Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2014

Niyə yalan danışırsınız, Rövnəq Abdullayev?

«Sıravi bir işçinizi - arxası-dayağı olmayanı - haqlı olduğu halda niyə müdafiə etmirsiniz?»

Düzü, belə şikayətlər redaksiyamıza müntəzəm olaraq daxil olur, amma bu analoqu olmayan, maraqlı insident həqiqətən də baş verib. Buna bir vətəndaşın əcaib şəkildə işdən uzaqlaşdırılması da demək olar. Bu əsrarəngiz olay həm də bariz bir diktatura nümunəsidir. Odur ki, zərərçəkənin ARDNŞ prezidenti və ölkə ictimaiyyətinə ünvanlanmış müraciətini olduğu kimi dərc edirik.

Cənab Rövnəq Abdullayev! Mən Sizə Əmək Şəraiti normalarının işlənməsi Idarəsinin (bundan sonra ƏŞNII) rəisi Telman Məhəmmədovun mənə qarşı qərəzli hərəkətlərindən və qanunsuz əməllərindən dəfələrlə şikayət etmişəm. Hətta “Facebook” səhifəsində də sizə şikayət ünvanladım. Ancaq heç bir araşdırma aparmadan 2013-cü ilin may ayında, sizin “Facebook”da verdiyiniz müsahibədə məni intizamsız işçi kimi qeyd etdiniz və işdən qovulduğumu ictimaiyyətə açıqladınız.

Nəzərinizə çatdırıram ki, bu müraciəti yazan ana qədər, yəni 2014-cü ilin yanvar ayının 18-nə qədər mən həmin idarədə və həmin vəzifədə işləyirəm. Hazırda idarə müdiri sizin bu “yanlış”ınızı həyata keçirmək üzrədir (məlum oldu ki, bunu də xüsusi olaraq, hazırlayıblar). Belə ki, mənə bu ayın 14-də sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verildi.

Hardasa oxumuşdum ki, Stalininin hər çıxışından sonra buraxdığı səhvlərə görə rus dilinin qrammatikasına düzəlişlər edirlər... Bunun bir lətifə olmadığını bu günlər dərk etdim... Sizin yanlış olaraq, səhv məlumat alaraq, məni işdən azad etməniz, məni, bir azərbaycanlı ailəsini çarəsiz durumda buraxır.

Bildirirəm ki, 15 (on beş) il Neft Sənayesində çalışdığım zaman ərzində mənə indiyə kimi heç bir intizam tənbehi verilməyib. Heç bir vaxt üzrsüz səbəbdən işə gecikməmişəm və iş buraxmamışam. Əks halda bunlara görə məndən indiyə kimi izahat alınardı və tədbir görülərdi. Yox, mənə qarşı bunların əksi iddia olunursa, onda bu hərəkətlərin gizlədilməsində Telman Məhəmmədovun marağı olub.

Bildirirəm ki, Telman Məhəmmədovun qanunsuz əməllərini müdafiə edən şəxslər mənim haqqımda sizə yalan məlumat veriblər. Çünki T.Məhəmmədovu başqa cür müdafiə etmək mümkün deyildi, faktlar göz qabağındadır.

Hələdə T.Məhəmmədovun mənə qarşı təzyiqləri davam edir. Sizin “sözünüzü yerə salmamaq üçün” məni işdən qovmağa bəhanələr axtarır. Əslində sizin çıxışınız da daxil olmaqla hər şey onun planlaşdırdığı kimi gedir. Telman Məhəmmədovun əməllərini sizə və ictimaiyyətə açıqlayıram. Hər şey onun mənə alternativ tapmasından sonra başladı.

2013-cü ildə idarədə keçirilən auditin nəticələrini bəhanə edərək aidiyyəti olmayan səbəblərə görə mənə mart ayında töhmət verdi. Töhmətin qanunsuz olmağı bir tərəfə, tarixi isə mən işdə olmadığım vaxta, yəni istehsalatdan ayrılmaqla kursda olduğum vaxtda verilmişdir. Bu qanunsuz hərəkətlərini ona deyəndə, əmri dəyişdirib aprel ayında təkrar mənə töhmət verdi. Töhmət verilərkən Əmək Məcəlləsinin bir neçə maddələri pozulmuş, mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma toxunulmuşdur. Sizə şikayət ərizəsi yazan vaxtı ARDNŞ-nin Auidit Departamentinin rəisi Əliheydər Süleymanov məni və Telman Məhəmmədovu yanına çağırdı. Məndən şikayətimin nədən olduğunu soruşduqdan sonra məndən öz xoşumla şikayətimi geri götürməyi tələb etdi. Lakin mən razılaşmadığımı bildirdim, bu işi araşdırmağı xahiş etdim. O zaman Ə.Süleymanov, “əgər şikayətini geri götürməsən sənə pis olacaq” sözləri ilə mənə hədə-qorxu gəldi. Bir müddət sonra isə Sizə ünvanladığım ərizəmə Əliheydər Süleymanovun icrası və vitse-prezident Mikayıl Ismayılovun imzası ilə mənə şikayətimin əsassız olduğu haqda cavab göndərildi. T.Məhəmmədov hər dəfə ixtisasım üzrə işləmədiyimi bəhanə edərək məni hədələyir. Mən onu başa sala bilmirəm ki, heç bir ali təhsil məktəblərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssis yetişdirən fakültə yoxdur. Bu peşə ancaq istehsalatda formalaşır. Mənim də bu ixtisas üzrə on bir il iş stajım var. Iki dəfə Neft Şirkətinin Təlim-Tədris və Sertifikatlaşdırma Mərkəzində keçirilən kursların birində ən yüksək imtahan balını yalnız mən almışam. Ancaq onun rəhbər işçi kimi təyin elədiyi şəxslərin ixtisasları bunlardır - zootexnik, kitabxanaçı, müxtəlif fənnlər üzrə (fizika, ədəbiyyat, biologiya, ibtidai sinif) müəllimlər, bir sözlə, neft sənayesinə aid olmayan bütün ixtisaslar... Həttda orta ixtisas təhsilli işçillərin belə əməyin ödənilməsi üzrə dərəcələri məndən yüksəkdir. Mühasibatlığın fəaliyyaəti haqda prokurorluq işçiləri tərəfindən araşdırma aparılması daha məqsədə uyğundur.

Sizdən soruşmaq istəyirdim, niyə sıravi bir işçinizi arxası-dayağı olmayan birini haqlı olduğu halda müdafiə etmirsiniz? Gücünüz ancaq himayəsində 20 Yanvar əlili olan, Qarabağ müharibəsi iştirakçısı, nəhayət, məcburi köçkünəmi çatdı?

Bəlkə də bir şirkət prezidenti kimi öz məmurunuzun qanunsuz əməllərini müdafiə etməyiniz başa düşmək olardı, lakin məsələ burasındadır ki, mən də şirkətdə 15 ildir can qoyanlardanam. Bundan başqa, bir deputat kimi sizində iştirakınızla qəbul edilən və prezident tərəfindən təsdiq edilən qanunları tapdayan, saymayan və onlara tüpürən bir şəxsi müdafiə etmək heç bir çərçivəyə sığmır. T.Məhəmmədov kimilərinə görə öz nüfuzunuza və imicinizə xələl gətirməyinizi anlamaq mənimçün çox çətindir.

Öz gücünə (!?) idarə açdırdığını iddia edən və bununla daima lovğalanan T.Məhəmmədov işçilərlə ağa-nökər münasibəti ilə rəftar edir (Sual olunur, bəs onda bu idarəyə milyonlar ayıran dövlət necə olsun?). Mənə isə “get kimə istəyirsən şikayət elə, nə edirəm, yaxşı edirəm, mənə heç kim heç nə edə bilməz” deyə hədə-qorxu gəlir. Görünür, T.Məhəmmədov öz yerlilərinə və dostlarına çox arxayındır. Bunu heç gizlətmir də. Qanunsuz hərəkətlərinə görə cəzasız qaldığından mənə qarşı daha da aqressivləşib.

Nəhayət 14 yanvar 2014-cü il tarixində yenə də qanunsuz olaraq mənə sonuncu xəbərdarlıqla şiddətli töhmət verdi. Heç bir əsas tapa bilməyən T.Məhəmmədov mənim hazırladığım sənədləri oğurlayıb (!) məhv edərək, həmin sənədlərin olmadığını bəhanə etdi. Lakin onun əməllərini ifşa edəcək qədər məndə faktlar və sənədlər var. Əgər obyektiv araşdırma aparılsa, vəzifəli şəxsin işçisi ilə qərəzli münasibətinə və vəzifə səlahiyyətini aşdığına görə T.Məhəmmədovu cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət qədər faktlar mövcuddur. Ən asan yol yəqin ki, məni işdən qovmaqdır, çünki T.Məhəmmədovun əməllərinin böyük bir qisminin ucunun hara gedib çıxdığını bilirəm. Yox, siz bunu istəməsəniz və əvvəlki dəfə kimi onu müdafiə etsəniz, əlbəttə, məni cəzalandıracaqsınız. Onsuz məni artıq mayda işdən qovmusunuz...

Lakin mən əsla dayanmayacam, mənə olan təzyiqlərin, hədələrin ictimaiyyətə, hüquqi çərçivədə Avropa Məhkəməsinə qədər gedib çıxması üçün əlimdən gələni edəcəm.

Məni ancaq fiziki cəhətdən məhv etməklə susdurmaq mümkündür.

Azay Şirinli, ARDNŞ-in Əmək Şəraiti Normalarının Işlənməsi Idarəsinin ƏM və TT üzrə mühəndisi

P.S. Bu məktubla əlaqədar şirkətin mətbuat xidməti ilə əlaqə saxlasaq da, bizə yalnız bir neçə günə cavab verəcəklərini bildirdilər. Onların da mövqeyini dərc etməyə hazır olduğumuzu bəyan edirik./azadlıq/
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber