Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Hakimiyyətin əklil qadağası etirazla qarşılandı

Tanınmış ziyalılar bu addımı yolverilməz sayır

Bu gün Azərbaycan həqiqətən də xeyli sayda utancverici məqamların olması baxımından analoqsuzdur. Bu ölkədə insanların cüzi tənqidə görə şərlənməsi, həbsə atılması, vətəndaşların dilənçi vəziyyətinə salınması, azğın məmurların ədalətsizliyi adi hala çevrilib.

Ancaq baş verənlər bununla da bitmir. Artıq vəziyyət o həddə çatıb ki, insanların Şəhidlər xiyabanına əklil qoyması da yasaq olunub. Çünki Şəhidlər xiyabanına əklili yalnız ölkə başçısı qoya bilər. Göründüyü kimi, hakimiyyət matəm günlərində belə vətəndaşlara hörmətsizliyindən çəkinmir, şəhidlərin ruhuna sayğısızlıq nümayiş etdirir.

Necə olur ki, 20 Yanvar faciəsi günlərində bu xalqla bir yerdə olmuş, eyni acıları yaşamış adamlar xiyabana əklil qoya bilmir, ancaq həmin dövrdə ölkə xaricində yaşayan Ilham Əliyev analoji addımı ata bilir? Bu ayrı-seçkilik hansı mənəviyyata sığır?

2014-cü ilin 20 Yanvar tarixi növbəti utancla müşahidə olundu. Milli Şuranın xiyabana əklillə girəcəyini görən polislər əklil aparan gənclərə hücum çəkdi və ziyarətə gələn vətəndaşlara qarşı hörmətsizlik nümayiş etdirdi. Səbəb isə bu imiş ki, xiyabana əklil qoymaq qadağandır. Ancaq polislər və onlara bu sifarişi verənlər öz niyyətlərinə çatmadılar, əklil şəhidliyə qoyuldu.

Ümummilli matəm günlərində belə ayrı-seçkilik edilməsini, süni əkili qadağası yaradılmasını tanınımış ziyalılar da etirazla qarşıladı.

Professor Qulu Məhərrəmli bildirdi ki, bu kimi addımlar qaşınmayan yerdən qan çıxarmağa xidmət edir: “Azərbaycan tarixində elə hadisələr var ki, bu hadisələr birləşmə anıdır. Yəni bu məsələdə iqtidar-müxalifət qarşıdurması olmamalıdır, bu günlər birləşdirici faktor rolunu oynayır. Bu məsələlərdə insanlar bir-birinə nə qədər ehtiramla yanaşsalar, bir o qədər həmin günün dəyərini artırmış olurlar. Hər hansı qadağanı, məhdudiyyəti, qarşıdurma cəhdini əhəmiyyətsiz və yersiz hesab edirəm. Bu kimi halları qaşınmayan yerdən qan çıxarmaq cəhdi kimi qiymətləndirirəm”.

Tanınmış şair Musa Yaqub da qəzetimizə açıqlamasında baş verənlərin yolverilməz olduğunu bildirdi: “Mən şəhidlərimizi ziyarət edən insanlara bu kimi qadağalar yaradılmasını pisləyirəm. Faciə günündə belə qarşıdurmalara səbəb olmaq yolverilməzdir və mən bunu lazımsız hesab edirəm”.

Millət vəkili Sabir Rüstəmxanlı da əklil qadağasının yanlış olduğunu bildirdi: “Mən hazırda xaricdəyəm və nə baş verdiyindən xəbərsizəm. Nəyə görə qadağa qoyulmasını cavablandırmaqda çətinlik çəkirəm. Əgər belə bir qadağa varsa, əvvəlcədən ictimaiyyətə məlumat verilməli və bu addım əsaslandırılmalı idi. Ancaq istənilən halda şəhidliyə əklil qoyulmasını qadağan etməyi düzgün saymıram”. /azadliq.info/
1353 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20