Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2014

"Bir rəhmət olaraq göndərilib"

Hacı Elşən Mustafaoğlu: "Peyğəmbər (s) bəşəriyyətə təqdim etdiyi ilahi dəyərlər ilə dünyada yeni bir sivilizasiyanın təməlini qoymuşdur"

Bu həftə mövlud həftəsidir. Aləmlərə rəhmət olaraq göndərilən Həzrəti Muhəmmədin (s) mövlud günlərini yaşayırıq. Bu mübarək mövlud münasibətilə "Mənəvi Saflıq" ictimai birliyinin sədri, ilahiyyatçı Hacı Elşən Mustafaoğlu "Deyerler.org" vasitəsilə xalqımızı və dünya müsəlmanlarını təbrik edir. Elşən Mustafaoğlu bunları deyib:

"Quranda buyurulduğu kimi, Həzrət Məhəmməd (s) bütün aləmlərə bir rəhmət olaraq göndərilib. Odur ki, əziz oxucular, dəyərli millətimiz və İslam ümməti də daxil, bütün bəşəriyyəti son Peyğəmbərimizin (s) mövlud günü münasibətilə təbrik edirəm.

Bəşər övladı qədimlərdən bu yana insanlıq tarixində müsbət iz buraxıb getmiş dahi şəxsiyyətlərin təvəllüd gününü qeyd edir, bununla da onların insanlıq üçün verdiyi faydalara görə öz minnətdarlıq hissini ifadə edir. Belə günlərin qeyd edilməsi həmin şəxsiyyətlərlə bərabər, onların bəşəriyyətə verdiyi töhfələri bir daha insanlara xatırlatmış olur.
Həzrət Məhəmməd Peyğəmbər (s) bəşəriyyətə təqdim etdiyi ilahi dəyərlər ilə dünyada yeni bir sivilizasiyanın təməlini qoymuşdur. Həmin ilahi mesajlar insanların şüuruna və qəlbinə ünvanlanmış, bu mesajları doğru-düzgün qəbul etmiş şəxslərin dünyagörüşü və mənəvi-ruhani halını, bununla da həyat tərzini tamamilə dəyişdirmişdir. Həzrət Peyğəmbər (s) cəhalət və mənəvi böhran içində yaşayan cəmiyyətdə ilahi vəhy ilə bir nur yandırmış, onun vasitəsilə insanları qaranlıq dünyadan işığa doğru səsləmişdir. Bu nur onun gətirdiyi və insanlar üçün öyrətdiyi Qurandır. Peyğəmbərin (s) bu çağırışı dövrünün insanları ilə məhdudlaşmamış, bütün zaman və məkanlarda yaşayan insanlar üçün həmişəyaşar olmuşdur. Harada və nə zaman yaşamasından asılı olmayaraq, o insanlığa üç ilahi dəyərə sahib çəxmağı öyrətmişdir - sağlam əql, sağlam mənəviyyat-ruh və saleh əməl. Millətindən, irqindən, dilindən, sosial mənşəyindən, cinsindən asılı olmayaraq, hər bir İNSAN üçün qucaq aşan bu dəyərlər həm fərdin, həm də bütövlükdə cəmiyyətin sağlam həyatı üçün möhkəm bir qarantdır. Həzrət Məhəmməd peyğəmbər (s) öz həyatı ilə bu dəyərləri əyani şəkildə gerçəkləşdirmiş, Quranda buyurulduğu kimi, insanlığa ən gözəl nümunə olmuşdur.
Bu mövlud günü bir simvolik gün olaraq, bizlər üçün həmin dəyərlər barəsində bir daha düşünməyə fürsət yaratmış olur.

Bu gün həm də Həzrət İmam Cəfər Sadiqin (ə) təvəllüd günüdür. O, öz məhsuldar həyatını qeyd etdiyimiz dəyərlərin insanlar içində doğru-düzgün qorunması və yayılmasına həsr etmişdir. İmam Cəfər Sadiq (ə) Mədinədə böyük bir İslam maarifinin, akademiyanın əsasını qoymuşdur. Elm, təfəkkür, əql, düşüncə, intellekt baxımından İslam tarixində təkanverici bir qüvvəyə çevrilən həmin o məktəb sonrakı dövrlərdə də İslam aləmində elmin bir növ özülü rolunu oynamışdır. O, bir Əhli-beyt (ə) imamı olaraq dini dəyərləri insanlara düzgün şəkildə təqdim etmiş, dini hər cür təhriflərdən qorumağa çalışmışdır.

Günümüzdə dünyada din, İslam adı ilə baş verənləri gördükdə Peyğəmbərin (s) gətirdiyi dəyərlərin düzgün mənimsənilməsinə nə qədər böyük ehtiyac olduğunu dönə-dönə anlamış oluruq! Və şahidi oluruq ki, din düzgün mənimsənilmədikdə, ondan hansı məkrli niyyətlər üçün istifadə oluna bilir. Bəşəriyyəti səadətə yetişdirmək üçün gələn din təhlükə mənbəyinə çevrilir! Bax, bunları gördükdə bir daha anlayırıq ki, Peyğəmbərin (s) gətirdiyi dini düzgün yaşatmaq və ondan ilahi fayda əldə etmək üçün onun bizlərə qoyub getdiyi iki dəyərli əmanətə - Quran və Əhli-beytə sarılmaq nə qədər önəmlidir. İmam Cəfər Sadiqin (ə) də yaratdığı sözügedən məktəb Əhli-beyt (ə) yolunu bütün dünyaya yaymış olan bir məktəbdir. Bu gün onun mövludunuqeyd etdikdə, bu məqamları da nəzərə almalı, həmin məktəbin müdavimi olmağa çalışmalıyıq. Həm də söz və iddia ilə deyil, əməlimizlə!
Allah bizləri Özündən və Ona doğru gedən Quran, Peyğəmbər və Əhli-beyt yolundan uzaq salmasın. Bir daha mövlud günü münasibətilə hər birimizi, bütün bəşəriyyəti təbrik edirəm".
1633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber