Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Əsgəri intihara sürükləyən 3 səbəb

Azərbaycan ordusunda özünəqəsd halları rekord həddə çatıb

Ekspertlər faciəyə aparan problemləri sadalayıb çıxış yollarını göstərirlər

Yeni ilin ilk ayında əsgər intiharları və intihara cəhdlər barədə yayılan xəbərlər orduda ciddi problemlərin hələ də həll edilməmiş qaldığı qənaətini formalaşdırır. Yanvar ayının ilk yarısında Silahlı Qüvvələrin 4 əsgəri intihar etməklə həyatına son qoyub. Eyni hərbi hissədə xidmət edən 2 gənc əsgər eyni gündə intihara cəhd edərək, özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Rəsmi məlumatlarda baş verən hadisələrin psixoloji problemlər ucbatından baş verdiyi deyilir. Bəs bu problem nədən qaynaqlanır, çıxış yolları nədir? Bu barədə sualları hərbi ekspertlərlə aydınlaşdırmağa çalışdıq.

1 ayda 4 intihar son 11 ilin statistikasında ilkdir

“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli bildirir ki, 2003-cü ildən apardıqları monotorinqin nəticələri son illlərdə Azərbaycanda qeyri-döyüş itkilərinin sayının artığını göstərir. “Xüsusilə qeyri-nizamnamə handisələri və intiharların sayında bu tendensiya hiss olunur. Təəssüfləndirici haldır ki, son 4 ildə intiharların sayının artması Azərbaycanın müdafiə xərclərinin artığı bir dövrə təsadüf edir. Halbuki müdafiə xərclərinin artması hərbi hissələrdə qulluqçuların münasibətlərinin normallaşması istiqamətinə müsbət təsir etməli idi. 2003-cü ildən bu günə kimi intiharların sayı 110-u keçib və bunun 50-si son 3 ilin payına düşür”. Hərbi ekspert bildirir ki, intihara bir çox amillər səbəb olur.
«Ümumiyyətlə ordunun durumunu - döyüşkən, yoxsa problemli olduğunu bilmək istəyirsənsə, iki göstəriciyə nəzər salmaq lazımdır: qeyri-nizamnamə səbəblərindən baş verən itkilər və intiharların sayı. Təəssüf ki, bizdə hər iki sahə üzrə artım var və itkilərin təxminən 30 faizi bu sahələrin payına düşür. Ona görə də, Silahlı Qüvvələrdə çox ciddi dəyişikliklərə ehtiyac yaranıb. Səfər Əbiyevin nazir olduğu dövrdə orduda ciddi idarəetmə böhranının olduğunu bildirirdik. Ordunun birinci şəxsi tərəfindən idarəetmədə yaradılan problemlər kiçik komandirlərin fəaliyyətinə təsirsiz ötüşmürdü. Ötən ilin oktyabrında Müdafiə Nazirliyinə yeni rəhbərin təyin edilməsi zamanı orduda ciddi yeniliklərin tətbiq olunacağını, xüsusilə ordunun idarəetməsinə sağıam kadrların təyin ediləcəyini, rüşvət və korrupsiyanın aradan qaldırılacağını, şəffaflıq təmin edilərək itkilərin sbəbləri ilə bağlı cəmiyyətə informasiyalar veriləcəyini gözləyirdik. Təəssüf ki, bütün bunlar baş vermədi. Düzdür, ötən ilin son iki ayında - yeni müdafiə nazirinin 2 aylıq dövründə itkilərin sayında azalma müşahidə olundu. Ancaq bu ilin əvvəlindı tıhlükəsizlik və müdafiə sektorunda 4 intihar hdisəsinin baş verməsi və bunlardan üçünün MN-ə aid olması onu göstərir ki, orduda çox ciddi dəyişikliklər baş verməyib. Təssüfləndiricidir ki, monitorinq apardığımız 11 il ərzində heç zaman 1 ay ərzində bu qədər intihar halı qeydə alınmayıb. Əgər bunun qarşısı alınmazsa, Azərbaycan ordusundakı intiharların sayı pis mənada rekord həddə çata bilər. Biz orduda rüşvət və korrupsiyanın aradan qaldırılmasını gözləyirdik. Lakin yenə də bu cür xəbərlər gəlir ki, hərbi hissələrdəki təmirlər zabit-gizirlərin hesabına həyata keçirildiyi üçün onların maaş kartları yenə da ticarət obyektlərində girov saxlanılır, əsgərlər döyülür, cinayət işlərinin araşdırılması istiqamətində problemlər qalır. Cinayət işləri ilə bağlı Hərbi Prokurorluq, Müdafiə Nazirliyi açıqlama vermir, məhkəmənin yekun hökmü mətbuat vasitəsilə ictimaiyyətə açıqlanmır” . C.Sümərinli vurğuladı ki, bu hallar Müdafiə Nazirliyində qeyri-nizamnamə hadisələrinin və intiharların cəmiyyətdən gizli saxlanılmasında maraqlı olan şəxslərin varlığını göstərir.

Cəsur Sümərinli: «Qətl hadisəsini intihar kimi təqdim edirlər»

“Bəzən intihar kimi təqdim olunan hadisə əslində qətl hadisəsi olur. Onlara geyindirmək üçün “intihar” adı verirlər. Bununla bağlı valideynlər dəfələrlə bizə məlumatlar veriblər. Ötən ildə əsas günahkarları məsuliyyətdən yayındırmaq üçün qətl hadisəsini intihar kimi təqdim etmək hallarına çox rast gəlinib. Təəssüf ki, bu ilin yanvar ayı ərzində intihar kimi təqdim edilən hadisələrin də əslində qətl olması ilə bağlı cəmiyyətdə şübhələr var. Bunun səbəbi isə, rəsmi qurumların hadisə və cinayət işləri ilə bağlı cəmiyyətə açıq olmamasıdır”. Hərbi ekspert bildirir ki, intihar hadisələrində Hərbi Həkim Komissiyaları da məsuliyyət daşımalıdır.
«İntiharlara səbəb olan psixoloji gərginliyin həm xidmət dövründə, həm də xidmətə qədərki dövrdə yaranması mümkündür. Təəssüf ki, indiyədək Azərbaycanda hərbi çağırışçının yalnız fiziki sağalmığı daha çox yoxlanılıb. Psixoloji vəziyyətinin yoxlanılması ilə bağlı hansısa testin keçirilməsi hər zaman arxa planda olub. Ancaq intiharların bu qədər artması hərbi çağırışçıların psixoloji durumunun yoxlanılmasını birinci plana çıxarmalıdır. Bizdə fəaliyyət göstərən hərbi həkim komissiyalarının tərkibində həm Müdafiə Nazirliyi tibb xidmətinin, həm də Səhiyyə Nazirliyinin nümayəndələri təmsil olunurlar. Çağırışçıların sağlamlığının yoxlanılmasına isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) cavabdehdir. Təəssüf ki, bu xidmətin fəaliyyəti ilə bağlı çox cidi qüsurlar var. Ötən illərdə hərbçinin mülki həyatda xəstə olduğu halda hərbi xidmətə aparılması və orada xəstəlikdən dünyasını fəyişməsi hallarına rast gəlinib və statistikalarımızda bu faktlar yer alır. Eyni zamanda, SHXÇDX-nin komissiyaları çağırışçıların psixoloji durumunu yoxlamırlar ki, bu da problemli əsgərlərin intihar etməsi ilə nəticələnir. Bu baxımdan da Azərbaycanda qurumlararası münaqişə ortaya çıxıb. Görünən odur ki, MN SHXÇDX-nin bu fəaliyyətini bəyənmir və özü əsgərləri ikinci dəfə yoxlamağı qərara alıb. Bu tip yoxlamalar nəticəsində bəzi hərbi qulluqçuların ordudan təxris olunması ilə bağlı yayılan xəbərlər xidmətin fəaliyyətində problemlər olduğunu ortaya qoyur. Bununla bağlı ölkə rəhbərliyi səviyyəsində tədbir görülməlidir”. C.Sümərinli bu kimi problemlərdən çıxış yollarını da təklif edir.

Nə etməli?

“MN intihar və və qeyri-nizamnamə hallarının qarşısını almaq üçün ilk növbədə hərbi qanunvericiliyini yenilənərək NATO standartlarına uyğunlaşdırılması ilə bağlı parlamentə müraciət etməlidir. Bundan başqa hərbi qulluqçuların - xüsusilə də zabit-gizirlərin sosial rifahı yüksəldilməli, əməkhaqqları kəskin şəkildə artırılmalıdır. Eyni zamanda hərbi hissələrdə mülki vəzifəli şəxslərin sayı çoxaldılmalıdır. Çünki araşdırsaq görərik ki, orduda baş verən intihar və digər neqativ hallar müəyyən texniki, təmizlik, yeməkxana və s. işlərin görülməsi ilə bağlı yaranan münaqişlər nəticəsində baş verir. Ona görə də bu işlərin görülməsi mülki şəxslərə həvalə olunmalıdır. Həmçinin korrupsiya və rüşvət halları ilə bağlı konkret addımlar atılmalı və ictimaiyyətə açıqlanmalıdır ki, digər zabitlər də bundan nəticə çıxarsınlar. Əks halda ordudakı böhranın qarşısı alınmayacaq və itkilərin sayı artacaq” - Sümərinli qeyd etdi.

Azad İsazadə: “Orduda “dedovşina”nı aradan qaldıra bilmirik”

Hərbi psixologiya üzrə mütəxəssis Azad İsazadə bildirir ki, 2014-cü il başlayandan Azərbaycan qəribə statistika ilə üz-üzədir. “Yanvarın 18-ə olan statistik məlumatlara görə, il başlayandan ölkə ərazisində ümimilikdə 18 intihar hadisəsi baş verib. Faktiki olaraq hər günə 1 intihar düşür. O ki qaldı orduda baş verənlərə, hərbi xidmət ekstremal bir vəziyyət sayılır. Orada risklər yüksək olduğu kimi, buna qarşı tədbirlər də yüksək səviyyədə olmalıdır. Buna görə də, əsgərlərin psixoloji durumunu öyrənmək və onları ekstremə hazırlamaq vacibdir. Bəzi insanlar bu ekstremal vəziyyətə hazır deyillər. Məsələn, bizi ekstremal idman növü olan alpinizmlə məşğul olmağa aparsalar, hazırlıq görmədiyimizə görə, stresli və çətin olacaq. Elə insan da var ki, bundan ləzzət alır. Hərbi qulluq da belədir. İlk əvvəl insanı hərbi xidmətə hazırlamaq lazımdır. Bütün ömrünü evdə keçirmiş və daim vanna otağında tək yuyunmağa adət etmiş birisini birdən-birə gətirib kollektiv şəkildə - 25-30 nəfərlə eyni vaxtda yuyundururlar. Evdə 4-5 nəfər çörək yeməyə öyrəşmişik, orduda isə yüzlərlə adam eyni zamanda əyləşib müəyyən vaxt çərçivəsində yemək yeməlidir. Yaxud da 1-2 nəfər eyni otqada öyrəşiib, sonra isə 100 nəfərlik kamerada yatmağa məcbur olur. Bu hələ qanuni tərəfləridir. Bundan başqa, qeyri-rəsmi münasibətlər, fiziki və psixoloji basqılar, çətin tapşırıqlar, məişət məsələləri və s. hallar gənc əsgər üçün qeyri-adi hal sayılır. Bəziləri isə buna dözmür. Ona görə də buna insanları hazırlamaq, çağırışçılarla işləmək lazımdır. Təklif edirəm ki, 10-11-ci sinfin uşaqlarını ildə 2-3 dəfə hərbi hissələr apararaq yeməkxana, kazarma və s. yerlərlə tanış etmək lazımdır. Heç olmasa həmin mühiti görsünlər. Bu, bir səbədir. Digər əsas məsələ odur ki, orduda “dedovşina”nı aradan qaldıra bilmirik. Halbuki bu problemi həll etmək o qədər də çətin deyil” - deyən hərbi psixoloq Hərbi Tibb Komissiyalarını fəaliyyətinə də toxundu.

Hərbi hissələrdə hərbi psixoloq olmalıdır

“Bu komissiyaların yalnız çağırışçının ruhi sağlam olub olmaması ilə bağlı suala cavab vermək imkanı var. Nevrotik problem aşkar olunduğu halda çağırışçı gedib məcburi şəkildə stasionar müalicə keçməlidir. Amma bəzən mülki şəraitdə özünü göstəməyən nevrotik problem ekstremal şəraitdə özünü biruzə verir. Bunu müəyyən etmək üçün xüsusi testlər mövcuddur. Heç psixoloji yox, sadə bir nümunə götürək. Aran rayonunda yaşayan çağırışçı yüksək dağlıq ərazidə xidmət etməyə təyin olunursa, o fiziki ağırlığa dözməyəcək. Onu yüksəkliyə tədricən qaldırmaq lazımdır. Məsələn, Murovdağa gənc əsgərin qaldırılması mərhələlərlə nəzərdə tutulub. O cümlədən, digər çətinliklərə əsgərlər öyrəşdirilməli və ilkin mərhələdə hansısa psixoloji problem aşkarlanarsa, vaxtında tədbir görülməlidir.
Azad İsazadə hesab edir ki, intihar hallarının aradan qaldırılması üçün mütləq hərbi hissələrdə hərbi psixoloqlar fəaliyyət göstəməlidir. “21-ci əsrin hərbi hissəsində mütləq hərbi psixoloq institutu olmalıdır. Ancaq adi psixoloqa gətirib hərbi hissədə vəzifə verməklə problem həll edilməyəcək. Bunun üçün mütləq elmi-tədqiqat institutu yaradılmalı və ixtisaslaşmış kadrlar hazırlanmalıdır. Bu işə indi başlasaq 5-10 ildən sonra hərbi hissələrin hamısına çatan peşəkar hərbi psixoloqlar yetişdirə bilərik” - Azad isazadə bildirir./bizimyol/
1488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber