Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Öldürülən əsgərin atasından prezidentə müraciət

Şirazi Əliyev: “O, Allahın mənə əmanəti idi, dövlətə əmanət etdim, bir il qoruya bilmədilər...”

Qırx gün əvvəl hərbi hissədə öldürülən əsgər Orxan Alıyevin yaxınları yenidən ekspertiza keçirilməsini istəyirlər. Ekspertizanın rəyindən və aparılan istintaq hərəkətlərindən narazı olan ailə əsgərin meyitinin yenidən ekspert baxışından keçirilməsi üçün xaricdən mütəxəssis dəvət etmək niyyətindədir. Bunun üçün isə onlar ailənin yeganə yaşayış yeri olan təmirsiz evi satmaq niyyətindədirlər.

Yanvarın 20-də mərhum Orxan Alıyevin qırx mərasimi keçirilib. Əməkdaşımız əsgərin Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində keçirilən yas mərasimində iştirak edib və qohumları ilə söhbətləşib. Yaxınları əsgərin öldürüldüyünü bildirib və indiyədək günahkarların cəzalandırılmadığını vurğulayıblar. Həmçinin əsgərin qəbrinin açılması və meyitin eskumasiyası üçün xaricdən mütəxəssis dəvət ediləcəyini də söyləyiblər.

Əsgərin atası Şirazi Alıyev bildirir ki, Naftalana əsgəri xidmətə aparılan 18 yaşlı oğlu bir il sonra müəmmalı şəkildə öldürülüb: “Noyabrın 24-də bir həftəlik məzuniyyətə gəldi, 2200 əsgər arasında idman yarışında birinci yerə çıxmışdı, buna görə məzuniyyət vermişdilər. Dekabrın 1-də hərbi hissəyə qayıtdı, 11-də də oğlumu öldürdülər. Həmin gecə qardaşı Rövşənlə danışıb. Saat 1-ə 25 dəqiqə işləmişə qədər söhbət ediblər, bu zaman qardaşı orada əsgərlərlə mübahisə etdiyini eşidib. Rövşən deyir ki, Orxan əsgərlərlə mübahisə edirdi, səbəbini soruşub, o da deyib ki, danışmağa imkan vermirlər, hörmət qalmayıb. Danışıq bitən kimi onu öldürüblər”.

Atasının dediyinə görə, əsgərlərdən biri - Xaliq Məmmədli bildirib ki, səsə ayılarkən görüb ki, Orxanı dörd nəfər ayıltmağa çalışır: “Əsgər onlardan ikisini tanıyıb - bunlar kiçik çavuş Mahir Məmmədov və ”maxı" Taleh Həsənov olub. Oğlumu onlar vəhşicəsinə qətlə yetiriblər".

Ancaq ölümə verilən rəsmi rəy ürək çatışmazlığı göstərilib, yəni əsgər axşam yatıb, səhər ayılmayıb. Atası isə bunu mümkün saymır: “İlkin rəydə ağciyər ürək çatışmazlığı göstərdilər. Oğlum həvəskar idmançı idi, cüdo ilə, qaydasız döyüşlə məşğul olurdu, trenajorla işləyirdi. Respublika Ekspertiza İdarəsinin rəyi əsasında isə indi diaqnoz qoyublar ki, o, kardiomiopatiyadan ölüb. Bu, insanda anadangəlmə olur, əlamətləri vaxtaşırı özündən getmə, təngnəfəslik, qaça bilməməkdir. Ancaq Orxanda heç vaxt bu əlamətlər olmayıb. Əsgərliyə qədər dəfələrlə yoxlamadan keçib, hətta Hərbi Komissarlıqdan bildirirlər ki, o, ürək çatışmazlığından necə ölə bilər, axı tam sağlam idi?”

Faktla bağlı cinayət işi açılsa da, istintaq atanı qane etmir: “Birbaşa iştirakçılardan heç kim dindirilməyib, hadisə zamanı yatmış olan uşaqları sorğu-sual edirlər. Cinayətdən xəbərdar olan, hadisə baş verəndə nəzarətçi olan altı nəfər dindirilməyib, hamısı da məsələdən xəbərdardır. Bu da o deməkdir ki, cinayətin açılmamasında maraqlı tərəflər var. Oğlumun ölümündən sonra iki dəfə hərbi hissəyə getmişəm, çox şeylərlə üzləşmişəm, faktları araşdırmışam. Müstəntiqin araşdırmasını və ekspert rəyini də qəti şəkildə rədd edirəm. Mən prezidentə müraciət edirəm, qəti şəkildə tələb edirəm ki, oğlumun qatillərinin üzə çıxmasına şərait yaratsın. Aidiyyəti orqanlardan heç biri müraciətimizə cavab vermir. Müdafiə naziri Zakir Həsənov məni qəbul etmir”.

F.Alıyev oğlunun bədənində zorakılıq izləri olduğunu söyləyir: “Bizə bir gün sonra verdilər meyitini, onu dondurmuşdular elə bil, yəqin zədələrin getməsi üçün. Qəbirin üstünü götürməmişəm. Eskumasiya üçün xaricdən ekspert dəvət olunması üçün çalışıram. Kasıb olsaq da, bunu edəcəyəm. O, Allahın mənə əmanəti idi, dövlətə əmanət etdim, bir il qoruya bilmədilər. Qutu kimi gətirib evin ortasına qoyub getdilər”.

Əsgərin anası Xanım Alıyev sağ-salamat əsgərə göndərdiyi oğlunu tələb edir: “Qatillər tapılmasa, özümə od vurub yandıracam. Onun öldüyünü bizə 7-8 saat sonra dedilər. Biz gedəndə artıq icazəsiz onu yarmışdılar, hətta beynini də. Əvvəl dedilər ki, daxili orqanlardan kiçik hissə götürülüb. Rəhim adlı həkim sonra dedi ki, böyük hissə götürüblər, sonra da dedi ki, deyəsən orqanlarını bütünlüklə götürüb. Həkim dedi ki, yuxarıdan belə deyiblər, mən də etmişəm. Onlar oğlumun hərbi hissəyə yaxın yaşayan əmisini belə çağırmayıblar ki, vaxt keçsin, bizə təxminən bir sutka sonra onu verdilər, axşam 8-də. Uşağın içinə buz doldurmuşdular, əlimizi vururduq, buz idi, yapışırdı bizə. Onun zədələrini itirmək üçün nə isə etmişdilər. Mən balamı istəyirəm”.

Orxanın qardaşı Rövşən isə deyir ki, hadisə baş verən gün gecə qardaşı ilə uzun müddət danışıb və onun kimlərləsə mübahisə etdiyini də eşidib: “Müdafiə Nazirliyi isə onun mənimlə danışmazdan əvvəl öldüyünü bildirir. Biz telefon danışıqlarını çıxartmışıq, araşdırmanı düz aparmırlar”./musavat/
1626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:25
Rusi