Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Türkiyə gömrüyündə “rüşvət əməliyyatı”

Dövlətə 30 milyonluq zərər vuran 30 nəfər saxlanıldı; içi malla dolu 70 konteynerə həbs qoyuldu

Keçmiş nazirdən «rüşvət dosyesi» ilə bağlı ilk açıqlama

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl xalqla görüşlərinin birində 17 dekabrda başladılan “rüşvət əməliyyatı”nın hələ bitmədiyinin, davamının gələcəyinin anonsunu vermişdi. Ərdoğanın bu açıqlamasından çox keçməmiş yeni bir rüşvət əməliyyatının sədası çıxdı. Məlum oldu ki, dünən Türkiyənin Halkalı gömrüyündə “rüşvət əməliyyatı” həyata keçirilib.

İzləmələr 6 ay əvvəl başlayıb

Istanbul Gömrük Mühafizə və Qaçaqmalçılıq şöbəsinin əməkdaşları müəyyən ediblər ki, Çindən idxal edilən bəzi tekstil mallarının gömrükdən keçirilməsi zamanı pozuntulara və rüşvət hallarına yol verilib. Vergisi yüksək olan həmin mallar vergisi az olan mallarla eyni dəyərdə göstərilib. Əməliyyatçılar rüşvət faktını üzə çıxarmaq üçün düz 6 ay izləmə və araşdırma həyata keçiriblər. Əməliyyat zamanı tekstil firmalarının sahibləri və gömrük işçilərindən ibarət 30 nəfərlik dəstə həbs olunub. Daha 20 nəfər isə istintaqa cəlb olunub və onlardan ayrı-ayrılıqda ifadə alınıb. Həmçinin içi malla dolu olan 70 konteynerə də həbs qoyulub. Həbs edilən şəxslərin Türkiyə dövlət büdcəsinə 30 milyon dollar dəyərində ziyan vurduğu bildirilir.

Daha 500 polis işdən çıxarıldı

Dünən Türkiyə polisində növbəti “işdən çıxarılma əməliyyatı” həyata keçirilib. Ankara polisinin 470 əməkdaşı, eləcə də rəis müavini, Izmir polisinin isə 10 şöbə rəisi və rəis müavini işdən çıxarılıb. Işdən çıxarılan polislər başqa şəhərlərin polis idarələrinə təyin olunublar. Sivasda isə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Fatih Akpınar vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə Gemerek Polis Idarəsinin rəisi Hüseyn Salman gətirilib.

“Yaxın günlərdə danışacam...”

Keçmiş Daxili işlər naziri Müəmmər Gülər barəsində hazırlanmış cinayət dosyesi ilə bağlı ilk dəfə açıqlama verib. M.Gülər “Əl-Cəzirə”yə bildirib ki, istintaq getdiyi üçün hələlik heç nə deyə bilmir. Amma yaxın günlərdə məsələ ilə bağlı mövqeyini açıqlayacaq: “Vəzifəmdən gedəndə də demişdim - verilməyəcək bir hesabım yoxdur. Yaxın günlərdə mövzu ilə bağlı açıqlama verəcəm. Istintaq getdiyi üçün indiki mərhələdə danışmaq istəmirəm”.
Qeyd edək ki, həmin dosyedə keçmiş nazirlər Zəfər Çağlayan (keçmiş Iqtisadiyyat naziri), Müəmmər Gülər (keçmiş Daxili işlər naziri), Egemen Bağış (keçmiş Avropa Birliyi naziri) və Ərdoğan Bayraktar (keçmiş Ətraf və şəhərsalma naziri) haqqında çox ciddi ittihamlar yer alıb. Zəfər Çağlayan 28 dəfəyə ümumilikdə 52 milyon dollar rüşvət almaqda, cinayət törətmək məqsədilə təşkilat qurmaqda, saxta sənədlərlə ixrac əməliyyatları həyata keçirməkdə ittiham olunur. Müəmmər Gülər 10 dəfəyə ümumilikdə 10 milyon dollar rüşvət almaqda, cinayət törətmək məqsədilə təşkilat qurmaqda, vəzifə səlahiyyətindən sui-istifadə etməkdə, Egemen Bağış isə 3 dəfəyə 1,5 milyon dollar rüşvət almaqda günahlandırılır. Hökumət nazirlərin dosyesinə seçkidən sonra - aprel ayında qiymət verəcək.
1364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber