Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Zeytunun insan sağlamlığına müsbət təsirləri

Azərbaycan zeytunun becərilməsi üçün həm iqlim şəraiti, həm də torpaq strukturu baxımından əlverişlidir. Azərbaycanda zeytunçuluq əsasən Bakı və Abşeron yarmadasında inkişaf etdirilib. Xüsusən də zeytunun Abşeronda becərilməsi çox gözəl nəticə verir. Bu qiymətli bitki Abşeronun bağlarına, parklarına, Bakı şəhərinin küçələrində xüsusi yaraşıq verir, onları yaşıl dona bürüyür. Abşeronda yetişdirilən yüzlərlə ağac və kol bitkisi arasında o görkəmi ilə də nəzəri cəlb edir. Zeytunun istifadəsinə gəldikdə, qeyd etmək lazımdır ki, meyvələrini iki mərhələdə yığırlar: tam yetişməmiş, tam yetişmiş. Abşeronda zeytun meyvələrinin yığımı, adətən, oktyabr ayından başlanır.

Zeytunun əsil vətəni

Zeytunun əsil vətni Yunanıstan, digər mənbələrə görə isə Aralıq dənizi sahilləridir. Bu mənbələrə əsasən zeytun buradan Kiçik Asiyaya, Yunanıstana, Misirə və s. yayılıb. Zeytun bitkisinin ömrü 300-400 ildir. Əlverişli şəraitdə 1000 il yaşaması məlumdur. 500-dən çox növü var. Bundan başqa dünyada elə ölkələr var ki, orada milyonlarla hektar sahədə bu qiymətli bitki becərilir. İspaniya, İtaliyada 2 milyon hektar, Türkiyədə 1 milyon hektardan çox zeytun sahəsi var.

Azərbaycanda yetişdirilən zeytunun digər ölkələrdən fərqi

Azərbaycanda yetişdirilən zeytunun digər ölkələrdə, məsələn, Aralıq dənizi sahillərində bitən zeytundan fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, bizim məhsullarımızın yağlılığı daha çoxdur. Bundan başqa, Abşeron rayonu mülayim-subtropik iqlim qurşağında yerləşdiyindən burada zeytun daha tez yetişir. Həmçinin Azərbaycanın bir sıra bölgələrində yaşı min illərlə ölçülən zeytun ağacları var. Ölkəmizdə əsasən "Azərbaycan","Armudu", "Buzovna", "Qara", "Şirin", "Bakı" kimi yerli zeytun sortları var.

Müsəlmanların ilahi kitabı olan "Quran"da zeytun barədə danışılır

Quranda diqqətimizi cəlb edən qidalardan biri də zeytundur. Son dövrlərdə aparılan araşdırmalar zeytunun təkcə ləzzətli bir qida deyil, həm də mühüm bir sağlamlıq mənbəyi olduğunu göstərib.

«Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. Od ona toxunmasa da, sanki yağı işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!» («Nur» surəsi, 35) 
Yuxarıdakı ayənin, əslində, «mubarəkətin zəytunətin» ifadəsi ilə zeytun «bərəkətli, müqəddəs, faydalı, saysız xeyir verən» mənalarına gələn mübarək sifəti ilə qeyd edilib. «Zeytuha» ifadəsi ilə bildirilən zeytun yağı başqa qatı yağların əksinə olaraq, bütün mütəxəssislər tərəfindən başda ürək və qan-damar sağlamlığı olmaqla ən çox tövsiyə edilən yağ növü kimi tanınır.

Zeytunun sağlamlıq baxımından faydaları

Zeytun və zeytun yağındakı yağ turşularının əksəriyyəti doymamış yağdır. Belə yağlarda xolesterol olmur. Buna görə də zeytun yağı qandakı xolesterol səviyyəsini qaldırmır, əksinə, onu nəzarətdə saxlayır. Bundan başqa, zeytun yağının tərkibində bədən üçün zəruri olan (EFA: essential fatty asit) omeqa-6 yağ turşusu (linoleik turşu) var. Buna görə də səhiyyə təşkilatları (Dünya Səhiyyə Təşkilatı/WHO) damar kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu cəmiyyətlərdə istifadə edilən yağlardakı yağ turşusunun ən az 30 faizinin omeqa-6 yağ turşusu olmasını tövsiyə edir. Bu da zeytunun dəyərini yüksək səviyyədə artırır.

Bu sahədə aparılan tədqiqatlar 1 həftə boyunca hər gün 25 millilitr - təxminən 2 xörək qaşığı - təbii zeytun yağı qəbul edən insanların daha az LDL (pis xolesterol) və daha yuxarı antioksidan səviyyələri göstərdiyini təsdiqləyib.145 Antioksidanlar bədənimizdəki «sərbəst radikallar» adlı zərərli maddələrin zərərsizləşdirilməsi və hüceyrəyə zərər verilməsinin qarşısının alınması baxımından çox zəruridir. Zeytun yağından istifadənin xolesterolun səviyyəsini aşağı salması və ürək xəstəliklərinin qarşısını alması bir çox araşdırmalarla da təsdiq edilib.

Zeytun yağı qanda dövr edən LDL adlı zərərli xolesterolun səviyyəsini aşağı saldığı, HDL adlı faydalı xolesterol səviyyəsini isə yüksəltdiyi üçün ürək və qan-damar xəstələrinə dərman kimi tövsiyə edilir. Ürək-damar xəstəliklərinə çox rast gəlinən ölkələrdə əksərən yüksək xolesterol səviyyəsinə malik doymuş yağlar işlədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki omeqa-6 yağ turşusunun omeqa-3 yağ turşusuna nisbətini də pozur. Omeqa-3 və omeqa-6 yağ turşularının müəyyən səviyyədə qəbul edilməsi çox vacibdir. Məhz buna görə də bir çox insanlar zeytun yağı ilə şəfa tapırlar. Amerika Ürək Cəmiyyəti ürək xəstəliyi riskini azaltmaq üçün doymamış yağ pəhrizinin 30 faiz az yağlı pəhrizə alternativ ola biləcəyini bildirir.

Zeytun yağı xərçəng xəstəliyinin qarşısını alır

«The Archives of İnternal Medicine» jurnalında dərc olunan bir tədqiqat əsəri yüksək nisbətdə doymamış yağ istifadə edən qadınların döş xərçənginə düçar olması riskinin az olduğunu göstərmişdir. Nyu-Yorkda Buffalo Universiteti tədqiqatçılarının apardığı başqa bir çalışmada isə bitki yağlarından biri kimi zeytun yağının B-sitosterolun prostat xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaqda kömək etdiyi bildirilir. Tədqiqatçılar B-sitosterolun hüceyrələrin bölünməməsi əmrini verən hüceyrədaxili xəbərləşmə sistemini gücləndirdiyi, bununla da hüceyrə böyüməsi nəzarətdən çıxmadan xərçəngin qarşısının alına biləcəyi nəticəsinə gəliblər.

Oksford Universitetinin həkimləri tərəfindən aparılan sonuncu araşdırmada da zeytun yağının bağırsaq xərçənginə qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar edilib. Həkimlər zeytun yağının bağırsaq xərçənginin başlamasının qarşısını almaq üçün mədədəki turşu ilə reaksiyaya girdiyini kəşf ediblər. Oksford tədqiqatçıları zeytun yağının öd turşusu miqdarını azaldaraq və DAO (tiamin oksidaz adlı ferment) səviyyəsini yüksəldərək anormal hüceyrə artımına və xərçəngə qarşı qoruyucu olduğunu da üzə çıxarıblar.

Zeytun yağının sümüyün inkişafına kömək etməsi

Zeytun yağının tərkibindəki E, A, D və K vitaminləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına kömək etməsi, kalsium miqdarını sabitləşdirərək sümükləri gücləndirməsi baxımından çox vacibdir. Bu yağlar yaşlılara da xüsusi tövsiyə edilir, çünki həzm olunması asandır və minerallarla bədəndə istifadəsinə kömək edir. Həmçinin sümük mineralizasiyasını (mineralların sümüklərdə çökməsi) hərəkətə keçirərək, kalsium itkisinə əngəl olur. Sümüklər orqanizmin mineral quruluşunun anbarını yaradır və sümüklərdə mineral yığımı olmayanda sümük yumşalması kimi ciddi problem əmələ gəlir. Bu baxımdan zeytun yağının skelet quruluşuna çox müsbət təsiri var.

Qocalmağın qarşısını alır

Zeytun yağının tərkibindəki vitaminlər hüceyrələri təzələmək xüsusiyyətinə malik olduğu üçün ondan qocalığın qarşısının alınmasında da istifadə edilir, çünki zeytun yağı dərini qidalandırır və qoruyur. Qidalar bədənimizdə enerjiyə çevrilərkən oksidan adlı bəzi maddələr ortaya çıxır. Zeytun yağı özündə ehtiva etdiyi çoxsaylı antioksidan maddələrlə bədənin zərərli maddələrlə zədələnməsinin qarşısını alır, hüceyrələri təzələyir, toxuma və orqanlarımızın yaşlanmasını ləngidir. Zeytun yağı bədəndəki hüceyrələrə zərər verən, onları qocaldan «sərbəst radikallara» təzyiq edən E vitamini baxımından da zəngindir.

Təzyiqi aşağı salması

«The Archives of İnternal Medicine» jurnalının 2000-ci il 27 mart tarixli sayında dərc olunan bir araşdırma zeytun yağının yuxarı qan təzyiqinə müsbət təsirini bir daha vurğulayıb. Bundan başqa, zeytun yağının yarpağından təzyiqi aşağı salan dərmanlar hazırlanır./SalamNews/

1649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP