Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Ərdoğanın və Gülənin gizli telefon danışıqları yayıldı

İşi təhvil alan yeni prokurorlar «rüşvət əməliyyatında» adı keçən iş adamlarının əmlaklarını həbsdən qurtardılar

«Böyük rüşvət əməliyyatı» çərçivəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın da telefonları dinlənilibmiş. Türkiyə mətbuatı Bilal Ərdoğanla Üsamə Kutub arasında baş tutan danışıqların üzə çıxdığını yazıb. Xəbərə görə, «ikinci həbs dalğasını» başlatmaq qərarını verən və bu səbəbdən rüşvət əməliyyatının araşdırmasından uzaqlaşdırılan prokuror Müəmmər Akkaşın Bilal Ərdoğanı istintaqa çağırma səbəblərindən biri də bu telefon danışıqları olub.

Danışıqlarda MİT «şefinin» də adı keçir

Telefon danışıqlarında bir toplantıdan bəhs edilir. Yasin əl-Kadinin də qatıldığı və ötən il noyabrın 9-da keçirilən həmin toplantıda Bilal Ərdoğanla Üsamə Kutub arasında telefon söhbəti olub. Söhbətdə Türkiyənin MİT (milli təhlükəsizlik) «şefi» Hakan Fidanın və baş nazir Ərdoğanın özəl qələm müdiri Hasan Doğanın da adı keçir. Telefon söhbətindən belə məlum olur ki, Kutub toplantıya Hakan Fidanın da qatılmasını istəyib.

Üsamə Kutub: Bir də Hakan bəyi dedi, ən son Hakan bəy.

Hasan Doğan: Gəldiyiniz zaman Hakan bəylə görüş vaxtını təiyn edərəm, Allahın izniylə.

Kutub: Bəli, qardaş, birgə şey istəyirlər. Yəni ən sonda bərgə qalacaqlar.

Hasan Doğan: Yəni Hakan Fidanın orada olmasını istəyir? Hakan Fidanı ayrıca istəyir?

Üsamə Kutub: Yox, orada istəyir.

Hasan Doğan: Yaxşı, mən birinci gün Hakan bəyi də qarşılayaram.

Bilal Ərdoğan Kutubla nədən danışıb?

İkinci söhbət Üsamə Kutubla Bilal Ərdoğan arasında baş tutub.

Kutub: Necəsən qardaşım, yaxşısanmı?

Bilal Ərdoğan: Qardaş.

Kutub: Yaxşıyam, yaxşıyam Əlhəmdülillah. Görüş çərşənbə günü səhərə təyin olundu.

Bilal Ərdoğan: Hmmm...

Kutub: Bir yerdə olsan, çox yaxşı olar.

Bilal Ərdoğan: Çərşənbə gününə baxım görüm, nə işim var, ona uyğun da qərar verərəm İnşallah.

Kutub: Yaxşı, orada şam kimi olacağıq İnşallah.

Bilal Ərdoğan: Oldu, İnşallah.

Qeyd edək ki, tanınmış ərəb iş adamı olan Yasin əl-Kadi 2001-ci il, 11 sentyabr terror hücumlarından sonra düz 8 ay BMT Təhlükəsizlik Şurasının “əl-Qaidə”yə bağlı şəxslər siyahısında yer alıb. Həmin siyahıda Yasin əl-Kadi “əl-Qaidə”ni maliyyələşdirən şəxslərdən biri kimi göstərilib. Baş nazir Ərdoğanın Yasin əl-Kadi ilə yaxınlığı əvvəldən məlum idi. Baş nazir bu ərəb iş adamını müdafiə edərək onun adının BMT siyahısında yer almasını əsassız adlandırmışdı. 8 ay sonra – 2012-ci ilin 5 sentyabrında əl-Kadinin adı siyahıydan çıxarılmışdı.

Fətullah Gülənin nəzarətində olan «Taraf» qəzeti hələ 30 dekabr tarixli sayında yazmışdı ki, Yasin əl-Kadi Ərdoğanın mühafizə xidmətinin avtomobillərində bir neçə dəfə qanunsuz yolla Türkiyəyə daxil olub və çıxıb. Bu fakt İstanbul cümhuriyyət prokuroru Muammer Akkaş tərəfindən aparılan istintaq çərçivəsində aşkar olunub. Yeri gəlmişkən, Akkaş «ikinci həbs dalğası» çərçivəsində Bilal Ərdoğanla yanaşı, Yasin əl-Kadi barəsində də həbs və istintaqa çağırış sanksiyası vermişdi. Lakin polis prokurorun sanksiyasına əməl etmədiyi üçün siyahıda yer alan 40-dan çox şəxs həbs edilmədi.

Qəzet onu da yazmışdı ki, həmin 8 aylıq müddətdə Yasin əl-Kadi qanunsuz yolla dörd dəfə Türkiyəyə girib. Baxmayaraq ki, Türkiyə Nazirlər Kabinetinin qərarına əsasən də Yasin əl-Kadinin, həmçinin terrora dəstək verən digər şəxslərin ölkəyə girişi qadağan idi. Onu Türkiyəyə baş nazirə yaxın iş adamlarından Latif Topbaşın özəl təyyarəsi gətirib. Yasin əl-Kadi Türkiyəyə gələndə aeroportlardakı müşahidə kameraları söndürülüb, qonaq VİP keçiddən keçirilib və ona qarşı nə pasport, nə də viza yoxlaması tətbiq edilməyib.

Adı “əl-Qaidə”yə yaxın şəxslər arasında keçən digər ərəb iş adamı Üsamə Kutub da həmin müddət ərzində Yasin əl-Kadi ilə birlikdə Türkiyədə olub. Yasin əl-Kadi qanunsuz yolla Türkiyəyə daxil olaraq "Bosphorus 360" kimi bəzi şirkətlərin idarə heyətlərinin toplantılarına qatılıb. Görünür, Bilal Ərdoğanla Üsamə Kutub arasındakı məlum telefon söhbətində də həmin toplantıların birindən söhbət gedir. Onu da qeyd edək ki, "Bosphorus 360" rüşvət əməliyyatı çərçəvəsində əmlakına həbs qoyulan şirkətlərdir biri idi.

Əmlakları qaytarılacaq, bank hesabları açılacaq

Yeri gəlmişkən, hakim Süleyman Qaraçölün sədrliyi ilə məhkəmənin 7 iş adamının əmlakı ilə bağlı çıxardığı həbs qərarı bu gün ləğv olunub. Qərarın ləğvinə «böyük rüşvət əməliyyatını» araşdıran yeni prokrlar göstəriş verib.

Ötən ilin sonlarında çıxarılan və yanvarın 6-dan icraya yönəldilən həmin qərara əsasən bu şəxslərin əmlaklarına həbs qoyulmuşdu və bütün bank hesabları dondurulmuş sayılırdı. Üstəlik qərara uyğun olaraq onlar adlarına olan heç bir əmlakı sata, dəyişdirə, təhvil verə bilməzdillər. Söhbət, rüşvət əməliyyatının «ikinci həbs dalğası»nda adı keçən iş adamlarından – «Türk Telekom»un şəriki və İdarə Heyətinin üzvü Abdulla Tivnikli, 3000 mindən artıq mağazaya sahib olan «BİM»in rəhbəri Mustafa Lətif Topbaş, «Kalyon» şirkətlər qrupunun sahibləri camal Kalyonçu və Ömər Faruk Kalyonçu, Akdeniz, Uludağ və Çamlıbel elektrik paylayıcı şirkətin sahibi Mehmet Çingiz, ərəb iş adamı Üsamə Kutub və «Bosphorus 360» şirkətinin rəhbəri Çingiz Aktürkdən gedirdi. Adıçəkilən şəxslər cinayət törətmək məqsədilə təşkilat qurmaq, onu idarə etmək, rüşvət almaq, dövlət malına zərər vurmaq kimi cinayətlərdə ittiham olunurdular. Əmlaka həbs qoyulması ilə bağlı siyahıda «Kalyon» şirkətlər qrupuna məxsus «Zirvə Holdinq» (bir neçə həftə əvvəl ATV və «Sabah»ı satan alan şirkət) və «Bosphorus 360» da var idi.

«Bu adamları məscidlərdə yox, dövlətin daxilində axtarmaq lazımdır»

«Rüşvət əməliyyatı» başlayandan Türkiyədə hökumətin nəzarətində olan media qurumları ilə Fətullah Gülənin nəzarətində olan KİV-lər arasında əməlli başlı savaş gedir. Gülən mediası hökumət və onun adı rüşvətə qarışmış məmurlarını ifşa etməyə, qarşı tərəf isə bunun əksini təbliğ edərək baş verənlərdə nurçuların rolunu böyütməyə çalışır. Nazir oğlanlarının, iş adamı Rza Zərrabın, son olaraq baş nazirin oğlunun telefon söhbətlərinin ardınca indi də Fətullah Gülənin danışıqları internetə yerləşdirilib. Gülənin telefon danışıqlarında qeyri-adi söhbət keçmir və o, əsasən qısa cavabları ilə yadda qalır. Məsələn, söhbətlərin birində qarşı tərəf Ali Sabancının adını çəkir, onun Gülənə salamlarını və hörmətini çatdırır. Həmçinin bildirir ki, hansısa media orqanı ilə danışaraq orada Gülən əleyhinə yazıların getməməsini təmin ediblər. Bundan başqa, Gülənin adamlarından birinin Asiya Bankı ilə bağlı yaranmış problemi kiminləsə müzakirə etdiyi məlum olur. Və 300 milyon lirəlik pul köçürülməsindən bəhs olunur.

Səs yazılarının internetə yerləşdirilməsinin qanunsuz olduğunu bildirən Gülənin vəkili Nurullah Albayrak bununla bağlı məhkəməyə müraciət edəcəklərini deyib: «Ankaranın qaranlıq dəhlizlərində qanunsuz dinləmə və izləmə həyata keçirənlər aşkar edilməlidir. Bu adamları məscidlərdə yox, dövlətin daxilində axtarmaq lazımdır».
1467 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı