Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Ukraynalı ekspertdən həyəcan təbili: Miqrantlar təhlükədə

“Ukraynada miqrantlara qarşı münasibət kəskinləşib”.

Bunu “Axar.az”a açıqlamasında ukraynalı politoloq Vyaçeslav Lixaç dedi.

O, son günlər Ukraynadakı hadisələrin millətlərarası münasibətlərə də təsir etdiyini bildirib. Politoloq artıq ölkədəki millətçilərin nəzarətdən çıxdığını bildirib:

“Baxın, məsələ getdikcə dərinləşib. Ukraynada miqrantlara qarşı millətçilərin təzyiqi günü-gündən güclənir. Doğrudur, açıq-aşkar hücumlar yoxdur. Amma sıxışdırmalar, sataşmaların sayı getdikcə artır. Bunun isə partlayışa çevriləcəyi artıq bəllidir”.

Ekspert Ukrayna mətbuatında artıq belə məsələlərə diqqət ayrılmadığını da xüsusilə vurğuladı:

“Mətbuat belə şeylərdə susur. Hökumət də demək olar ki, danışmır. Artıq hakimiyyətin təsir rıçaqları o qədər zəifləyib ki, hadisələrə müdaxilə etmək iqtidarında deyil. Müxalifət liderlərinin nəzarətində olan millətçilər üzərində də nəzarət artıq tamamilə itirilib”.

V.Lixaç miqrantlara qarşı münasibətin birdən-birə dəyişmədiyini də diqqətə çatdırdı:

“Ukraynada miqrantlara qarşı münasibət birdən-birə dəyişməyib. Bu, illərlə gedən prosesin nəticəsidir. Artıq ölkəyə gələn miqrantların çoxu özlərini kifayət qədər ədəbsiz aparırlar. Bu da imkan verir ki, millətçilər özlərinə haqq qazandırsınlar. Əgər buna müdaxilə edilməsə, Ukraynaya Şərqdən gəlmiş miqrantların vəziyyəti heç də xoş olmayacaq”.

Politoloq Ukrayna hakimiyyətinin bununla bağlı indən belə də gözləmə mövqeyi tutacağını dedi:

“Hökumət işə qarışmayacaq. Onlar üçün müxalifətin hərəkətlərini ifşa edəcək faktlar lazımdır və bundan da istifadə edəcəklər. Əgər vəziyyət ən pis həddə çatsa, o zaman hadisələrin qarşısını almaq üçün cəhdlər ediləcək”.
1433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber