Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

“Sınıq körpü”dən başlayan əzablı yol

Sahibkarlar Gürcüstan-Azərbaycan sərhədindəki özbaşınalığın görünməmiş həddə yüksəldiyindən şikayət edir
Azərbaycanın Gürcüstanla sərhədində yerləşən Sınıq körpü gömrük-keçid məntəqəsi son aylar dövlət orqanı statusundan çıxaraq sahibkarlara xüsusi işgəncə verən orqana çevrilib. Gömrük məntəqəsindən davamlı istifadə edən sahibkarlar “Yeni Müsavat”a belə deyir. Onların sözlərinə görə, son aylar durum tamamilə nəzarətdən çıxıb və məntəqənin gerçək anlamda hansı funksiyanı daşıdığını müəyyən etmək çətinləşib.

Sahibkarların sözlərinə görə, Türkiyə, Gürcüstan sərhədini 15-20 dəqiqəyə keçdikləri halda Azərbaycan sərhədində nəinki saatlarla, bəzən günlərlə yubanmalı olurlar. Bu isə əlavə əsəb, əlavə vaxt və pul itkisi deməkdir. Sahibkarlardan Azərbaycana gətirdikləri məhsullarla saysız-hesabsız sənədlər tələb olunur. Gömrük məntəqəsindən istifadə edənlər bildirir ki, əslində Azərbaycan ərazisinə gətirilən zaman hansı məhsullar üçün hansı sənədlərin tələb olunduğu normativlərdə yazılıb. Ancaq gömrükçülər demək olar, hər bir sahibkardan əlavə sənədlər tələb edir, təqdim etdikləri sənədlərin əslini tələb edirlər. İş adamları bildirir ki, Azərbaycana hər hansı məhsul gətirildikdə həmin məhsulun sənədlərinin əsli sürücüdə olur. Ancaq gömrük məntəqəsində çalışanlar sənədləşmə prosesində süründürməçiliyə yol verirlər. Bəzən elə təəssürat yaranır ki, bu şəxslər gerçəkdən sənəd və sənədləşmə prosesindən xəbərsizdirlər. Bu səriştəsiz və təcrübəsiz işçilərdən bezən şəxslər isə hara müraciət edəcəklərini belə bilmirlər. Çünki məntəqənin yeni rəisi də elə onlar kimi bu sahədə təzədi.

Yada salaq ki, qısa müddət öncə “Sınıq Körpü” gömrük-keçid məntəqəsinin rəhbəri Ceyhun İbrahimov vəzifəsindən uzaqlaşdırılıb və bu posta Kənan Nehrəmli gətirilib. İş adamları iddia edirlər ki, Kənan Nehrəmli vəzifə başına keçəndən sonra isə gömrük məntəqəsində durum daha dözülməz hal alıb. İş adamları “Yeni Müsavat”a açıqlamalarında bildirir ki, gömrük işçiləri və hər gömrük işçisinin yanında sahibkarların qəsdinə dayanan monopolistlərin nümayəndələri onların bizneslə məşğul olma imkanlarını heçə endirir. Onların fikrincə, kənd təsərrüfatı məhsullarının bahalaşmasının əsas səbəblərindən biri də məhz budur.

“Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən ölkəyə gətirilməsi çətinləşdirilən məhsullardan biri də dünya bazarında 30-40 sentə təklif olunan kartofdur. Gömrük işçiləri kartofa qaçaq mal qədər “həssaslıqla” yanaşır. Təkcə monopolistlər kartofun hər tonu üçün sahibkarlardan 190 dollar alır. Gömrükdəki rəsmi və az qala hər saat yüksələn qeyri-rəsmi rüsumlar da xərclərə əlavə olunduqda kartof pərakəndə satış məntəqələrinə 70-80 qəpiyə gəlib çıxır. Bu isə o deməkdir ki, kartofun hər kiloqramında 40-43 qəpik monopolist və adını gömrük məntəqəsi qoyub faktiki reketçiliklə məşğul olanlarındır.
Sahibkarlar korrupsiyaya qarşı mübarizə ilə məşğul olan dövlət orqanlarını da Sınıq Körpüdə reyd keçirməyə dəvət edir. Onların fikrincə, uşaq bağçalarında valideynlərdən 10 manat alan müəllimləri güdməkdənsə gömrükdə dövr edən milyonların izinə düşsələr ölkəyə daha ciddi xeyir vermiş olarlar./musavat/
1452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı