Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Palçıqdan qurtulacaqları günü gözləyirlər

Hər küçəsində başqa bir problem yaşanan Əmircan qəsəbəsi Ə.Sümbatzadə küçəsində yaşayan sakinlərin qarşılaşdıqları problemləri dinlədik. 2013-cü ilin may ayından etibarən kanalizasiya və su xətti çəkilən bu küçələrdə sakinlərin bir şikayəti var idi, o da təmirdən sonra bu yolların altının üstünə gətirildiyi halda eləcə də qalması idi. Sakinlərin dediklərinə görə, müvəqqəti yolların düzəldilməsi üçün maşınla daş yox, torpaq gətirilib tökülməsi bu küçələri qış aylarında keçilməz edib. Səbrlə yuxarı məhəllələrdə də təmir işlərinin bitməsini gözləyən əhali tam təmirdən sonra bu yollara asfalt çəkiləcəyi günü gözləyir.
Suğra xanım: Keçən ilin əvvəlləri bizə kanalizasiya və su xətti çəkildi. İllərlə su daşımaqla keçirdiyimiz bir problemdən qurtulduğumuzun sevinci çox çəkmədi. Buna səbəb yollarımızı palçıqlı vəziyyətdə qoymaları oldu. Müəlliməyəm, amma ayaqqabılarımdakı palçığa baxın.
Tutu xanım: Suyumuz yox idi. Təzəlikcə su xətti çəkilsə də, suyumuz verilməyib. Ətraf məhəllələrə su xəttinin hələ çəkildiyini nəzərə alsaq, bu, normal haldır. Bizim hal-hazırda şikayətimiz yollarımızın bərbad hala qoyulmasındandır. Harada görünüb ki, yolları palçıqla hamarlaşdırırlar. İnanın ki, bu qumu da onlara məcburi tökdürmüşük. Bu yollarla gedib-gəlmək mümkün deyil.
Sevda xanım: Bizim yollarda, ümumiyyətlə, heç vaxt palçıq olmayıb. Düzdür, sudan uzun illər əziyyət çəkmişik. İndi çox sağ olsunlar, dövlət öz hesabına su xətti çəkdirdi bizim üçün, amma yollarımızı bu halda qoymaları bizi narahat edir. Qorxuruq ki, heç sonradan da yollarımız asfaltlanmaya. Ən azından, yolun bir hissəsinə də olsa, daş tökülsəydi, uşaqlarımız da, biz də bu qədər əziyyət çəkməzdik.
Kəmaləddin bəy: May ayından etibarən buralarda qazıntı işləri gedir. Bütün bu işlərin 2014-ün payızına qədər davam edəcəyini deyirlər. Burada heç vaxt palçıq olmayıb. Gör necə abırsız adamdırlar ki, gətirib bura maşınla qum, torpaq tökdülər. İşlər tamam yekunlaşanadək səbr edin deyirlər. Sən mənim addımlamağım üçün də olsa, yolun bir qırağına daş tökdür ki, mən də palçıqdan bu cür əziyyət çəkmədən yolların düzəlməsini gözləyim.

Ümid edirik ki, bu məsələdə məsuliyyət daşıyan aidiyyatı orqanlar tezliklə öz işlərini sakinləri razı salacaq şəkildə yoluna qoyarlar./starxeber /













1681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43