Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Azərbaycanda maaşla neçə ilə ev almaq olar?

«Paytaxtda mənzil almaq üçün bütün maaşı yığmaq şərti ilə 60 il vaxt lazımdır»

Azərbaycanda, əsasən də paytaxtda mənzillərin qiyməti bir çox insanlar üçün əlçatmazdır. Buna səbəb isə qiymətlərin bahalığı və insanların həyat səviyyəsinin hələ də aşağı olmasıdır. Bakıda ildə bir neçə dəfə mənzillərin qiymətində bahalaşma müşahidə olunur. Son aylar da bu mənada istisna olmayıb. Rəsmilər qiymətlərin bahalaşması əhalinin gəlirlərinin artması ilə izah etsə də, bu iddialar tamamilə əsassızdır. Orta aylıq əmək haqqının 300 manatdan bir qədər artıq olduğu bir ölkədə əksər vətəndaşların mənzil sahibi olması mümkünsüz görünür.

Bir müddət əvvəl apardığımız müqayisədən də Bakıda mənzillərin qiymətinin dünyanın inkişaf etmiş ölkələrindən xeyli baha olduğunu görmək mümkün idi. Üstəlik də nəzərə almaq lazımdır ki, bu dövlətlərin vətəndaşlarının gəlirləri azərbaycanlıların gəlirindən xeyli artıqdır. Eyni zamanda bu gəlirləri onlara mənzil almağa da imkan verir. Azərbaycanda isə əmək haqqı ilə mənzil almaq mümkünsüzdür.

Qeyd edək ki, paytaxda ən ucuz mənzillər bir kv. m. 900 manatdan, ən bahalı mənzillər isə 3000 manatdan ucuz deyil. Söhbət təmirsiz mənzillərdən gedir. Təmirin bir kv. m. isə 200 manatdan başlayır.

Əmək haqqına gəldikdə isə, minimum əmək haqqı 105, orta aylıq əmək haqqı isə təxmiən 330 manatdır. Orta aylıq əmək pensiyası 180 manat, müəllimlərin və həkimlərin orta aylıq əmək haqqı da bir o qədərdir. Belə olan halda hətta bir neçə üzvü çalışan ailələrin ev alması üçün neçə il pul toplamaq lazımdır?

Şəhərin kənarında ev almaq üçün 20 il pul toplamaq lazımdır

Orta aylıq əmək haqqı qədər məvacib alan vətəndaşın paytaxtda mənzil alması üçün bütün maaşını yığmaq şərti ilə 30 ildən 60 ilə qədər vaxt lazımdır. Əgər 30 il ərzində vətəndaş yeməyə, geyimə və digər ehtiyaclarına pul xərcləməsə, 30 ildən sonra paytaxtın mərkəzdən kənar ərazilərində mənzilə sahib ola bilər. Mərkəzdə mənzil sahibi olmaq istəyənlər isə eyni şərtlə 60 il gözləməlidir. Çünki məsələn, Sahil metrosu yaxınlığında mənzilin orta qiyməti təxminən 250 min manatdır. Bakının kənarında ev almaq istəyənlər 20 il maaşını toplasa, istəyinə nail ola bilər. Bütün bunlar orta aylııq əmək haqqı qədər maaş alan insanlara aiddir. Nəzərə almaq lazımdır ki, bir çox sahələrdə çalışanların maaşı orta aylıq əmək haqqından azdır. Onların mənzil sahib olması üçün isə bir əsrdən artıq vaxt tələb olunur.

Elit mənzil almağa 250 illik maaş bəs edər

Dünyanın digər yerlərində bu sahədə vəziyyət necədir? Vətəndaşlar üçün mənzilin əlçatımlılığına görə ən mürəkkəb vəziyyət Mumbaydadır. Bloomberg şirkəti apardığı araşdırmadan sonra belə bir nəticəyə gəlib ki, Hindistanın orta statistik vətəndaşı bu şəhərdə mənzil almaq üçün 3 əsr çalışmalıdır. Çünki Mumbayda elita mənzillərin qiyməti təxminən 1 mln 200 min dollardır. Qeyd edək ki, Bakıda da bu qiymətə mənzillərə rast gəlmək olur. Xüsusilə şəhərin mərkəzində elit binalarda mənzillərin qiyməti 1 mln manatı ötür. Orta statistik azərbaycanlının yalnız 250 illik əmək haqqı bu mənzili almağa imkan verər. Mənzillərin bahalığına görə Şanxay şəhəri də öndə gedir. Bu şəhərdə elit mənzilin qiyməti çinli vətəndaşlarının orta aylıq gəlirindən 200 dəfə çoxdur. Mənzillərin baha olduğu şəhərlər arasında Moskva da yer alıb. Burada orta qiyməti 300 min avro olan bu şəhərdə mənzilə sahib olmaq istəyən rusiyalı 26 il gözləməlidir. Rusiyanın digər şəhərlərində mənzillərin qiyməti 60 min dollar civarında dəyişir. Ancaq ölkənin ucqar şəhərlərində 5-6 illik əmək haqqı ilə mənzil sahibi olmaq mümkündür.

Mərəkeşdə mənzillərin orta qiyməti 140 min dollardır. Bunun üçün orta aylıq əmək haqqı alan vətəndaşlar bir neçə on illik gözləməlidir. Pakistanda isə mənzillərin qiyməti Bakıdan ucuzdur. Orta qiyməti 74 min dollar olan mənzili almaq üçün də 20 il pul toplamaq lazımdır. Kurort əraziləri ilə tanınan Monteneqroda 150 min avroluq mənzil bahalı hesab olunur və onu almaq üçün 10 ildən bir qədər vaxt pul yığmaq lazımdır. Belarus paytaxdı Minskdə Bakı ilə müqayisədə mənzillər xeyli ucuzdur. 90 min dollarlıq evə sahib olmaq istəyənlər 20 illik pul yığmalıdır. Söhbət müasir tipli iki otaqlı mənzildən gedir.

Ukraynalı elit mənzilə sahib olmaq üçün 100 illik əmək haqqını toplamalıdır. Ancaq orta səviyyəli və yaşayış üçün tam yararlı evin alınması 12 il işləmək yetərlidir. Ukraynada ən bahalı mənzillər paytaxt Kiyevdədir. Bu şəhərdə iki otaqlı ev almaq istəyənlər 15 il işləməlidir. Odessa, Xarkov, Donetsk, Dnepropetrovsk və Lvovda mənzil sahibi olmaq istəyənlərə 10 il işləmək yetərlidir. Bu şəhərlədə daha baha mənzil üçün 23 il pul toplamaq lazımdır. Ancaq eyni zamanda 40 kv m-lik mənzil Ancaq Ukraynada iri şəhərlərdən fərqli olaraq kiçik şəhərlərdə xeyli ucuz qiymətə ev almaq olar. Məsələn, Luqanskda orta qiyməti 22 min dollar olan mənzilləri əldə etmək üçün orta stastistik ailə bunun üçün 4,5 il çalışmalıdır. Kiyevdə 58 min dollarlıq evi almaq üçün 11 il işləmək lazımdır. Krımda 9 illik zəhmətin nəticəsində rahat mənzil almaq olar. Ukraynada orta əmək haqqının 94 misli köhnə tipli iki otaqlı mənzil almağa bəs edir.

ABŞ və Avropada 3 illik maaş ev almağa yetər

Qərbi Avropada mənzilin bir kv m-in qiyməti orta aylıq əmək haqqından azdır. Ayda orta hesabla 3300 avro qazanan Berlin sahibi 3 ilə istədiyi mənzili ala bilər. Bu şəhərdə 193 min avroya elit mənzilə sahib olmaq mümkündü. Parisdə qiymətlər bir qədər bahadır. Şəhər sakinlərinin orta aylıq qazancı 4 min avro olduğu halda Parisin ən bahalı rayonunda bir neçə yüz minlik mənzilə sahib olmaq üçün on ilə yaxın vaxt sərf etmək lazımdır. Ancaq orta statistik parisli mənzil sahibi olmaq üçün 5-6 illik qazancını toplasa, yetərlidir.

Əhali üçün mənzilin əlçatımlılığına görə ABŞ birinci yerdədir. Bu ölkədə orta statistik vətəndaş 2,7 illik əmək fəaliyyətinin nəticəsində mənzil sahibi ola bilər. Daha sonra siyahıda Dominikan Respublikası, Çili, Isveç və Belçika qərarlaşıb. Isveç vətəndaşları 4,2 işləyəndən sonra mənzil ala bilər. Belçikada bunun üçün 4,3 il, Almaniyada 4,4 il işləmək lazım gələcək. Inkişaf etmiş ölkələrlə yanaşı nisbətən kasıb dövlətlərdə də mənzil almaq Azərbaycandan rahatdır. Məsələn, Hondurasda 4,7 il, Banqladeşdə isə 5,3 illik zəhmətin nəticəsində mənzil sahibi olmaq mümkündür. Cənubi Afrika Respublikasında ev almaq istəyənlər 5,1 illik əmək fəaliyyətindən sonra bu istəklərinə nail ola bilərlər. Kiprdə 5,13 il, Avstriyada 5,2 il, Isveçrədə 5,4 il, Türkiyədə 5,6 il, Bəhreyndə 5,7 il, Ekvadorda 5,8 il, Kanada və Finlyandiyada 6,2 il, Braziliya və Avstraliyada 6,3 il, Niderlandda 6,5 il işləmək bəs edər ki, qazancın şəxsi mənzil əldə etməyə imkan versin.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, paytaxda ildən ilə artan binalardan vətəndaşların böyük əksəriyyəti faydalana bilmir. Çünki ev tikməklə yanaşı bu evi almaq üçün insanlara imkan da yaratmaq vacibdir./azadlıq/
1758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19