Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

Bakı küçələrində qəzet satan Qarabağ qaziləri toplandı

Bakıda qəzet satışı həyata keçirən sahibkarlar prezidentə müraciət etdilər
Yanvarın 17-də media yayım firmalarının təmsilçiləri və qəzet rəhbərləri Bakı Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində səyyar satışa rəsmi qadağa qoyulması ilə bağlı «Gündəm-Xəbər» qəzetinin redaksiyasında mətbuat konfransı keçiriblər.

Səyyar satışın ləğv olunmasından ən çox zərbənin öncə media yayım firmalarına daha sonra isə redaksiyalara dəyəcəyini deyən «Gündəm Xəbər» qəzetinin təsisçisi Şirin Cəfəri artıq bu zərbənin ilkin simptomlarının yayım firmalarının öz üzərlərində hiss etdiklərini bildirdi.

Şirin Cəfəri əlavə etdi ki, səyyar satışlar həftədə bir, bəzən iki dəfə qəzetlərə hesabat verərək, satılan nüsxələrin pulunu təqdim edirlər. Yayım firmaları isə bu vəsaiti yalnız bir və ya iki ay sonra mətbu orqanlarına çatdırırlar: «Azərbaycanın demokratik dövlət olduğu bəyan edilir. Əgər belədirsə, o zaman nəyə görə səyyar satış ləğv olunur. Qəzetlərin səyyar satışı ləğv olunacaqsa demokratiyadan danışmağa dəyməz. Hazırda bizim 135 min cəriməmiz var. Bu üzdən hesabımız bağlıdır. Bu tərəfdən də yayımı sıradan çıxarırlar. Biz nə etməliyik? Ailəmizi necə dolandırmalıyıq. Bizim bir çıxış yolumuz qalır, ölkəni tərk etmək. Çünki tənqidlərimizə görə heç yerdə iş tapa bilməyəcəyik».

Artıq, bir neçə yayım firmasının bağlanmaq təhlükəsi ilə qarşılaşan fərdi sahibkar İbad Manafov məlum qərardan sonra satış mərkəzlərinin yığışdırıldığını deyən çıxışçı məsələ ilə bağlı bu gün prezident aparatı İctimai-siyasi şöbəsinin rəhbərinin müavini Ərastun müəllilmlə görüşdüklərini söylədi. «Ümid edirik bu görüşdən sonra məsələ öz müsbət həllini tapacaq. Hesab edirəm ki, 7 ildir ki, qanuni lisenziya ilə fəaliyyət göstərdiyimizdən Bakı Şəhər İcra hakimiyyətinin yayımla bağlı verdiyi qərar öz-özünü inkar etdiyindən qanunsuzdur. Məsələ ilə bağlı həm Mətbuat Şurasına, həm də Ombudsmana da müraciət etmişik».

Redaksiyaların əsas maliyyə mənbələrinin səyyar satışdan formalaşdığını xatırladan Şirin Cəfəri bu məqsədlə media qurumlarının yayım firmalarının çökməsinin qarşısını almaq ücün konkret təkliflər planı ilə cıxış etməklərinin vacib olduğunu bildirdi: «Gündəlik qəzetlər həftədə bir dəfə nəğd şəkildə səyyar satışın hesabına əmakdaşlarının gündəlik ehtiyaclarını qarşılayır. Redaksiyaların bu imkanlardan məhrum edilməsi onların əməkdaşlarına qonarar verməsini əngəlləyir ki, nəticədə bu da qəzetlərin bağlanması ilə nəticələnə bilər».

Qəzet satışı firmalarından birinin rəhbəri İbad Manafov çıxışında bildirdi ki, 2014-cü il üçün də lisenziya ilin əvvəlindən alınıb. Amma, bu sənəd Səbail Rayon Polis İdarəsinin reydləri zamanı qanunsuz sayılıb: «Bir saatın içərisində bizim lisenziyamız ləğv olundu. Bizə dedilər ki, siz şəhəri çirkləndirirsiniz. Xarici ölkələrdə mətbuat yayımına qarşı bu cür münasibət yoxdur. Bizim əməkdaşların əksəriyyəti Qarabağ əlilləridir. Artıq, bizim son çörək pulumuza da əl atırlar. Əgər bu addımlar davam etsə biz rəsmi şəkildə vətəndaşlıqdan imtina edəcəyik.

«Azad yayım» səyyar satış firmasının nümayəndəsi İntiqam Aslanov isə əməkdaşları polisin təzyiqləri, cərimələri üzündən artıq qəzet satışı ilə məşğul olmaqdan ehtiyat etdiklərini dedi: «Yayım Assosasiyası»nın sədri Yaşar Zeynalov qeyd etdi ki, artıq bir ildir ki, qəzet yayımı ilə məşğul olanlar müxtəlif yerlərdə, müxtəlif vaxtlarda təzyiqlərlə üzləşir. Onun sözlərinə görə, son addımların araşdırılması göstərdi ki, bu tədbirlər birbaşa meriyanın göstərişi ilə reallaşdırılıb. Y.Zeynalov təklif etdi ki, növbəti görüş qəzet redaktorlarının iştirakı ilə yaxın günlərdə Mətbuat Şurasında keçirilməlidir. Ona qədər isə yayım firmalarında çalışanların, qəzet redaksiyalarının əməkdaşlarının imzası ilə dövlət başçısına məktub ünvanlanmalıdır: «Məktubda xüsusilə vurğulanmalıdır ki, meriya Bakıya 300 yeni köşkün gətiriləcəyini deyir. Buyursunlar həmin köşkləri ilk olaraq bura toplaşan yayım firmalarına təklif etsinlər. Biz də həmin köşklərdə qəzet satışını reallaşdıraq”.
«Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev isə bildirdi ki, hakimiyyət ücün Qarabağdan da vacib məsələ azad mətbuatla mübarizə aparmaqdır. Neft pulları hesabına bir neçə obyekt tikərək onu ölkənin inkişafı kimi təqdim etmək yalnız Azərbaycan hakimiyyətinin ağlına gələr: «Dünyanın ən çirkli şəhərlərindən biri olan Bakıda birdən-birə məlum olur ki, qəzet satanlar şəhəri çirkləndirir. Bakının hər yerində ət, balıq, meyvə satılır. Bu fəaliyyət şəhəri çirkləndirmir, amma qəzet satışı çirkləndirir. Uzun müddətdir ki, Azərbaycan hakimiyyəti azad, tənqidçi mətbuatı sıradan çıxarmaq istəyir. Ölkədə xeyli sayda qəzet var. Həmin qəzetlərin rəhbərləri üçün onların satılıb-satılmaması böyük əhəmiyyət daşımır. Əgər 90-cı illərin sonunda Azərbaycanda mətbuatın 70 faizi müstəqil idisə, hazırda söhbət 1-2 faizdən gedir. Son bir ildə mətbuatın susdurulması istiqamətində fantastik məhkəmə cərimələri, qanunsuz məhkəmə qərarları qəbul olunur, əldə qəzet satışına ümumiyyətlə son qoymaq istəyirlər. Dövlət vətəndaşa xidmət etməlidir. Dövlət vətəndaşın işləməsi üçün şərait yaratmalıdır. Axı mən qəzet satıram, adamlara problem yaratmıram, axşam saatlarında küçələrdə maşını yüksək sürətlə sürüb, siqnal vermirəm»./musavat/
1628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...