Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2014

Şəhid oğlunun ölümü araşdırılmır

Bu yaxınlarda Qazax rayonu Daş Salahlı kənd sakini Namiq Şərifov redaksiyamıza müraciət edərək 1994-cü ildə Qazaxın Vəlixan meşəsində gedən döyüşlərdə şəhid olmuş qardaşı Natiq Şərifovun bircə oğlu - 1991-ci il təvəllüdlü Vüsal Şərifovun avtoqəza nəticəsində ölümünün heç bir səbəb göstərilmədən araşdırılmadığını bildirib.

Bu münasibətlə müxbirimiz həmin şikayətçi ilə əlaqə saxlayıb.

Qeyd edək ki, əmisinin dediyinə görə Vüsal Şərifov dəfələrlə yunan-roma güləş növü üzrə 96 kq çəki dərəcəsində yüksək nailiyyətlər əldə edib, Azərbaycan çempionu olub.

"Fiziki cəhətdən çox güclü uşaq idi. Hamımız onun gələcəyinə böyük ümidlər bəsləyirdik. Azərbaycanı xaricdə təmsil edəcəyinə inanırdıq. Həmçinin müəllimləri də bunu deyirdi. Lakin..."

Vüsal Şərifov 2013- cü il dekabrın 10-da avtoqəza nəticəsində dünyasını dəyişib. Bununla bağlı əli çatan, ünü yetən hər yerə müraciət etdiyini deyən Namiq Şərifov heç bir nəticə əldə etmədiyini qeyd edib.

"Avtoqəzaya səbəb olan avtomobil də məlumdur, şəxslər də məlumdur. Amma onlar azadlıqda gəzir. Arada şəhidin çempion oğlunun qanını batırırlar. Qazax polisinə də, Baş Prokurorluğa da, prezidentə də, birinci xanıma da müarciət etmişik. Amma hələ də bizə cavab verilməyib".

O əlavə edib ki, bütün məktublarına eyni səpkidə cavab gəlir: "Məktubunuzu aldıq, müvafiq qaydada baxılacaq".

"Anlaya bilmirəm, bu "müvafiq qayda" nə deyilən şeydir. Mən belə başa düşürəm, bu o deməkdir ki, işiniz müvafiq qaydada yola veriləcək, sizsə süründürüləcəksiniz... Görünən mənzərə də odur ki, bunlar məni və Vüsal Şərifovun doğmalarını doğrudan da yola verirlər, get-gələ salırlar".

Hadisənin üstündən bir aydan artıq bir vaxt keçməsinə baxmayaraq hələ də istintaq uzadılır. /musavat/
1682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13