Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Paytaxtdakı söküntü bumu Bakı kəndlərinə keçir

Ramanada neftli ərazidə tikilən evlər söküləcək; ARDNŞ 12 min nəfərlə məhkəmədə çəkişir

Bakının Ramana kəndində neftli ərazidə tikilən fərdi evlərlə bağlı qərar yaxın günlərdə verilə bilər.
Bu barədə “Yeni Müsavat”a evlərinin söküləcəyindən narahat olan Ramana sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, Balaxanı, Ramana və Kürdəxanıda ehtiyat neft və qaz yataqlarının üzərində, mühafizə zolağında tikilən evlərin sökülməsi ilə bağlı söz-söhbətlər bir neçə ildir ki var.

Nobel qardaşlarının vaxtilə Ramanada tikdirdiyi fəhlə yataqxanasının yaxınlığında tikilən evlər bir neçə dəfə siyahıya alınsa da sakinlərə bu barədə dolğun məlumat verilməyib.
Sakinlər deyir ki, vaxtilə torpağı Ramana bələdiyyəsindən alıblar və ev tikməklə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən icazə alıblar. Bütünü sənədləri qaydasında olan ramanalılar Dövlət Neft Şirkətinin bunları qanunsuz hesab etdiyini vurğuladılar. Kənd sakini Mirzəli Qəmbərov deyir ki, əslində hər şeyin kökündə onların neftlə çirklənmiş torpaqlarının təmizlənməsi ilə bağlı 200 sakin adından ARDNŞ-ə ünvanladıqları şikayət durur: “Bu kənd sakinlərinin yeganə gəlir mənbəyi əkinçilik və maldarlıqdır. Ramanada qədimdən neft çıxdığından torpaq hədsiz dərəcədə çirklənməyə məruz qalıb. İstədiyimiz qədər məhsul əldə edə bilmirik. Neftlə çirklənmiş ərazidə heyvandarlıqla da məşğul olmaq olmur. Düzəngahlıqların çoxunu ARDNŞ hasarlayıb. Camaat mal-qarası üçün ot presi alır. Biz bu barədə ARDNŞ-ə, şəxsən Rövnəq Abdullayevə məktub ünvanladıq. Bizə cavab gəldi ki, məsələ ilə bağlı araşdırma aparılacaq. İndi ARDNŞ bizə deyir ki, sizin evləriniz qanunsuzdur. Neft və qaz yataqlarının ərazisi mənimsənilib. Sual olunur: o vaxt pulumuzu alıb torpağı bizə satan bələdiyyə bilmirdi ki, bu ərazilər ehtiyat neft və qaz yataqlarının üstüdür?”

Kənd sakinləri bildirdilər ki, kənddəki söküntü neftli ərazilərlə məhdudlaşmır. Kəndin ən yüksək yerində yerləşən Ramana qalası ətrafındakı yaşayış evləri də söküləcək. XIV əsr abidəsi olan bu tikili Mədəniyyət və Turizm Nazirliyinin tarixi abidələr siyahısına daxil edilib. Yerli sakinlər bildirdilər ki, müdafiə məqsədilə tikilən və Şirvanşahlar dövlətinə aid olan qala neçə illərdir baxımsız vəziyyətdədir. Uzun illərdir qalanın təmizliyini də kənd sakinləri özləri edirlər.

Qeyd edək ki, ARDNŞ bu yaxınlarda zəbt olunmuş mədən ərazilərində Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində, eləcə də neft-qaz obyektlərinin mühafizə zolağında qanunsuz tikililərlə bağlı yaranmış vəziyyətin öyrənilməsi və ictimaiyyətin bu haqda məlumatlandırılması məqsədilə “Binəqədi oyl”, “Balaxanıneft” və Ramana qəsəbəsində reyd aparıb.

İçərisində yaşayış olan qanunsuz tikililərlə əlaqədar ARDNŞ qanunla nəzərdə tutulmuş qaydada özbaşına tikililərin sökülməsi və ərazilərin boşaldılması tələbi ilə müvafiq məhkəmə iddiaları qaldırıb. İndiyədək ARDNŞ və onun struktur təşkilatları tərəfindən ayrı-ayrı vətəndaşlara qarşı aidiyyəti məhkəmələrə 12000-ə yaxın iddia verilib. Şirkətdən bildirilib ki, ARDNŞ-in müəssisə və təşkilatlarının daimi istifadəsində olan, o cümlədən hasilatın pay bölgüsü sazişlərinin kontrakt sahəsi hüdudları daxilində, eləcə də neft-qaz kəmərlərinin mühafizə zonalarında yerləşən torpaq sahələrində inşa olunmuş tikililər məhkəmə qətnaməsi ilə qanunsuz hesab olunduğu hallarda mülki qanunvericiliyə əsasən onların sökülməsi ilə bağlı hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. /musavat/
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44