Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Təbrizdə 20 Yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirilib

Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Valiliyinin və Təbriz şəhər fərmandarlığının nümayəndələri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğun əməkdaşları, həmçinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib

20 Yanvar - Ümumxalq hüzn günü ilə bağlı Azərbaycanın Təbrizdəki Baş Konsulluğu tərəfindən təşkil olunmuş mərasimdə ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan İnterAz-a verilən məlumata görə, mərasimdə 20 Yanvar faciəsinə dair sənədli film nümayiş etdirilib, iştirakçılar Baş Konsulluq tərəfindən hazırlanmış Qanlı 20 Yanvar faciəsinə aid şəkillərdən ibarət foto-stendə baxıb, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar faciəsini özündə əks etdirən kitab, jurnal, buklet və qəzetlərlə tanış olub.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın tarixinə qanlı və eyni zamanda şanlı hərflərlə yazıldığını, rus imperiyasının erməni əsilli ordu birləşmələri tərəfindən törədilmiş 20 Yanvar hadisələrinin əsas məqsədinin Azərbaycan xalqının azadlıq mübarizəsini böğmaq, Azərbaycanı rus imperiyasının tərkibində saxlamaq, müəyyən torpaqlarının Ermənistanın tərkibinə qatılmasını təmin etmək olduğunu bildirmiş, 20 Yanvar qətliamının Azərbaycan xalqının azadlıq yolunda mübarizəsini boğa bilmədiyini, Azərbaycan xalqının qələbəsi ilə başa çatdığını, Azərbaycan-müstəqil dövlət olaraq öz adını yenidən tarixə yazdığını qeyd edib. Əli Əlizadə həmin dövrdə baş vermiş qətliamın qarşısının alınması yönündə heç bir iş görməyən Azərbaycanın o zamankı rəhbərliyinin öz vəzifələrini qorumaq üçün hətta sonradan hadisələrin nəticələrini də ört-basdır eləməyə çalışdıqlarını, yalnız ümummilli lider Heydər Əliyevin həmin dövrdə verdiyi etiraz bəyanatı, KİV-lər qarşısında çıxışı nəticəsində bu hadisələrin dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırıldığını və sonradan da ulu öndərin sayəsində bu hadisələrə siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.

İran İslam Respublikası vətəndaşı, Təbriz şəhər sakini, folklorşünas Böyükbəy Ələkbəroğlu da anım mərasimində çıxış edərək 1990-cı il hadisələrinin İran xalqı tərəfindən də daim xatırlandığını, SSRİ Ali Sovetinin razılığı alınmadan M.Qorbaçovun əmri ilə Azərbaycan xalqına qarşı erməni əsilli ordu birləşmələri tərəfindən həyata keçirilmiş bu qətliamın əslində bütün müsəlman aləminin dərdi olduğunu qeyd edib.

Mərasimin sonunda faciəyə dair Azərbaycan və fars dillərində məlumatların əks olunduğu bir çox əyani materiallar mərasim iştirakçılarına paylanıb və şəhidlərin xatirəsinə ehsan verilib.

Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Valiliyinin və Təbriz şəhər fərmandarlığının nümayəndələri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğun əməkdaşları, həmçinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.
1321 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber