Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Bakıya “xərçəng” axını

Tanış bir ingilis jurnalist hər gün Londondan xeyli aralıda yerləşən kənddən işə gəldiyini söyləyir: “Yola şəhərdə yaşayanlarla eyni vaxt sərf edirəm. Şosse ilə 50 kilometr yolu öz maşınımla gedirəm. Sonra maşını şəhər kənarındakı metro stansiyasının yanındakı parkinq meydanında saxlayıram, daha sonra metro ilə yoluma davam edirəm. Uzağı bir saata işə çatıram”. Qalan yolu niyə işə öz maşınında getmədiyini soruşduqda söyləyir: “Sərf eləmir. Parkinqə metroda gediş haqqının cəmi 2 mislini ödəyirəm. Tıxaclarda daha çox vaxt və təxminən elə həmin məbləğdə benzin pulu itirirəm. Ən əsası isə şəhərdə parkinq üçün 5-6 dəfə çox pul ödəməliyəm”.
Dünyanın ən bahalı parkinq şəhəri olan London sakininin danışığında çox şey bizim Bakıya bənzəyir - şəhərə avtomobillə girənlər tıxaclarda yetərincə benzin və vaxt itirirlər. Yeni tikilmiş parkinq meydançalarında maşını bir gün saxlamaq yetərincə bahadır və hətta metrodakı gediş qiymətləri ilə müqayisə etdikdə bizdə vəziyyət daha ağırdır. Məsələn, London metrosunda gediş haqqı 5 funt-sterlinqdir və şəhər mərkəzində bir günlük parkinqin qiyməti maksimum 60 funt təşkil edə bilər, yəni metrodan 12 dəfə bahadır. Amma Bakıda metroda gediş qiyməti 20 qəpik olduğu günlük parkinq qiymətləri 6 manatdan başlayır (metrodan 30 dəfə bahadır). Şəhərdə bəzi parkinqlərin günlük qiyməti 25 manata qədər qalxır (metrodan 500 dəfə bahadır). Londondan daha fərqli bir cəhətimiz şəhər kənarlarındakı metro stansiyalarının yanında ucuz, metro gedişini ekvivalent kimi götürdükdə günlük qiyməti 40-50 qəpikə bərabər parkinq meydanlarının olmamasıdır.
Təbii ki, belə olan şəraitdə regionlardan və ətraf qəsəbələrdən Bakıya gələnlər avtomobillə birbaşa şəhər mərkəzinə qədər getməyə məcbur olurlar. Bu isə şəhərdə tıxaclara səbəb olur. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr şöbəsinin rəhbəri, polkovnik-leytenant Vaqif Əsədovun verdiyi məlumata görə, Bakıda 720 min minik avtomobili qeydiyyatdadır və hər gün Bakıya regionlardan 50 minə yaxın avtomobil daxil olur. “Son illərdə Bakıda küçə və yolların uzunluğu 2013 kilometrdən 2500 kilometrə kimi uzanıb. Hərəkətin 630-a yaxın yol ayrıcı və 230-a yaxın işıqforlu yol birləşməsi ilə tənzimlənməsinə baxmayaraq yenə də çətinliklər yaranır. Bu səbəbdən pik saatlarda avtomobillər yol boyunca sıx cərgələnirlər, mərkəzi küçə və prospektlərdə ləngimələr qeydə alınır”,- deyə polkovnik-leytenant vurğulayır.
Bakının mərkəz hissəsinə avtomobillər şəhər ətrafı qəsəbələrdən, Sumqayıt və Xırdalan kimi peyk şəhərlərdən də gəlir. Nəqliyyat üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Bakıda tıxacların yaranmasında əsas rolu şimal və qərb istiqamətdən gələn maşınlar oynayır. “Bizim araşdırmamıza görə, hər gün Bakıya bu iki istiqamətdən - Bayıldan və Şamaxinkadan 100 minə qədər avtomobil daxil olur. Bu iki istiqamətin hər birinin payına təxminən 50 min avtomobil düşür”,- deyə Azər Allahverənov Ans-ə bildirib.
Məhz bu iki istiqamətdən şəhərə girən küçələrdə böyük avtomobil sıxlığı yaşanır ki, bu, sürücülərin təyinat yerinə gec çatması ilə yanaşı, həmin küçələrdə havanın ifrat çirklənməsinə də səbəb olur. Həkimlərin dediyinə görə, son zamanlar Azərbaycanda xərçəng xəstələrinin sayının artmasını da havanın avtomobillər tərəfindən ifrat kirləndirilməsi ilə izah edirlər. Artıq Bakıda Badamdardan parlamentin binasına, Qurd qapısından FHN-nin binasına tərəf, yaxud “20 yanvar” dairəsindən Tbilisi prospekti ilə mərkəzə doğru addımlamaq insanlar üçün işgəncəyə çevrilib, avtomobil tüstüsü adamlarda baş gicələnnəməsi yaradır, ətrafda yerləşən binaların sakinləri yayda belə pəncərəni aça bilmirlər.
Azər Allahverənov ucuz parkinq sahələrinin məhz bu iki istiqamət üzərində yaradılmasını məsləhət görür. Lakin nəqliyyat üzrə ekspert bu məsələdə Bakıda formalaşmış praktikadan əl çəkməyi vacib sayır. Onun sözlərinə görə, London və Paris kimi şəhərlədə həmin parkinq yerləri bələdiyyə, yaxud şəhər meriyasının mülkiyyətidir və tarifləri də bu qurumlar müəyyən edir. “Orada özəl şirkətlər yalnız parkinqlərin tikintisində iştirak edirlər. Azərbaycanda da özəl şirkətləri parkinq tikintisinə məhz bu cür cəlb edilməlidir. Amma Bakıda özəl şirkətlər həm də parkinq sahələrini idarə edirlər və tarifləri də müəyyən edirlər. Dövlətin iştirakı sadəcə həmin yerlərin ayrılması ilə məhdudlaşır. Ona görə də şirkətlər özü bildiyi kimi tariflər tətbiq edir. Beynəlxalq təcrübə isə tam tərsini göstərir”,- deyə Azər Allahverənov bildirir.
Ekspertin sözlərinə görə, bu məsələdə sovet dövründə formalaşmış ənənələrdən çox geriləmə olub və ona görə də Bakı sakinləri avtomobillərini bahalı parkinqlərdə saxlamaq istəmirlər: “Sovet dövründə Bakının mərkəz hissələrindən ucuz dayanacaqlar var idi. Qiyməti elə ucuz idi ki, əhali maşını binanın həyətində deyil, həmin dayanacaqlarda saxlayırdı, günə 1 manat alırdılar. Sonradan həmin dayanacaqların yerində yeni göydələnlər tikildi, həmin binalarda ev almış sakinlərin avtomobilləri də əlavə problemlər yaratdı. İndi vəziyyət elədir ki, hətta şəhərin ara küçələrində də yolun sağında və solunda saxlanmış avtomobillərə görə hərəkət etmək mümkün deyil. Mərkəzdəki binaların altında satılan avtomobil yerləri də dəhşətli qiymətədir - 1 maşın üçün 30-40 min manat istənir. Həmin pula şəhər ətrafında ev almaq mümkündür”.
1990-cı illərin sonlarında Bakıda avtomobil sayı 200 mindən çox deyildi və statistikadan görünür ki, son 10 ildə Bakıda avtomobil sayı 3 dəfədən çox artıb. Əvəzində bütün ucuz dayanacaqlar yoxa çıxıb. Şəhərin mərkəz hissəsi xaotik şəkildə səpələnmiş maşın dayanacağına çevrilib. Yeni tikilən parkinq sahələrin əlverişsiz yerlərdə olması vəziyyəti daha da dramatikləşdirir. Azər Allahverənov ayrı-ayrı boşalan yerləri parkinq tikmək üçün şirkətlərə verməkdənsə, məsələyə qlobal yanaşmağı və ümumi Bakı səviyyəsində ucuz parkinq sahələri tikməyi məsləhət görür: “Bu parkinq yerlərində sutkalıq qiymət 2-3 manatı keçməməlidir. Bu məsələdə Moskvanın təcrübəsindən yararlanmaq olar. Orada bir maşının bir gün ərzində saxlanması 100-200 rubl (2,5-5 manat) arasında dəyişir”.
Bu problemin həllində ilk addım kimi Bakıya girən yolların üzərində tikilən və ya planlaşdırılan metro stansiyalarının yaxınlağında ucuz parkinq sahələrinin yaradılması olmalıdır. Bu baxımdan metronun “Koroğlu” stansiyasının və Bakı avtovağzalının yanında tikilən metro stansiyasının yaxınlığında, o cümlədən Lökbatanda planlaşdırılan metro stansiyansının yaxınlığında yerli hakimiyyətə məxsus ucuz parkinq meydanlarının tikilməsi daha vacibdir. Və deyəsən, bu istiqamətdə artıq ilk addımlar atılır. Polkovnik-leytenant Vaqif Əsədovun verdiyi məlumata görə, avtovağzal ətrafında tikilən yeni metro stansiyasının yaxınlığında belə bir ucuz dayanacaq nəzərdə tutulur və bu, Şamaxinka və Tbilisi prospektləri istiqamətində tıxacları xeyli yüngülləşdirə bilər. /Ans
1866 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<