Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2013

Məkkədən şikayət var

Hər il olduğu kimi, bu il də zəvvarlar problemlərin olduğunu yazırlar
Artıq Həcc ziyarəti əsas əməl olan Qurban bayramı ərəfəsindədir və zəvvarlarımızın hamısı müqəddəs torpaqlardadır. Bu məsuliyyəti üzərimə götürüb deyim ki, böyük əksəriyyəti hazırda çox ciddi problemlərlə üz-üzədirlər.
Builki Həccin əvvəlkilərdən bir fərqi də var ki, QMİ sədri Məkkədə Həcc əməllərini özü etməməsi bir yana, seçkiyə başı qarışdığından zəvvarların məişət problemləri ilə də qəti şəkildə maraqlanmayıb. Və təəssüf ki, problemlər də onları bu ilahi missiyalarını başa vurub doğma vətənə dönənə qədər təqib edəcək. Söhbət heç də Həcc əməllərinin çətinliklərindən getmir. Təbii ki, bəzən bu əməllər də zəvvarlarda yorğunluq, hətta yaşlı və zəiflərdə fiziki sarsıntıya səbəb olur. Amma adətən bu yorğunluq məhz fiziki olur, mənəvi cəhətdən isə zəvvarlar bu çətinlikləri dəf etməkdən zövq alırlar, bunu bir İlahi nemət kimi, savaba qovuşmaq vasitəsi kimi dəyərləndirirlər. Ancaq burda söhbət Qafqaz Müsəlmanları İdarəsinin “səyləri” nəticəsində yaranan maneələrdən gedir. Təəssüf ki, bir çox hallarda zəvvarlarımız təşkilatçılıqla bağlı yaranan problemlərdən əziyyət çəkir.
Hər il olduğu kimi, QMİ bu ilki Həcc ziyarətini də “ənənəvi şüar” altında təşkil edib: “Hər bir əməlin savabı ona çəkilən əziyyət qədərdir”. QMİ də əlindən gələni əsirgəməyib ki, Azərbaycan dindarları Məkkədə bütün dünya müsəlmanlarından daha çox savab qazansınlar. Aşağıdakı məlumatları QMİ-nin yarıtmaz Həcc təşkilatçılığının təngə gələn zəvvarlardan biri qəzetimizə yollayıb.
Oktyabrın 5-i Heydər Əliyev adına beynəlxalq hava limanından yola düşməli olan zəvvarlarımız vaxtında hava limanına gəlsələr də, həmin gün Səudiyyə Ərəbistanına 2 təyyarə uçmalı olduğu halda, zəvvarlara məlumat verilib ki, təyyarələrin mühərriklərində baş verən nasazlıq səbəbindən uçuş 5-i yox, 6-sı tarixində həyata keçiriləcək. Nəticədə zəvvarların böyük əksəriyyəti hava limanında gecələməli olub. İki təyyarənin ikisində də nasazlıq, özü də məhz mühərrikində nasazlıq olması ciddi təsadüf olmalıdır.
Yeri gəlmişkən, təyyarə məsələsi artıq neçə ildir təkrar olunan problemə çevrilib. Ötən il dini idarə xərcləri azaltmaq naminə ən ucuz aviaşirkət kirayələdiyi bildirilirdi. Hətta o zaman “Həcc monopolisti” QMİ-nin “ucuz şorba” sevdası ucbatından Azərbaycan zəvvarlarının həcci ümumiyyətlə baş tutmama təhlükəsi ilə üzləşmişdi. Bu il Həcc qiymətlərinin 3250-4150 AZN arasında olması belə düşünməyə əsas verir ki, Fransa aviaşirkəti daha yaxşı xidmət göstərəcək. Hər halda, hər şey ziyarət başa çatanda daha aydın olacaq.
Daha bir narazılıq yaradan məqam qrup rəhbərləri kimi ayrılan bəzi “ruhanilərin” şəriət qaydalarını bilməməsi və ya əməl etməməsidir. Zəvvarların verdiyi məlumata görə, Miqatdan başlayan Həcc ziyarəti zamanı qaydaya görə zəvvar orada ehrama girərək gün batandan sonra Məkkəyə yola düşməli olduğu halda, başbilən mollalarımız işləri bitənədək orda qalır və yalnız bütün məsələlərini yola verdikdən sonra dini ayinlərin icrasına başlayırlar. Bu məlumatlı olan möminlərdə narazılıq yaratsa da, etirazlara məhəl qoyulmayıb.
Mənbəmizin dediyinə görə, zəvvarlarımızın bir hissəsinin Məkkədə yerləşdirildiyi “Əl Nuzha” oteli ilə bağlı xeyli narazılıq doğuran məqamlar var.
Zəvvarlara gündə 2 dəfə vəd edilən yemək də bu qəbildəndir. Qiymətlərin kifayət qədər baha olmasına baxmayaraq, dini idarə bir çox hallarda zəvvarlara gündə yalnız bir dəfə yemək verir. Bəlkə İdarədə düşünüblər ki, qoy müsəlmanların öncül dəstəsi bərkdən-boşdan çıxsın, məhrumiyyətlər şəraitində acından ölməmək, mübarizə aparmaq bacarığına yiyələnsin?
Daha bir maraqlı məsələ, əvəzedici ziyarətdir. Belə ki, mənbəmiz deyir ki, bəzi qrup rəhbəri olan mollalarımız xəstə və ya yorğun zəvvarlara 200 dollar müqabilində onların əvəzinə həcc əməllərini yerinə yetirməyi təklif edirlər. Qeyd edək ki, ziyarət davam edir və Həccin ən əsas əməllərindən olan Qurban mərasimi və Həcc ziyarəti başlayır. Əlbəttə, bu məlumatda qeyd olunanlar bir qrup zəvvarın fikridir, digər zəvvarların bununla razılaşmaması mümkündür. Ancaq o da var ki, demək olar ki, hər il Həcc ziyarətinin təşkili ilə bağlı ciddi narazılıqların və şikayətlərin şahidi oluruq. Ötən gün yazı saytda gedəndən sonra Məkkədə ziyarətdə olduqlarını yazan bəzi oxucular QMİ-nin həcc ziyarətini təşkilindən narazı olduqlarını bildiriblər.

KƏNAN/Müsavat
1889 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...