Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Arif Əsgərovun sabunlu “taktikası”

Dəmir Yol İdarəsinin rəhbəri qatar bələdçilərinin aksiyasından sonra “orijinal” üsul tapıb; qarşı tərəf isə deyir ki, bu, onları ələ salmaqdan başqa bir şey deyil

“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin yanvarın 11-dən başlayan etiraz aksiyaları davam edir. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə, beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsidir.
Bu barədə öncəki xəbərlərimizdə, mövzunu davam etdirəcəyimizi bildirmişdik. Etiraz edən bələdçilərlə yenidən əlaqə saxladıq. Onların dediklərinə görə, etirazlardan sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi onlara 2 ədəd sabun və tualet kağızı veriblər.

“Keçirdiyimiz etiraz aksiyalarından sonra bizə söz veriblər ki, iş saatlarımızı artıracaqlar. Əslində bu, bizim normal haqqımızdır. Bizim 168 saat iş saatımız olmalıdır, bizə deyiblər ki, guya bunu bərpa edəcəklər, amma bu da inandırıcı deyil. Qatarlarda sərnişinlərin tələbatlarını qarşılamaq üçün bir çox vəsait çatmır. Bununla bağlı şikayətlərimizin qarşılığında bizə iki ədəd sabun və tualet kağızı veriblər. İki ədəd 11 qəpiklik sabunla, tualet kağızı ilə bütün qatarın tələbatı ödənilirmi? Bu, bizi ələ salmaqdan başqa bir şey deyil. Qatarın təmizlənməsi üçün, kimyəvi maddələr, şampunlar və bu kimi bir çox ləvazimat lazımdır. Sərnişinlərin tələbatlarını qarşılamaq üçün xərclənən pul hələ də öz cibimizdən gedir. Biz yanvarın 13-də Prezident Administrasiyasının qarşısında aksiya keçirmişdik, etirazımı bildirmişdik və şikayət ərizəsi ilə müraciət etmişdik. Bu ərizəyə sabah cavab veriləcəyinə söz verilib. Yanvarın 23-də Nazirlər Kabinetindən onlara ünvanladığımız şikayətlə bağlı cavab gəlməlidir. Əgər bu cavablar bizi qane etməsə, tələblərimiz, iş rejimimiz təmin edilməsə, yanvarın 25-də aclıq aksiyasına başlayacağıq. Bizim bundan başqa yolumuz qalmır. Biz sabah yenə toplaşaraq etiraz etmək qərarı almışıq. Bizim tələblərimiz yerinə yetirilənə qədər bu etirazlar davam edəcək.”
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəisi Elyar Muradov musavat.com-a açıqlamasında kişi bələdçiləri qanunsuz yükləri daşımaqda suçlamışdı. Sitat: “Kişi bələdçilərin sərnişinlərə göstərdikləri xidmət səviyyəsinin aşağı olması, sərnişinlərin bu haqda şikayətlər etməsi bizə əsas verir ki, lazımi tədbirlər görək. Bundan əlavə, onların ölkəyə gətirilməsi qadağan olunan məhsulların vaqonlarda yaratdıqları gizli bölmələrdə qanunsuz olaraq ölkəyə keçirmələri aşkar olunur. Hətta narkotik maddələr belə keçirmək istəyənlər olub ki, onları da hüquq-mühafizə orqanları aşkarlayıb və o şəxslər hazırda həbsdədir. Bu kimi mənfi halların baş verməsi bizim qadın bələdçilərin xidmətindən istifadə etməkdə nə qədər doğru seçim etdiyimizi göstərir.”/Musavat/
1470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10