər, 2014 son dövrün ən bahalı ili ola bilər...
Ölkənin ən tanınmış iqtisadçıları 2014-cü ildə Azərbaycanda ciddi qiymət artımının gözlənildiyi xəbərdarlığını edirlər. İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu “Reytinq” qəzetinə müsahibəsində bildirib ki, ötən ildən başlayan bahalaşma bu il də davam edəcək.
Onun sözlərinə görə, bahalaşma, demək olar, bütün sahələrdə baş verəcək, maya dəyərində yanacağın qiyməti oturan bütün məhsullar üzrə bahalaşma bu il də artan xətt üzrə olacaq. Kommunal xidmət haqlarının qalxması da gözləniləndir: “Hesab edirəm ki, kommunal xidmətlərin qiymətinin qalxması yaxın zamanda baş verəcək. Yəni tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də artacaq. Bahalaşmanın bazarların qarşılıqlı təsiri qanunu əsasında istehlak, xüsusilə də ərzaq bazarında qiymətlərin artımına və inflyasiya yaradıcı amillərin fəallaşmasına təsiri şübhəsizdir. Ona görə də gələn il üçün ikirəqəmli inflyasiya qaçılmazdır. Belə demək mümkündürsə, 2014-cü ili son dövrün ən bahalı ili kimi görürəm. Düzdür, hələlik Tarif Şurasının hər hansı qərarı yoxdur. Amma sonrakı dövrdə ölkədə ciddi qiymət artımının olacağı qaçılmazdır. Bu da əhalinin büdcəsinin dağılmasında özünü göstərəcək”.

Ölkədə ciddi bahalaşmanın gözlənildiyini Milli Məclisinin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da bəyan edib. Modern.az-a açıqlamasında Vahid Əhmədov deyib ki, yaxın aylarda kommunal xidmətlərdə tariflər bahalaşacaq. Yanacağın qiymətinin bahalaşması bütün sahələrdəki qiymətlərə təsir edəcək: “Yanacağın qiyməti qalxıb. İstər-istəməz yanacağın tarifi bahalaşanda bütün sahələrə təsir edir. Deyirlər ki, nəqliyyatın qiymətində artım baş verməyəcək. Nəqliyyat da yanacaqla işləyir. Biz istəsək də, istəməsək də, qiymət qalxacaq. O cümlədən kommunal xidmətlər, işıq və qaz. Əlbəttə, bütün bunları eyni dəyərdə saxlamaq da olar. Amma yenə deyirəm, yanacaq elə bir məhsuldur ki, bütün sahələrə təsir edir. Məsələn, deyirdilər ki, bazarda qiymət bahalaşması olmayacaq. İndi bazara baxın. Bütün ərzaq mallarında bahalaşma var”.
Müəyyən müddətə qiymət bahalaşmasını yubatmağın mümkün olduğunu deyən deputatın sözlərinə görə, əsas diqqəti bahalaşmaya yox, süni qiymət artımının qarşısını almağa yönəltmək lazımdır. Vahid Əhmədov hesab edir ki, qiymət bahalaşmasını müəyyən müddətə yubatmaq olar. Amma çox uzun müddətə yox: “Gərək dövlət bununla bağlı dotasiya versin. Təəssüflər olsun ki, bizdə süni qiymət artması da çox olur. Məsələn, yanacağın qiyməti 10% artıbsa, məhsulun qiymətində 50% artım olur. Qiymət bahalaşmasından sui-istifadə halları çoxalır. Buna ciddi nəzarət lazımdır. Belə davam etsə, maaşlardakı artım yox olub gedəcək. Əsas bütün sahələrdə qiymətin süni şəkildə artırılmasına nəzarət olmalıdır. Monitorinqlər aparılmalıdır. Yaxın yarım il ərzində qiymətlərin rəsmi artırılmasına inanmıram. Çünki ərzaq və qeyri-ərzaq qiymətləri ilə bərabər kommunal xidmətlərin də bahalaşması orta və aşağı təbəqə üçün ağır nəticələr verə bilər. Odur ki, Azərbaycan hökumətinin buna getməsinə inanmıram”./musavat/
1521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber