Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Korrupsiyanın söndürdüyü işıqlar

«Azərenerji» milyardlar xərcləsə də, əhali keyfiyyətli və fasiiləsiz enerji ilə təmin olunmur

Mənfətlə işləyən ASC-nin borcu bir ildə 520 miylon manata necə çatıb?

Hər il kommunal qurumlar qış mövsümünə tam hazır olduqlarını bəyan edirlər. Amma soyuq qapımızı döyməmiş işığımız və qazımız kəsilir. Havalar bir qədər sərtləşən kimi elektrik xətlərində qısa qapanmaların sayı artır, enerjinin verilməsində saatlarla fasilələr yaranır. Misal kimi Xətai rayonunu göstərmək olar. Burada elektrik enerjinin verilişində tez-tez fasilələr yaranır, mənzillərə paylanılan enerjinin gücü isə normadan çox aşağı olur. Eyni vəziyyət Bakının digər rayonlarında da hökm sürür. Regionlarda vəziyyət daha kritikdir. Elektrik enerjisi o qədər zəif gərginliklə verilir ki, istilik və digər elektrik avadanlıqlarının normal işlətməyə gücü çatmır. Bu isə əhalinin kommunal xidmətlərlə fasiləsiz və keyfiyyətli təminatına dair hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Normal gərginlikdə və fasiləsiz işıqla niyə təmin oluna bilmirik?

Rəsmi qurumlar əhaliyə tam kefiyyətli xidmət göstərdiklərini bildirir, yaranan fasilələri pis hava şəraiti ilə bağlayırlar. Digər səbəb kimi isə sərt havalarda elektrik naqillərinin yüklənməsini və nəticədə partlayışlar əmələ gəlməsini göstərirlər. Bəs, on ildə bu sahəyə daxili və xarici mənbələr hesabına yatırılan 4 milyard manatlıq investisiya hara sərf edilib? Abonentlərdən yığılan vəsaitləri də bunun üzərinə gələndə, enerji sektorunda dövr edən milyardların həcmini təsəvvür etmək olar. Bu qədər investisiyanın qarşılığında adiyyatı qurumlar heç paytaxtda standartlara uyğun enerji təsərrüfatı qura bilməyiblər.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev deyir ki, beynəlxalq təcrübəyə görə keyfiyyətli elektrik enerjisi almağın iki indektoru var. Birincisi, fasiləsizlik, ikincisi gərginlik. «Normaya görə, hər bir istehlakçı 220 V enerji almalıdır. Məsələn, mən yaşadığım mənzilə gərginlik ölçən cihaz quraşdırmışam. Hələ 220 V enerji aldığımıza rast gəlməmişəm. Qış aylarında 175-185 V, yay aylarında maksimum 200 V olur. Bir dəfə də məişət cihazı alırdım. Mənim şəxsiyyət vəsiqəmdə harda yaşadığıma baxdılar. Səbəbini soruşdum, dedilər ki, Nizami, Qaradağ və Xətai rayonunda qeydiyyatda olsaydım məişət cihazına, gərginliyi stabillişəndirən aparat olmadan zəmanət verməyəcəklər. Bu rayonlarda gərginlik o qədər aşağı olur ki, elektrik avadanlıqları tez sıradan çıxır. Aldığımız enerjinin gərginliyi ilə bağlı vəziyyət çox ağırdır. Fikrimcə, bunun iki səbəbi var. Birinci, nə qədər yatırım qoyulsa da, ötürücü xətlərin keyfiyətinin aşağı olmasıdır. Naqillərin bir neçə yerində qırılmalar olanda verilən cərəyanda da itklər çox olur. Müntəzəm olaraq, naqillər dəyişməlidir. İkinci səbəb kimi isə, yarımstansiyalarda yükün həddən artıq çox olmasıdır. «Azərenerji» artıq xərc çəkməməkdən ötrü 1000 ev üçün nəzərdə tutulan yarımstansiyalara 1500-1600 ev qoşur», deyə ekspert qeyd edir.

«Azərenerji» borc içində niyə üzür?

Dövlətin investisiya xərclərindən son 10 ildə «Azərenerji» və «Bakıelektrikşəbəkə»yə 2 milyard manat ayrılıb. Habelə xarici borcanmada «Azərenerji» ASC öndə gedən dövlət təşkilatlarından biridir. İmzalanmış sazişlərə əsasən, qurum 2,4 milyard dollar kredit almalıdır. Maliyyə Nazirliyinin 2010-cu il xarici borclanmaya dair məlumatına görə, «Azərenerji»i kreditlərin 1,4 milyard dollarını artıq istifadə edib. Sonrakı illərlə bağlı heç bir detal təqdim edilməsə də, «Azərenerji»nin maliyyə hesabatından müəyyən məlumatlar əldə etmək olur. Hesabata görə, 2011-ci ildə 117 milyon manat, 2012-ci ildə isə 156 milyon manat kredit alıb.
Həmin investisiyalar hesabına elektrik stansiyalarının və yarımstansiyaların tikintisi həyata keçirilib. Amma bu qədər tikintilər yenə keyfiyyətə təsir göstərə bilmir. O da bəllidir ki, «Azərenerji» ASC dövlətin iri vergi ödəyicilərindən biridir. Lakin ASC vergiləri ödəməkdə çətinlik çəkir. Hazırda ARDNŞ-ə 300 milyon manatlıq qazdan, dövlət büdcəsinə isə 250 milyon manat mənfəət vergisindən borcu var. Xarici borclanmanı da nəzərə alsaq, ASC-nin hazırda borcu 3 milyard dolları ötüb.
Bəs, gəlirlər hara gedir? Dövlət Statistika Komitəsinin 2012-ci ilə dair hesabatına görə, Azərbaycanda 22,9 milyard kVsaat enerji istehsal və istehlak edilib. İstehlakçılara hər kVsaatı 6 qəpikdən satıldığını nəzərə alsaq, 1,3 milyard manatlıq gəlir deməkdir. «Azərenerji»nin hesabatına görə, 2012-ci ildə yığım səviyyəsi ortalama 93 faiz olub. Qeyd edək ki, ötən il isə istehlak 21 milyard kVsaat olub. Son beş ildə ən az istehlak 2010-cu ildə qeydə alınıb- 18,7 kV saat. Deməli, bu illər ərzində ASC-nin ən az gəliri 1 milyard manat civarında olmalıdır. Onu da diqqətdən qaçırmayaq ki, ASC bütün invesitisiyalarını öz vəsaiti hesabına deyil, dövlət büdcəsi, ya da kredit hesabına həyata keçirir. Burada gəlirləri investisiyaya yönəltməyə ehtiyac qalmır.
Amma Səhmdar Cəmiyyətini hesabatında göstərilir ki, 2012-ci ildə cəmi 750 milyon manat gəliri olub. Müəyyən xərcləri, maya dəyərini çıxdıqda isə, «Azərenerji» cəmi 120 milyon manat mənfəət əldə edib. Burada iki məsələ ortaya çıxır. 22,9 milyard kV saat elektrik enerjisi istehsal olunduğu halda, onun satışının 40-50 faizi civarında gəlir əldə olunub. O zaman 93 faizlik yığım haqqında statistika özünü doğrultmur. İtkiləri nəzərə alsaq, kənarlaşma 10 faiz civarında olması qəbul edilə bilər.
Digər bir məqam mənfəəti olduğu halda, 2012-ci ildə ASCnin dövlət büdcəsinə borclu qalması təəccüb doğurur. Həmin il «Azərenerji» Dövlət Neft Şirkətinə 217 milyon manatlıq yanacaq xərci, dövlət büdəsinə isə 38 milyon manat mənfəət vergisi ödəyib. Amma yenə də hər iki mənbəyə 520 milyon manat borclu qalıb. İllik gəliri və mənfəəti olduğu halda borcunun yaranması məntiqə uyğun gəlmir.

«Borcların 74,2 faizi «Azərenerji»nin payına düşür»

İqtisadçı Rövşən Ağayev deyir ki, «Azərenerji»nin satdığı elektrik enerjisindən ƏDV-tutulduğundan ASC-yə 6-yə qəpikdən deyil, 4,9 qəpiyə (belə olan halda satışdan 1,1 milyard manat gəlir əldə edilib- V.R) başa gəlir: «Bundan əlavə, hökumət bəyan edir ki, enerjinin paylaşması zamanı 15 faiz itkiyə sərf olunur, habelə borcları da əsas gətirə bilərlər. Bu baxımdan, hesabatda göstərilən gəliri həqiqətə uyğun hesab etmək olar. Xərclə gəlirin mədaxili müqabilində, yerdə qalan mənfəəti az hesab etmək mümkündür. Əsas korrupsiya gəlirlərdə deyil, xərclər hissəsindədir. Hələ bir müddət əvvəl mətbuatda getmişdi ki, bazarda 5 manata olan «saçokları» «Azərenerji» işçilərə verərkən 100 manatdan silir. Mənfəətin az olması da xərclərin şişirdilməsi ilə bağlıdır. Ona görə də, əsas diqqəti ümumi pul mədaxilinə deyil, xərclərə yönəltmək lazımdır».
İqtisadçının sözlərinə görə, şişirdilmiş xərclərə baxmayaraq, səhmdar cəmiyyət az da olsa mənfəətinin olduğunu göstərir: «Deməli, zərərlə işləmir. Amma Hesablama Palatasının son hesabatına görə, dövlət büdcəsinə mənfəət vergisindən yaranmış borcların 74,2 faizi «Azərenerji»nin payına düşür. Mənfəəti olan şirkətin dövlət büdcəsinə borcu olmamalıdır».
R.Ağayev vurğulayır ki, enerji sektoruna investisiya yatırmazdan öncə hökumətin ictimaiyyətə açıq olan proqramı olmalıdır: «Həmin proqramda hansı işlərin görüləcəyi və əsaslandırılması yazılmalıdır. Fəaliyyət üzrə xərcləri və onun mənbələri müəyyənəşdirilməli idi. O halda, şəffaflıqdan danışa bilədik. Bu gün «Azərenerji» dövlət zəmanəti ilə borc alan əsas şirkətlərdən birinə çevrilib»./bizimyol/
1609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber