Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Ərdoğanın “əl-Qaidə” ilə nə alveri...

Türkiyədən Suriya istiqamətinə gedən TIR-larda silah-sursat aşkarlanıb; polisin keçirdiyi bu əməliyyat baş naziri beynəlxalq terror şəbəkəsi ilə bağlamaq səylərinin bir hissəsi ola bilər

Yanvarın 19-da Türkiyə polisi Adana vilayətində Suriya istiqamətində hərəkət edən TIR-ları saxlayaraq axtarışlar aparıb.

Virtualaz.org saytı  Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, günün ikinci yarısında polislər və jandarmlar Tarsus-Adana-Qaziantep şose yolunda 3 TIR-ı saxlayıb.

Yük maşınlarının silah-sursat daşıdığı haqda əməliyyat məlumatlarının olduğunu bildirən təhlükəsizlik qüvvələri əməkdaşları TIR-larda axtarış aparıblar. Axtarış zamanı uzaq məsafədən partlayıcı qurğunun işə salınmasını əngəlləmək üçün xüsusi siqnal pozan qurğu yerləşdirilib, mümkün partlama ehtimalına qarşı təhlükəsizlik tədbirləri görülüb. Jurnalistlər hadisə yerinə yaxın buraxılmayıb.

TIR-larda aparılan ilkin araşdırmalardan sonra 3 sürücü əlləri qandallanaraq həbs olunub. Maşınlarda daha ətraflı araşdırma aparmaq üçün TIR-lar şose yolundan kənara çəkilib. Rəsmi məlumat verilməsə də TIR-larda silah-sursat aşkarlandığı haqda xəbərlər var. Daha sonra həmin şose yolunda 4 TIR-da saxlanılıb və axtarışlar başlayıb. Saxlanılan TIR-ların fotolarını çəkən jurnalistləri polis saxlayıb.

Suriyaya gedən TIR-larla 17 dekabr həbslərinin bağlılığı

Suriya istiqamətinə gedən TIR-larda  daşınan silah və sursatın qarşısını almaq üçün Türkiyə polisinin keçirdiyi əməliyyat AKP hökuməti və baş nazir Ərdoğanla ölkənin polis, prokurorluq və ədliyyə sistemində kifayət qədər möhkəm mövqelərə malik Fətullah Gülən təriqəti arasında dekabrın 17-dən etibarən kəskinləşən mübarizə fonunda baş verir.

Bundan əvvəl polis Adanada Suriyaya gedən TIR-ı saxlamışdı və məlum olmuşdu ki, yük maşınını Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşları müşayiət edir. Nəticədə TIR-d axtarışa icazə verilməmişdi və axtarışın aparılması barədə sanksiya çıxaran prokuror, habelə TIR-ı saxlayan polislər və onların rəisləri dərhal işdən azad edilmişdilər.

Baş nazir Ərdoğan bu əməliyyatı ona və hökumətinə qarşı başladılan “çevriliş planının” bir hissəsi adlandırmışdı.

Baş nazirin dediyinə görə, TIR Suriyadakı türkmənlərə humanitar yardım aparırdı və onu saxlayaraq silah axtarmaq istəyənlər hökuməti “əl-Qaidə” ilə işbirliyində ittiham etmək istəyən qaranlıq qüvvələrə xidmət edir.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı hazırda “əl-Qaidə”nin iki qolu - “əl-Nusra briqadası” və “İraq-Şam İslam Dövləti” vuruşur. Bu qruplaşmalar dünyəvilik tərəfdarı olan müxaliflərin cəmləşdiyi Azad Suriya Ordusuna da hücum edir, eyni zamanda son vaxtlar bir-birləri ilə də döyüşür.

Türkiyənin Suriya müxalifətinə dəstəyi

O da sirr deyil ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı etirazlar başlayandan Ərdoğan və hökuməti müxaliflərə dəstək verib. Ərdoğan Bəşər Əsədin qanlı əməllərini ən sərt şəkildə pisləyən siyasi liderlərdən biri olub. Bunda hansısa başqa məqsəd axtarmaq məntiqli görünməzdi. Çünki Türkiyə Bəşər Əsədin öz xalqını kütləvi qırmasına haqq qazandıran ölkələr sırasında olsaydı, dərhal nüfuzdan düşərdi.

Suriyada etirazlar qanlı vətəndaş müharibəsinə keçəndə Türkiyə suriyalı müxaliflər və onların ailə üzvlərinin sığındığı ölkələrdən biri halına gəldi. Həmçinin Suriyada “əl-Qaidə” indiki kimi güclü olmayanda ABŞ başda olmaqla Qərb ölkələri Əsədə qarşı döyüşən Azad Suriya Ordusuna silah, pul, texniki avadanlıqlarla dəstək verirdi. O da sirr deyildi ki, bu yardımın suriyalı müxaliflərə çatdırılmasında Türkiyə ciddi rola malik idi.

Vəziyyət dəyişir, səhnəyə “əl-Qaidə” çıxır

Lakin sonradan vəziyyət dəyişdi. Başda Səudiyyə Ərəbistanı olmaqla ərəb ölkələrinin güclü maliyyə dəstəyi sayəsində Suriyada “əl-Qaidə”yə bağlı radikal islamçı qruplar təşəbbüsü ələ aldı.

Bu günlərdə həmin qruplar Suriyanın Türkiyə ilə sərhəddəki sərhəd-keçid məntəqələrindən birinə də nəzarəti ələ alıblar. Suriyanın Türkiyə ilə sərhəd şimal bölgələrinin xeyli hissəsinə hazırda bu qruplar nəzarət edir. ABŞ və digər Qərb ölkələri isə Suriya müxalifətinə göndərilən yardımların “əl-Qaidə”nin əlinə keçəcəyindən ehtiyat edərək yardımları kəsib.

İHH adlı yardım təşkilatına basqın Ərdoğanı qəzəbləndirir

Və belə bir vaxtda Türkiyədən Suriyaya gedən və silah-sursat apardığı deyilən TIR-ların saxlanılması üçün dalbadal əməliyyat keçirilir. Əməliyyatı keçirən polislər Suriyadakı “əl-Qaidə”çilərə silah daşındığı haqda məlumat əsasına hərəkət etdiklərini deyirlər.

Yaxud ötən həftə Türkiyə polisinin “əl-Qaidə”yə qarşı keçirdiyi əməliyyatda İHH adlı humanitar yardım təşkilatının ofisində axtarış aparılıb. Türkiyə üzərindən Suriyaya daşınan yardımların böyük hissəsini İHH koordinasiya edir. Bu axtarış dərhal baş nazir və onun hökuməti tərəfindən pislənildi. İHH vaxtilə Qəzzaya “Mavi Mərmərə” gəmisində yardım aparan missiyanın əsas təşkilatçısı idi və İsrail bu təşkilatı “əsas düşmən” olaraq görür.

Korrupsiya və rüşvət təəcüblü görünmədi

Dekabrın 17-də üç nazirin oğlu da daxil olmaqla onlarla vəzifəli şəxs, iş adamı həbs olunanda baş nazir Ərdoğan bunu nə qədər öz hökumətinə qarşı çevriliş planı adlandırsa da onun arqumentləri tutarlı görünmürdü. Çünki əməliyyatın hansı məqsədlə keçirilməsindən asılı olmayaraq Ərdoğanın hökumətinin korrupsiya əməllərinə dair tutarlı dəlillər ortaya çıxmışdı.

11 ildir Türkiyəni təkbaşına idarə edən AKP-nin ölkədə korrupsiyalaşmış oliqarxiya sistemi yaratdığı barədə tənqidlər yeni deyildi və son vaxtlar təkcə müxalifət yox, vaxtilə Ərdoğana güclü dəstək verən Qərb çevrələri də bu haqda açıq danışırdılar. Ona görə də hökumət üzvlərinin korrupsiyaya bulaşmasına dair dəlillər açılanda bu, çoxları üçün təəccüblü görünmədi.

Bəs “əl-Qaidə” ilə Ərdoğanın nə alveri?

Bəs “əl-Qaidə” ilə Ərdoğanın nə alveri ola bilər? Axı Türkiyənin baş naziri bir vaxtlar Qərbin “əl-Qaidə” terror şəbəkəsinə qarşı apardığı müharibədə mühüm müttəfiqlərdən biri idi.

O zaman Türkiyə baş nazirinin “əl-Qaidə” ilə gizli işbirliyinə dair rəy formalaşdırmaq səylərinin arxasında nə dayanır? Belə səylər göstərənlər-indiki halda Ərdoğanın əsas düşməninə çevrilmiş Fətullah Gülən və şəbəkəsinin əlində Ərdoğanla “əl-Qaidə”ni bir-birinə bağlamaq üçün doğrudanmı hansısa ciddi dəlillər var?

Prokuror Akkaşın əlindən alınan dosye

Bu suallar hələlik açıq qalır. Lakin 17 dekabr əməliyyatının ardınca İstanbul cümhuriyyət prokuroru Muammer Akkaş ikinci korrupsiya və rüşvət həbslərini başlatmağa cəhd göstərdi. O, onlarla məmur və iş adamından ibarət həbs siyahısı hazırlayıb polisə verdi. Baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğana isə istintaqa könüllü gəlmək barədə çağırış vərəqəsi göndərildi, əks halda onun həbs ediləcəyinə dair xəbərdarlıq edildi.

Prokuror Akkaşın siyahısında iki şəxs xüsusən diqqəti cəlb edirdi: Səudiyyə Ərəbistanından olan iş adamları Yasin əl-Kadi və Üsamə Kutub. Söhbət BMT Təhlükəsizlik Şurasının terroru dəstəkləyən və maliyyələşdirən şəxslərə qarşı sanksiya tətbiq edən xüsusi komitəsinin siyahısında yer alan şəxslərdən gedir.

M.Akkaşın çıxardığı həbs sanksiyasının polis tərəfindən icra edilmədiyi və cinayət işi dosyesinin onun əlindən alındığı barədə artıq xəbər verilib.

“əl-Qaidə”nin əsas sponsorlarından biri baş nazirin maşınında?

Bu həbs əməliyyatı baş tutmadı. Ancaq cinayət işi dosyesində yer alan dəlillər çox keçmədən Fətullah Gülənə yazın mediada, o cümlədən “Taraf” qəzetində yayılmağa başladı. Baş nazirin və hökumət üzvlərinin hələ də təkzib edilmədiyi belə dəlillərdən birinə görə, Yasin əl-Kadi “əl-Qaidə”ni maliyyələşdirən şəxs kimi beynəlxalq axtarışda olduğu, Türkiyəyə girişinin qadağan edildiyi halda istintaqın başladığı tarixdən - 2012-ci ilin fevralından etibarən həmin ilin sentyabrına qədər qeyri-leqal yolla dörd dəfə Türkiyəyə gəlib.

Ölkəyə daxil olandan etibarən onu baş nazirin mühafizə xidmətinin avtomobilləri müşayiət edib. Yasin əl-Kadinin Ərdoğanın mühafizə xidmətinin avtomobilinə mindiyini onu izləyən əməliyyatçılar qeydə alıblar.

Daha sonra baş nazirin oğlunun necə izlənildiyinə dair dəlillər yayıldı və məlum oldu ki, Bilal Ərdoğan “əl-Qaidə” ilə əlaqəli digər ərəb iş adamı Üsamə Kutubla İstanbuldakı otellərin birində görüşüb. Bu görüşün fotoları da yayıldı. Nə baş nazir, nə də hökumət rəsmiləri həmin görüşlə bağlı iddialara şərh vermir. Baxmayaraq ki, söhbət kifayət qədər ciddi kompromatlardan gedir.

Ərdoğan onun adının “əl-Qaidə” ilə hallandırılmasını ümumi şəkildə, sözügedən kompromatların üstündən keçərək Qərb ölkələri səfirləri ilə toplantıda şərh edib. “Bizim “əl-Qaidə” ilə, filanla işimiz olmaz” - deyib.

Bəs o zaman Yasin əl-Kadi kimdir və onu Ərdoğanla nə bağlayır?

Tam adı Yasin Abdullah İzzəddin əl-Qadi olan səudiyyəli bu iş adamı 1955-ci ildə Ciddə şəhərində milyonçu ailəsində anadan olub. Qahirə Universitetini bitirdikdən sonra Çikaqoya gedib və memarlıq təhsili alıb. Səudiyyə Ərəbistanı kralı ilə yaxın bağları olan dövlət naziri Şeyx Əhməd Salih Jomjomun kürəkənidir.

1981-ci ildən etibarən əl-Kadi ABŞ-da iri biznesə başlayıb, Nyu-Cersi ştatında böyük şəriət bankı açıb, mənzil-qərargahı Ciddədə yerləşən “Jamjom Group” holdinqinin vitse-prezidenti olub. Birləşmiş Ştatlarda geniş biznes şəbəkəsi quran əl-Kadi xeyriyyəçiliyə də başlayıb və  “Muwafaq Foundation” adlı xeyriyyə fondunu qurub.

Yasin əl-Kadinin adı “əl-Qaidə” ilə bağlı şəxs kimi ilk dəfə 1998-ci ildə çəkilib. Həmin il ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) hazırladığı hesabata əsasən Yasin əl-Kadi ABŞ-da daşınmaz əmlak biznesi ilə məşğul olaraq qazandığı çirkli pulların bir hissəsini “Həmas” terror təşkilatına ötürür. Həmçinin FTB hesabatlarına görə, o, 90-cı illərin əvvəllərində Bosniyada serblərə qarşı döyüşən radikal qrupları maliyyələşdirirdi.

*   *   *

FTB-nin hesabatına görə, Yasin əl-Kadi 1998-ci ilin yanvarından avqust ayına qədər Cenevrədəki bank hesablarından Türkiyədə “əl-Qaidə”yə bağlı “Maram” adlı şirkətə 1,25 milyon dollar köçürüb. Bu köçürmələrin bank sənədləri “Wall Street Journal” qəzetində yer alıb.

Həmin şirkətin sahibi olan Mamduh Mahmud Selim adlı şəxs “əl-Qaidə”nin təsisçilərindən və təşkilatı silahla, pulla təmin edənlərdən biri olub.

1988-ci ildə Yasin əl-Kadi ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərində “əl-Qaidə” tərəfindən törədilən partlayışlarla əlaqəli şəxs kimi FTB tərəfindən istintaq altına alınıb. FTB həmin partlayışın təşkili üçün pulların bir hissəsinin “Çikaqodakı qüdrətli səudiyyəli biznesmen Yasin əl-Kadi tərəfindən göndərildiyinə” dair dəlillər əldə etmişdi.

Lakin FTB rəhbərliyi bu dəlillər əsasında iş adamına qarşı cinayət işinin qaldırılmasına icazə verməyib.

*   *   *

Yasin əl-Kadinin “əl-Qaidə” ilə bağlılığına dair internetdən vaxtilə Qərb mənbələrində yer almış digər çoxsaylı dəlillər də tapmaq mümkündür. Nəhayət, 2001-ci il 11 sentyabr hücumlarından sonra ABŞ Yasin əl-Kadini “əl-Qaidə”ni maliyyələşdirən 27 əsas şəxs siyahısına daxil edərək onun bütün aktivlərini dondurdu.

Avropa İttifaqı da bu sanksiyaları dəstəklədi, daha sonra BMT Təhlükəsizlik Şurasının xüsusi komitəsi Yasin əl-Kadini terroru maliyyələşdirən şəxslərdən biri kimi xüsusi siyahıya saldı. Buna baxmayaraq ABŞ hüquq-mühafizə orqanları kifayət qədər dəlillər tapa bilmədiyindən Yasin əl-Kadiyə qarşı cinayət işi qaldıra bilməmişdilər.

Yasin əl-Kadi müsahibələrində təsdiq edir ki, 80-ci illərin əvvəllərində Üsamə bin Ladenlə görüşüb. Lakin o həmin vaxt bin Ladenin ABŞ-a düşmən olmadığını iddia edir.

“Wall Street Journal” 2007-ci ildə yazıb ki, Yasin əl-Kadi Türkiyədəki güclü əlaqələrinin sayəsində beynəlxalq sanksiyalardan yayına bilib. 11 sentyabr terror hücumlarının ardınca o çoxsaylı şirkətlərini formal olaraq başqa şəxslərin adlarına keçirib, aktivlərinin xeyli hissəsini Türkiyəyə yatırıb. Qəzet yazırdı ki, Yasin əl-Kadi baş nazir Ərdoğanla ailəvi dostdur.

Ərdoğan həmin il adının “əl-Qaidə”çi ilə hallanması ilə bağlı demişdi ki, Yasin əl-Kadi “xeyirxah iş adamıdır” və terrorçu deyil: “Mən ona özüm kimi inanıram”.

*   *   *

Yasin əl-Kadi güclü vəkillər tutaraq məhkəmələrdə ona qarşı tətbiq olunan sanksiyaların ləğvinə nail ola bilib. Nəhayət, 2012-ci ilin sonlarında onun adı beynəlxalq terroru dəstəkləyən şəxslərin siyahısından çıxarılıb. Buna baxmayaraq ABŞ xüsusi xidmət orqanları Yasin əl-Kadinin fəaliyyətini izləməkdədir. O, aktivlərinin xeyli hissəsini Türkiyədə yerləşdirib və iddialara görə, Ərdoğan ailəsi ilə ortaq biznesə malikdir.

Ərdoğanın oğlu ilə gizli görüşən digər ərəb iş adamı Üsamə Kutub isə misirlidir. O, Yasin əl-Kadinin sağ əli hesab edilir. Üsəma Kutub Türkiyədə “Bosphorus 360” adlı maliyyə-konsaltinq şirkətinin direktorlar şurasının rəhbəridir. Onun da adı “əl-Qaidə”ni maliyyələşdirən şəxslər siyahısında yer alıb və beynəlxalq axtarışda olan şəxs kimi Türkiyəyə girişi qadağan idi. Buna baxmayaraq Üsamə Kutubun dəfələrlə qeyri-leqal şəkildə Türkiyəyə gəldiyi və baş nazirin oğlu ilə görüşdüyü təsbit olunub. Həmçinin Bilal Ərdoğanla Ü.Kutub arasında telefon danışıqları internetə yayılıb.

Ərdoğanı siyasətdən silmək istəyənlər daha ciddi kompromatlar aça bilərlər

Beləliklə, Ərdoğan və hökuməti üçün heç də korrupsiyadan az qorxulu olmayan ittihamlar ortadadır. “əl-Qaidə”nin əsas maliyyəçilərindən biri hesab edilən şəxslər onun mühafizə xidmətinin müşayiəti ilə gəzir və oğlu ilə görüşür, iş müzakirələri aparır. Və bütün bunlar hələ də tutarlı şəkildə təkzib olunmur.

Görünür, Ərdoğanı siyasi səhnədən silmək üçün düyməyə basan qüvvələr Türkiyənin özünü ərəb coğrafiyasının şəriksiz lideri kimi görən baş nazirinin barəsində daha ciddi kompromatlara malikdirlər. Əgər vaxtilə onun siyasəti həmin qüvvələrin maraqları ilə uzlaşırdısa, indi vəziyyət dəyişib...

1338 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10