Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

İki uşaqla ayaqyolunda yaşayan ailə - (Video)

"Ayaqyolunda yaşayan ailə var" desələr, bəlkə də çoxu inanmaz. Amma belə bir yerdə yaşayan 4 nəfərlik ailə var.

Otağın uzunluğu heç iki metr də deyil. Bəlkə də sığınacaq demək, daha doğrudur. Burda ayaqyolunu sığınacaq eləyən 4 nəfərlik ailə yaşayır. Alqış Məmmədovun ailəsi.

Alqış və Fəridə 5 ildir evlidirlər. Onda Fəridənin 16 yaşı olub. Xala uşağıdırlar. Valideynlərinin də maddi imkanı olmayıb. O üzdən rayonda qalmayıblar, Bakıya üz tutublar. Burada da ayaqyolunda yaşamağa məcbur olublar: "Bir-birimizi sevib, ailə qurmuşuq, xoşbəxt də yaşayırıq. Evimiz dar olsa da, xoşbəxtik. Amma darısqallıq o qədər sıxır ki, bizi bu evdə...".

Sevgisi bol, amma darısqallıqda sıxılan bu ailə Nəsimi rayon Abbas Səhhət küçəsi 29-da yaşayır. Burada əsasən, Qərbi Azərbaycandan olan qaçqınlar məskunlaşıb. Məmmədovlar ailəsi evliliklərinin ilk illərində Alqışın valideynlərinin evində yaşayıblar. O ev də darısqal olduğundan kirayə ev tutmağa məcbur qalıblar. Sonra da kirayə pulunu verə bilmədikləri üçün həmin mənzili təhvil verməli olublar. Sonuncu çıxış yolu qalıb - sakinlərin istifadə etdiyi ümumi ayaqyolunu "yuva" etmək.

"Qonşuların sayəsində birtəhər düzəltdik, bizə əl yetirdilər. Biz də buranı qurduq. Ancaq uşağımız timusludur, neçə gecədir, yatmırıq. Həkim dərmanlar yazıb, hamısı ordadır... Kasıbçılığın üzü qara olsun. Ev edib, burda qalmışıq. Pəncərəsi yoxdur,havasızdır".

Bu evdə iki körpə böyüyür. Əminə və Səma. Əminənin 4, Səmanın isə bir yaşı yanvarın 12-də tamam olub. Heç bir pəncərəsi olmayan dar, beton otaqda bu uşaqların acınacaqlı durumunu kadr arxasından görmək, canlı izləməkdən daha rahat gələr, məncə. Rütubət və nəm dolu ayaqyolu-otaq uşaqların sağlamlığına ciddi təsir göstərib.

Ailənin başçısı Alqış həm də ikinci qrup əlildir.

İndilik istəkləri isə yataqxanada olsa belə, normal bir otaqda məskunlaşmaqdır. Fəridə deyir ki, otaq verməsələr belə, təki quruca torpaqları olsun: "Lap çadır qurub içində yaşayaram".

Alqış işləmir, amma dinc də oturmur. Heç olmasa, ailəsinə bir faydası olsun deyə o, zibil daşımaqla məşğuldur. 

Otağın havasızlığı, darlığı bir yana, üstəlik üfunətli qoxusu da var. Qonşular deyirlər ki, bir ailənin yaşadığı yerdən ayaqyolu kimi istifadə etmələri onları da utandırır. Amma çıxış yolu yoxdur./apa/

1479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber