Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

Misirdə “amerikavari” konstitusiya

İki gün davam edən referendumda seçicilərin böyük qisminin yeni layihəni dəstəklədiyi bildirilir; general Sisi prezident olmağa hazırlaşır...
Misirdə konstitusiya referendumu keçirilib. Ən böyük ərəb ölkəsində 2011-ci ildə baş verən inqilabdan və hakimiyyət dəyişikliyindən sonra sayca 3-cü dəfə keçirilən konstitusiya referendumuna xalqın marağı xeyli dərəcədə azdır. Belə ki, Qərb mətbuatının yazdığına görə, referendumun ilk günündə iştirak faizi 50-dən aşağı olub. Eyni zamanda xaricdə yaşayan misirlilərin yalnız 15 faizi səsverməyə qatılıb, ancaq qatılanların əksəriyyətinin layihəyə “hə” dediyi bildirilir.

Qeyd edək ki, 2013-cü il iyunun 30-da Misirdə “Müsəlman Qardaşlar” təşkilatının formalaşdırdığı hakimiyyətə qarşı etirazlar başlayıb, iyulun 3-də isə ordu proseslərə müdaxilə edərək hərbi çevriliş edib, prezident Məhəmməd Mursini həbs edib. Bundan sonra ölkədə müvəqqəti hərbi rejim yaradılıb, məhkəmə hakimi Ədli Mənsur müvəqqəti prezident təyin olunub, Hazim Bilbavinin rəhbərliyi altında müvəqqəti hökumət formalaşdırılıb. Bunun ardınca hökumətdən və ictimaiyyətdən ümumilikdə 50 nəfərlik konstitusiya komissiyası yaradılıb.

Bəzi müşahidəçilərə görə, hərbi çevrilişlə hakimiyyətə gələn ordu yeni konstitusiya ilə mövqelərini möhkəmləndirəcək. Eyni zamanda müşahidəçilər müdafiə naziri Əbdülfəttah əl-Sisinin yeni konstitusiyanın qəbulundan sonra prezident seçiləcəyini ehtimal edir. Yeri gəlmişkən, general Sisi özü Qahirənin şimalında səs verib və bir sıra seçki məntəqələrini gəzib.

Misirdə keçirilən referendumun təhlükəsizliyini 160 min hərbçi və 200 min nəfərə yaxın polisin qorumasına baxmayaraq toqquşmalar və itkilərdən qaçmaq mümkün olmayıb. “Müsəlman qardaşlar” hərəkatının boykot etdiyi referendum zamanı Qahirədə bir neçə universitetdə, paytaxtın Nahiə, Bəni Suef və Kərdəsa bölgələrində, eyni zamanda Sohaq şəhərində baş verən qarşıdurmalarda ölənlərin sayı 11 nəfərə çatıb.

Qeyd edək ki, yeni Misir konstitusiyasına əsasən, ölkə prezidenti 4 ildən bir seçiləcək, eyni adam iki müddətdən artıq prezident ola bilməz. Bundan başqa, Misir parlamenti prezident barəsində təhqiqat aparmaq hüququna sahib olacaq. Yeni konstitusiyada İslam dini Misirdə dövlət dini olaraq qalsa da vətəndaşlara inanc azadlığı verilir, dini azlıqlar dövlətin himayəsində olacaq. Siyasi partiyalar din, irq, cins və coğrafiyaya görə qurulmayacaq.

Son məlumatlara görə, iki gün davam edən referendum zamanı iştirakçı faizi artıq 50-yə çatıb. 52 milyonluq Misir seçicilərinin referenduma qatılanlarının böyük qisminin yeni konstitusiyaya səs verdiyi bildirilir.

KƏNAN/musavat
1637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28