Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Ağstafa məhkəməsi şəhid anasını evdən çıxarır

İki oğlunu vətənin müdafiəsində itirmiş ana ölkə prezidentinə müraciət edib
Bu günlərdə Ağstafa rayon sakini, iki şəhid anası Firəngiz Abbasova redaksiyamıza müraciət edərək komada olan nəvəsi Turxan Abbasovun acınacaqlı vəziyyətini işıqlandırmağımızı istəyib. Məlumat əsasında müxbirimiz həmin ailədə olub.
Firəngiz xanım nəvəsi Turxan Abbasovun 4 ay bundan qabaq avtomobil qəzası keçirdiyini və həmin vaxtdan bu yana 30 min manata yaxın pul xərclənməsinə baxmayaraq, hələ də heç bir nəticə olmadığını, nəvəsinin komada yatdığını bildirib.

“İki oğlum - Xəyyat və Bakir Abbasovlar eyni ildə, 1994-cü ildə şəhid olub. İki ay ərzində iki oğlumu vətənə qurban verdiyim bir yana, daha iki oğlum da müharibədən veteran kimi qayıdıb: Şövqi və Şahid Abbasov. Gözümün yaşı qurumur, oğul. Bütün bunların üstünə bir də nəvəm Turxanın komada olması elədən belə, belədən elə sinəmə dağ çəkir. Qəzaya düşməmişdən bir az qabaq evlənmişdi. Xoşbəxt ola bilmədi balam. Bəxtsiz balamın nə dili var, nə ağzı var; nə əli tərpənir, nə ayağı... ”

O qeyd edib ki, həkimlər Turxanın müalicəsinin xaricdə olduğunu bildirirlər.
“Xəstəxanalara pul tökməkdən birtəhər olmuşuq. Aylarla Neyrocərrahiyyə İnstitutunda müalicə olunsa da, nəticəsi olmur ki, olmur. Kar eləmir müalicələr; iynə-dərmanlar... Həkimlər nəvəmin xaricdə müalicəsinin mümkün olduğunu deyirlər. Amma məndə daha o imkan yoxdur”.

Qadının sözlərinə görə, bankdan aldığı borcun bir hissəsini ödəyə bilmədiyi üçün məhkəməyə verilib. Əlində məhkəmə qərarı olduğunu iddia edən “Accessbank”ın Qazax rayon filialı isə ailəni evindən çıxarmaq istəyir.

“Banklara 30 min manat borcumuz var. ”Accessbank"ın Qazax filialı bizi məhkəməyə verib. Məhkəmə icraçıları evə gəlib mənə hədə-qorxu gəlirlər. Belə deyirlər ki, Ağstafa məhkəməsi bizim evdən çıxarılmağımızla bağlı qərar çıxarıb. Mən neyləyə bilərəm, ay dərdin alım? Neyləyim ki, mən bu balamı da müharibədə şəhid olan iki oğlum kimi torpağa gömməyim özümdən əvvəl?"

Çıxılmaz vəziyyətdə qalan qadın ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müaciət edib. Dörd övladını Vətən yolunda fəda edən qadın ümid edir ki, ölkə rəhbərliyi onun səsinə səs verəcək, problemlərinə yardımçı olacaq.
“Prezidentimiz İlham Əliyevdən, Mehriban xanımdan imdad diləyirəm, mənə kömək edin. Balamı ölməyə qoymayın!”
1575 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat