Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Daha bir əlil özünü yandırmaqla hədələyir (Fotolar)

Özünü yandıran II qrup Qarabağ qazisi Zaur Həsənov Azərbaycan üçün bir ilki yaşatdı. O, 2013-cü il, dekabrın 25-də özünü yandırdı, üç gün sonra da vəfat etdi.

Z.Həsənovun dəhşətli ölümü ölkə gündəmini bir anda dəyişdi. Bundan sonra prezident İlham Əliyevin tapşırığı ilə Z.Həsənovun ailəsinə maddi yardım edildi. Bu məsələ digər Qarabağ qazilərinin, müharibə əlillərinin problemlərini aktuallaşdırıb gündəmə gətirdi. Bu faciəvi hadisədən sonra bir çox qazinin, müharibə veteranının, şəhid ailələrinin problemləri barədə daha ucadan danışmağa başladılar.

Bu gün haqqında söz açıb şikayətini dinləyəcəyimiz şəxs Azərbaycan milli-azadlıq hərəkatının iştirakçılarından biri, I qrup əlil, II qrup 20 yanvar əlili, Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmovdur.

Arif Məhərrəmov hazırda Bakıdakı 5 saylı Klinik Xəstəxanada müalicə olunur. Dediyinə görə, çox şeydən narazıdır. A.Məhərrəmov deyir ki, şəhid və itkin ailələrinə, müharibə əlilləri və veteranlarına cəmiyyətdə olan laqeyd münasibət, ailəsində və səhhətində yaranan ciddi problemlər onu da addım-addım intihara yaxınlaşdırır.

Virtualaz.org saytının əməkdaşı A.Məhərrəmovla xəstəxanada görüşüb və şikayətlərini dinləyib.

Qeyd edək ki, A.Məhərrəmov 1965-ci il, sentyabrın 23-də Ermənistanın Şişqaya kəndində anadan olub. Sonra Bakıya köçüb, paytaxtdakı 63 saylı məktəbi bitirib. 1983-85-ci illərdə Rusiya və Əfqanıstanda hərbi xidmətdə olub. Dediyinə görə, I Qarabağ savaşı başlayanda cəhbəyə gedib, ərazi bütövlüyümüz uğrunda vuruşub. Sözünə də ermənilərə münasibətinə görə başına gələnlərdən söz açmaqla başlayır:

- 1990-cı il, yanvarın 21-də ruslar binamızın qarşısında olan üçrəngli bayrağımızı çıxarıb ayaqqabılarını sildilər, onu təhqir etməyə başladılar. Mənsə dözməyib bayrağımızı onlardan aldım. Bayrağı qucaqlayarkən ruslar məni döyməyə başladılar, huşumu itirdim. 1990-cı ilin aprel ayında həbs olundum. Mayda məni Moskvaya apardılar. Bir gün orada işgəncə verdilər. Sonra Bakıya qayıtdım.

- Siz “Çeçen Arif” ləqəbi ilə də tanınırsınız. Çeçenistandakı döyüşlərdə də iştirak etmisiniz. Ora necə gedib çıxdınız?

- Çeçenistana tez-tez gedib-gəlirdim. Ruslar erməniləri də çeçenlərlə döyüşlərə cəlb edirdi. Mən könüllü olaraq ermənilərlə döyüşmək üçün ora getmişdim. 1996-cı ildən çeçen yaralılarını Azərbaycana müalicəyə gətirirdim. Buna mərhum Heydər Əliyev icazə vermişdi. Sonra mən Cövhər Dudayevin qardaşı oğlu tərəfindən Çeçenistanın “Fəxri vətəndaşı” elan olundum. Çeçenistanda “Qafqaz evi”nin açılışından sonra Salman Raduyevlə mənə qarşı sui-qəsd təşkil edildi. Sağ qolum param-parça oldu. Baş həkim qolumun kəsiləcəyini dedi. Bu zaman Şamil Basayev Xəttabla birlikdə mənim yanıma gəldi. Şamil Basayev həkimlərə nə lazımsa edilməsi üçün tapşırıq verdi. Basayev sağalmağım üçün Almaniyadan həkimlər gətirdi, 300 min dollardan çox pul xərclədi. Çeçenistanda sonrakı müalicəmi də Xəttab öz üzərinə götürdü. Sağaldıqdan sonra - 1997-ci ildə Bakıya qayıtdım. Əvvəlcə Nəsimi rayon travmatologiya mərkəzinə, sonra bura - 5 saylı xəstəxanaya yerləşdirildim. Bunların hamısı rəhmətlik Heydər Əliyevin göstərişi ilə oldu. Ramazan Kadırov hakimiyyətə gələndən sonra Çeçenistanla əlaqələrim kəsildi.

- Heydər Əliyev sizi haradan tanıyırdı?

- O zaman, Heydər Əliyev hakimiyyətə gəlmək ərəfəsində olarkən yaş senzi məsələsini ortaya atmışdılar. Onlar istəmirdilər ki, Heydər Əliyev hakimiyyətə gəlsin. Yaş senzinin aradan qalxması üçün mübarziə aparanlar 70 nəfərə yaxın idik. Onlar arasında rəhmətlik Murtuz Ələsgərov, Sirus Təbrizli, Hacıbala Abutalıbov, Əli Nağıyev də var idi. Heydər Əliyev bu haqda eşidibmiş, yaş senzində göstərdiyim fəaliyyətə görə məni Nazirlər Kabinetinə çağırtdırmışdı. O, mənə təşəkkür etdi. Heydər Əliyev “Naxçıvan” qəzetində haqqımda yazıların verilməsi haqda tapşırıq da vermişdi. 1994-cü ildə 20 yanvarla bağlı tədbir keçirilərkən Heydər Əliyevin göstərişi ilə məni Prezident Administrasiyasına çağırdılar. Amma rəhmətlik Rəfael Allahverdiyev (o zaman Bakı Şəhər İcra Hakimiyyətinin başçısı-red.) mənə çıxış etməyə imkan vermədi. İmkan vermədi ki, Heydər Əliyevə yaxınlaşım. Heydər Əliyev bundan xəbər tutdu. Elə oradaca məni məmurlara tapşırdı. 

-Kimə tapşırdı?

- Bəylər Əyyubova. Heydər Əliyev bunu açıq şəkildə etdi. O zaman Bəylər müəllimlə tez-tez görüşürdüm. O, mənim problemlərimin həllinə çox kömək edib. Bu yaxınlarda da Bəylər müəllimlə qardaşının yas mərasimində görüşmüşük. O zaman da məndən problemlərimin olub-olmadığını soruşdu.

- Rəfael Allahverdiyevdən şikayətləndiniz. Onunla aranızda olan problem nə idi?

- Rəfael Allahverdiyev Əli adlı lənkəranlı iş adamının mənə verdiyi obyekti əlimdən aldı. Bu obyekt “Əhmədli” metrosunun yaxınlığında idi. Bakı Şəhər İcra Hakimiyyəti Ticarət Departamentinin də icazəsi var idi. Sənədlər indi də məndədir. Rəfael Allahverdiyev işdən çıxarıldı, mən obyektin arxasınca gedə bilmədim. Rəfael Allahverdiyev məni öldürmək istəyirdi. Bununla bağlı mətbuat konfransı da keçirmişəm. Məni gözü götürmürdü.

- Prezident İlham Əliyevlə də görüşdüyünüzü demisiniz. Bu necə mümkün oldu?

- 2001-ci ildə Milli Olimpiya Komitəsinin qarşısından Gənclər və İdman Nazirliyinə gedirdim. Ora gələn cənab prezidenti (onda MOK sədri idi) görən kimi yaxınlaşdım. Ona istəyimi - Prezident yanında İdarəçilik Akademiyasında təhsil almaq arzusunda olduğumu dedim. Sonra mədəniyyət naziri Əbülfəs Qarayevin məktubu ilə akademiyaya qəbul olundum. İlham Əliyev tapşırıq verməsəydi, iki-üç ay nazirliyə gedib-gələcəkdim. Elə 2001-ci ildə akademiyaya qəbul oldum.

Daimi olaraq harada çalışmısınız?

- Dövlətin dəstəyi ilə “Milliyyət” Xeyriyyə Cəmiyyəti yaradılmışdı. Orada çalışırdım. Nazirlər Kabineti mənim üçün xüsusi maşın da ayırmışdı. Daha sonra Respublika Əlil və Şəhid Ailələrinin Vətənpərvərlər Cəmiyyəti yaradıldı. Bu adı Heydər Əliyev özü tövsiyə etmişdi. Bu cəmiyyətdə çalışmışam. İndi isə Beynəlxalq Diaspor Mərkəzində Hərbi Vətənpərvərlik Departamentinin rəhbəriyəm. İctimai təşkilatlarda da işləmişəm. Amma dövlət qulluğunda çalışmamışam.

- Hazırda nədən narazısınız? Maddi durumunuz necədir? Problemləriniz nədir?

- Ailəmin sosial problemləri çoxdur. Uşaqlarımın üçü uşaq vaxtından xəstə olub. 4 övladım var - 2 qız, 2 oğlan. Oğlum Ümidlə qızım İlahə ailəlidir. Digər oğlum Zəka və qızım Türkay bizimlə yaşayır. Onların müalicəsi, həyat yoldaşımın müalicəsi, öz səhhətimlə bağlı olan problemlər bizi həmişə maddi sıxıntılarla üz-üzə qalmağa məcbur edib. Həyat yoldaşım II qrup 20 yanvar əlilidir. Müalicə xərclərimiz, dolanışıq dərdi məni bu həyatdan bezdirib. Bilirəm ki, ölkə başçısı mənim səsimi eşitsə, problemlərimin həllinə tapşırıq verəcək. Amma mənim səsimi ona çatdırmaq istəmirlər. Buna mane olurlar. Məni illərlə Prezident Administrasiyasının yollarında get-gələ salıblar, həyatdan bezdiriblər, hər dəfə yola veriblər.

- Sizinlə görüşə gələn şəhid ailələrinin yaxınları bizə dedi ki, intihar etmək istəyirsiniz. Sizcə, bu çıxış yoludurmu?

- Zaur Həsənova əvvəlcə haqq qazandırmırdım. Amma sonradan düşündüm ki, haqlıdır. Elə sıxıntılar yaşayırsan ki, çıxış yolu tapa bilmirsən. Bir dəfə dərman ataraq intihara cəhd etmişəm. Artıq bezmişəm. Mən xalqıma, dövlətimə müraciət edirəm. Mən etdiklərimə görə bu vəziyyətdə çabalamaq istəmirəm. Çarəsizlik məni boğur. Məmurların məni get-gələ salmasından bezmişəm. Dərdimə çarə tapa bilməsəm, 20 yanvar faciəsi günü özümü Şəhidlər Xiyabanında yandıracam. 

Sonda Arif Məhərrəmovun prezident İlham Əliyevə videomüraciətini təqdim edirik: 

İlkin Muradov

Fotolar Vüsalə Abdullayevanındır

Virtualaz.org

◀▶
1670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber