Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

İsmayıllıda üzəduranlara qarşı ictimai qınaq kampaniyası

Sakinlər onlara salam verməmək, xeyir-şər məclislərinə getməmək qərarı veriblər

İsmayıllı olayları ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ismayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının təqsirləndirilən şəxslərin üzünə durması rayon ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Bununla bağlı rayonda ictimai qınaq kampaniyasına start verilib.
AXCP Ismayıllı rayon şöbəsinin sədri Sadiq Umudlu “Azadlıq”a bildirib ki, hər kəs bu kampaniyaya qoşulmalıdır: “Bu insanlara salam verməmək, onların xeyr-şər məclislərində iştirak etməmək lazımdır. Çünki bu adamların əməli xəyanətdir. Əgər bunlar ictimai qınağa tuş gəlməsələr, sabah başqa adamlar da üzə durub insanları şərləməkdən çəkinməyəcəklər. Əgər bu gün biz onları durdurmasaq, sabah bu hadisələr hər birimizin başına gələ bilər, hər birimizin övladları bu adamlar tərəfindən şərlənə bilər. Ona görə də şəxsiyyəti olan hər kəs bu adamlara qarşı mübarizə aparmalıdır”.
Ismayıllı rayonunun Ağsaqqallar Birliyinin sədri, veteran Heybət Balayev bildirib ki, bu qınaq çoxdan olmalı idi: “Nizami Qocayev Ismayıllının rəisi təyin olunan gündən belə hərəkətlərə çox yol verib. Lakin indi biz bu səhvi düzəltməliyik. Polisin şahidləri ifşa olunmalıdır”.
Ismayıllı sakinləri Əflatun Yusifov, Rəvan Xəlilov və Hikmət Musayev bildirib ki, polisin şahidlərinə qarşı münasibətləri pisdir. “Günahsız insanların üzünə durub, yalandan şahidlik edirlər”,- deyə sakinlər bildirib.
Ismayıllı olaylarına görə həbs edilən Səxavət Səmədovun anası Dilşad Səmədova isə deyib ki, onun oğlunu şərləyənləri bağışlaya bilmir: “Oğlum günahsız həbs edilib. Onun heç bir günahı yoxdur. Səhhətində də problem var. Şərləyib həbs ediblər. Yalançı şahidlər də üzünə durublar. Təbii ki, bu üzəduranlara münasibət yaxşı ola bilməz”.
1653 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber