Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

“Bakıda Stalin kimi şübhəli adamlarla əhatə olunmuşduq...”

Yanvarın əvvəllərində Bakıya məcburi eniş edən “A-380” təyyarəsinin sərnişini başlarına gələnlərdən danışdı

Yanvarın 6-na keçən gecə uçuş zamanı qapılarından birinin açılması üzündən Heydər Əliyev Bakı Beynəlxalq Aeroportuna məcburi enən, “Singapour Airlines” şirkətinə məxsus “Airbus A-380” təyyarəsinin sərnişinlərinin üzləşdikləri qəza təhlükəsinə görə havada ölüm qorxusu yaşadıqları haqda dünya mətbuatı da geniş yazmışdı.

Lakin belə məlum olur ki, Londondan Sinqapura uçarkən qəza təhlükəsi keçirən nəhəng laynerin sərnişinləri təkcə havada yox, Bakı aeroportunda da xeyli çətinliklər yaşamalı olublar. Ən azından təyyarənin sərnişinlərindən biri, 77 yaşlı britaniyalı rəssam Bill Mendinin danışdıqlarından belə məlum olur.

Virtualaz.org xəbər verir ki, bu aviainsidentdən iki həftədən çox keçməsinə baxmayaraq Britaniyanın “Henley Standart” adlı nəşri yenidən mövzuya qayıdıb və Bill Mendinin danışdıqlarına əsasən sərnişinlərin başlarına gələnlərdən yazıb.

Bill Mendi danışır ki, qəza təhlükəsi uçuşun təqribən 6-cı saatında yarandı. Həmin vaxt layner Əfqanıstan dağlarının üstündən uçurmuş və 12 min metr hündürlükdə imiş. Qəfildən salonda təzyiq kəskin aşağı düşüb, açıq qalan qapıdan içəri şiddətli və soyuq hava axını daxil olmağa başlayıb.

“Biz tamamilə əmin olduq ki, artıq ölmüşük və heç bir xilas yolumuz yoxdur. Hamı ancaq onu fikirləşirdi ki, bu ölüm mümkün qədər tez baş versin, əzab-əziyyətsiz olsun. Həmin an mənim saçımın ağarmayanları da ağardı” - deyə sərnişin danışır.

Bill Mendi deyir ki, təyyarədə oksigen maskaları avtomatik açıldı, ancaq sərnişinlərin çoxu maskaları geyinə bilmirdi. Çünki ilk dəfə idi ki, belə halla qarşılaşırdılar. Eyni zamanda “Singapour Airlines” şirkətinin təcrübəsində də son 35 ildə oksigen maskalarının açılması halı baş verməmişdi.

Bill Mendi sərnişinlərin qapının yaxşı örtülmədiyini hələ Hitrou hava limanından qalxandan sonra gördüklərini, həmin qapıdan səs gəldiyini heyətə çatdırdıqlarını deyib. Buna baxmayaraq heyət uçuşu davam etdirib.

“Biz Əfqanıstanın yüksək dağlıq ərazilərindən uçmağa başlayanda problem başladı. Təyyarə 180 dərəcə geri çevrildi və yarım saat ərzində 10 min fut hündürlük itirdi. Kapitan dağlıq ərazilərdə qəzaya uğramaq riskindən qaçmaq üçün təyyarəni deyəsən Qazaxıstanda endirmək istəyirdi. Pilot soruşdu ki, salonda rus dilində bilən kimsə varmı. Heç kim qabağa çıxmadı. Daha sonra təyyarə Bakıya istiqamət götürdü. Salonda işıqlar tam söndü, biz üç saat göz-gözü görməyən qaranlıq içində uçduq. Hər an qəzaya uğraya bilərdik” - deyə 77 yaşlı rəssam danışır.

Təyyarə sast 03:30-da Bakıya enib və sərnişinlər 18 saatı aeroportda keçirməli olublar. B.Mendi deyir ki, sərnişinlər aeroportun tranzit zalında yerləşiblər. Lakin xeyli müddət heç kim onlara yardım etməyib. Ancaq iki saatdan sonra nəsə içmək təklif ediblər: “Bu ölkədə “Singapour Airlines”in nümayəndəliyi olmadığından şirkətin Bakıda yerüstü personalı da yoxdur. Biz şübhəli görkəmli, qara geyimli kişilərlə əhatə olunmuşduq, onların çoxu bizə İosif Stalin kimi baxırdı! Vaxtaşırı olaraq zaldan yaxalarında nişanlar və başlarında hündür kepka olan yaşıl mundirli qadın və kişilər keçirdi. Heç kim bilmirdi ki, bizimlə bağlı nə etsinlər. Heyət üzvləri də heç nə bilmirdi və bizim kimi gözləyirdi”.

Nəhayət, təyyarədən su, odeyal və yastıq kimi bəzi əşyaları boşaltmağa icazə verilib. Personal aeroportda sərnişinləri çəkməyə cəhd edən istənilən adamı kənarlaşdırırdı.

B.Mendi salondakı narahat metal stullardan  uzanmaq üçün bir neçə yer düzəldə bilir. Ancaq sərnişinlərinbir çoxu elə döşəmənin üstündə uzanıb yatıblar. Nəhayət, “Singapour Airlines”in nümayəndələri Moskvadan və İstanbuldan Bakıya gəliblər. Sərnişinlərə bildirilib ki, şirkət bütün sərnişinlərin viza haqqını - 60 min dollar ödəyib və onlar istəsələr, bir neçə saat aeroportan çıxa bilərlər.

“Lakin biz işin kommunist stilində təşkilinin şahidi olduq. Sərnişinlər pasportlarına viza və möhür vurdurmaq üçün uzun növbələrə dayanmalı oldular. Çünki viza sənədlərinin doldurulması ilə cəmi üç nəfər məşğul idi. Biz növbənin əvvəlində dayandığımız üçün viza almaq xoşbəxtliyinə nail olduq. Bu proses təxminən saat yarım çəkdi” - deyə yaşlı rəssam əlavə edir.

Viza almağa nail olan sərnişinlərə təklif edilib ki, Bakıdakı otellərdə onlar üçün alınmış nömrələrdə yerləşə və bir neçə saat istirahət edə, yemək yeyə bilərlər. Lakin bu da sərnişinlər üçün acı təcrübə olub.

Bill Mendi danışır: “Bakı kifayət qədər böyük şəhərdir və orada çoxsaylı, çox böyük və yaraşıqlı binalar var. Biz qaranlıqda onları görə bildik. Lakin deyəsən, bizim taksi sürücüsü yolu azmışdı, çünki o, otelə çatmaq üçün bir neçə küçə fırlandı, iki dəfə həmin otelin yanından keçib getdi. Nəhayət, o tanıyanlardan otelin yerini soruşub tapdı”.

Sonra sürücü B.Mendinin və dostunun pasportunu götürüb və oteldə onlara ayrıılmış nömrəyə qeydiyyatlarını aparmaq üçün administratorluğa verib. Bu qeydiyyat prosesi də düz bir saat çəkib və yalnız bundan sonra otağın açarları qonaqlara verilib.

“Ən azından bizim şansımız oldu ki, duş qəbul edək. Ancaq ehtiyat geyimimiz olmadığından 24 saatdan çoxdur əynimizdə olan alt paltarlarımızı təzədən geyməli olduq. Yemək də dəhşətli idi. Azərbaycan ola bilsin ki, “Eurovision” müsabiqəsini udub, lakin inanın mənə, mən oranı istirahət etmək üçün heç məsləhət görməzdim” - deyə Bill Mendi bildirir.

B.Mendi və yoldaşı oteldən aeroporta getməyə və onların dalınca göndərilmiş təyyarəyə əyləşməyə daha dörd saat vaxt itirib. Nəhayət, onlar Sinqapura çatıblar. Sinqapur şirkəti sərnişinlərin qayğısına qalıb, oradan başqa ölkəyə uçmalı olan sərnişinlər üçün gecikdikləri reyslərə biletlər əvvəlcədən alınıb. Sərnişinlərin qeydiyyatı aparılıb, onları təyyarəyə qədər şirkət personalları müşayiət edib. Həmçinin London-Sinqapur reysinə aldıqları biletin pulunun tam qaytarılacağı barədə məktub təqdim ediblər. Sərnişinlərə şirkət hesabına psixoloji yardım xətti açılıb və istəyənlər bu xidmətdən istifadə ediblər.

B.Mendi Sinqapurdan İndoneziyanın Bali adasına gedib və orada iki həftə dincəldikdən sonra Londona qayıdaraq başlarına gələnlər haqda bu maraqlı hekayəni danışıb.

1586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33