Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Deputatlara Milli Məclisdə danışmağı qadağan eləmək mümkündür

Pantomima Teatrı kimi Milli Məclis
Milli Məclisin binasına “ağıllı telefonlar” adlandırılan smartfon və android tipli mobil telefonlar keçirilməsinin qadağan olunması ağlıma cürbəcür axmaq fikirlər salıb.

Gözümün qabağında eyni vaxtda 50-60 versiya birdən uçuşur. Fantaziyam da nəyi var xodlanıb.

Məni qınamayın. Kim olsa, belə dəli-cinli olar də. Çünki qərarın özü həddən artıq ağıllıdır. Bahar Muradova demişkən, milli təhlükəsizliyimiz baxımından zəruridir. Nöşün ki, löyün-löyün, növbənöv xarici qırışmallar deputatlarımızın bərk-bərk qoruduğu sirləri o telefonlar vasitəsilə ələ keçirmək üçün amadə dayanıb. Bunun qabağı bir gün alınmalı idi, ya yox?!

Söz yox, indicə başımda səfeh suallar dəli kimi vurnuxur. Bu qadağa təhlükəsilik məqsədi ilə tətbiq olunursa, Prezident Aparatı, Müdafiə Nazirliyi, MTN, DİN, XİN sistemində də belə şey varmı? Varsa, bunu niyə bilmirik? Yoxdursa, niyə yoxdur? Yoxsa...?! Yoxsa iraq olsun, deputatlarımızdan kimsə ora-bura işləyirmiş, bunu bilib o yasağı qoyublar?! Vay canım...

Milli təhlükəsizliyimiz bəs “ağıllı telefon” qadağasına qədər niyə qorunmurdu? Qorunmurdusa - niyə qorunmurdu? Bizimkilər indi lapdan asqırıb ayıldı? Qorunurdusa - bu nə komediyadır?

Yox, doğrudan da komediyadır, lap elə tragikomediyadır. Ona görə də düzünə qalsa, qalmışam mat: bilmirəm bunu dəstəkləyim, ya yox?

Dövlətçi adam olduğumdan onu gərək dəstəkləyəm. Təklifim də belədir ki, deputatlara nəinki ağıllı, hətta səfeh (yəni ucuz) telefonları da qadağan eləmək lazımdır. Mozambikdə də belə mütərəqqi qadağa var. Çünki səni dinləmək istəyən onun əli ilə də dinləyər. Kəşfiyyat qurğuları dəhşət inkişaf eləyib. İraq müharibəsi zamanı amerikalılar hətta tankın içindəki danışıqları da kosmosdan dinləyə bilirdi. 23 il qabaq e...

Hələ lazer kəşfiyyatı da var. Onun vasitəsilə istənilən binanın pəncərəsindən istənilən söhbəti dinləmək, sənədin fotosunu çəkib oxumaq olur. Bunu nəzərə alaraq bir təklifimi də verim. Milli Məclisin bütün pəncərələrinin qabağına qalın polad təbəqə, parlamentin binasının ətrafına isə ortasına dinləməni önləyən xüsusi plazma doldurulmuş 12 metrlik (15 də olar) dəmir-beton hasar çəkilsin. Yaxın illərdə gizli bir yerdə, lap elə Giləzi dağının altında bunker tikintisi başladılsın, parlament qısa müddətdə o bunkerə köçürülsün. Bahar Muradova deyən olmalıdır. Ortada milli təhlükəsizlik söhbəti var...

Açığı, öz təkliflərim elə özümün də yaman xoşuma gəldi. Ona görə də cuşa gəlirəm. Ümumiyyətlə, belə eləmək olar. Deputatlara Milli Məclisdə danışmağı qadağan eləmək mümkündür. Söz yox, çoxu onsuz da danışmır, danışanda da fərli-başlı bir şeydən danışmır. Amma hər halda bir də görürsən öz aralarında şəxsi işlərindən, bizneslərindən, dükan-bazarlarından, kafe və restoranlarından, toyxana və çayxanalarından, sair obyektlərindən gap edirlər.

Xalqımız qətiyyətlə tələb edir ki, belə yersiz, axmaq şeyləri yığışdırmaq lazımdır! Danışmaq gümüşdürsə - susmaq qızıldır!

İşdi-şayəd, bir deputat o birinə, ya da spiker Oqtay müəllimə deyiləsi vacib sözü olsa, bunu əl-qolla, mimika ilə, him-cimlə, göz bərəldib qaş oynatmaqla, dil çıxarmaqla, xülasə, xüsusi jestlərlə başa salsın. Deyirsən yəni deputatlar Pantomima Teatrının aktyorları qədər də deyillər? Bacarmazlar bunu yəni? Bacararlar. Hamısı ali savadlı, müdrik insanlardır. İndini deyə bilmərəm, amma orta məktəbdə kitab üzü açıblar. “Arifə bir işarə” haqq-hesabını onda oxuduqlarından bilməmiş olmazlar.

Yenə deyirəm, mən bu ağıllı qadağanı qoyan məmurun parlaq zəkası, geniş erudisiyası qarşısında mat qalmışam. Halaldır ona. Amma bu da var ki, hər parlaq ideyanın bir-iki xırda minusu olur. Bunun da var. Deyim də hansılardır.

Qadağan olunmuş şeylərə maraq və canatım güclü olur axı. Hə, bir də gördün Hadı Rəcəblinin Milli Məclisin binasına nahar adı ilə qoltuğunda keçirdiyi dönərin arasından xırdaca bir smartfon çıxdı. O boyda deputat bu bapbalaca telefona görə biabır ola, sosial dayaqlarını itirə bilər axı. Onun sosial bazasının itməyi də hesab elə ki, sosial siyasətimizin belinin qırılmağıdır.

Ya da tutalım, Musa Urud şerlər kitabının arasına zərif bir telefon qoyub gizlicə içəri aparanda tutuldu. Sabah şairin oxucuları onu milli təhlükəsizliyimizə qarşı çıxan biri kimi tanıyıb məyus olmazlarmı, Moşu demişkən, şairi şübhə altına almazlarmı?!

Ya da AzərTAc-da qəfildən belə bir xəbər oxuduq: “Bakıda filan deputat Milli Məclisin binasına girərkən öz şübhəli görünüşü ilə qazdan ayıq mühafizəçilərin diqqətini cəlb etmişdir. Deputata baxış zamanı onun mədəsindən parlamentin içinə mədəsində keçirmək istədiyi smartfon tipli telefon olduğu aşkarlanmışdır. Oqtay Şirəliyevin həkimləri telefonu xüsusi avadanlıqlar vasitəsilə deputatın qarnından çıxararaq aidiyyəti üzrə təhvil vermişlər”.

Gülməyin, ola bilər. Bura Azərbaycandır, nə desən ola bilər...

...Məsələn, Məleykə Əsədovanın adı böyük mədəniyyət və incəsənət xadimi kimi çəkilir. Bu, mədəniyyətlə məzələnməkdir.

Məsələn, İlham Mirzəyev alim hesab edilir, elmlər doktoru kimi təqdim olunur. Bu da elmlə məzələnməkdir.

İndi də deputatlar. Milli Məclisin binasına smartfon və android tipli telefonla girişin qadağan olunmasını deputatlarla şit zarafat saymaqdan başqa nə çarəmiz qalır ki? Onlarla doğrudan da kimsə zarafatlaşır...

Famil Cəfərli/virtualaz
1681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi