Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

“Büdcəsindən pul ayrılıb, ancaq camaatın pulu verilmir”

Evləri sökülən binəqədililərə nə «Qaçqınkom», nə də Metropoliten yiyə durur

Sakinlər hansı qurumdan kompensasiya alacaqlarını bilmir

“Biz, 1995-2000-ci illərdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə torpaq sahələri alaraq ev tikdirdik. Həmin torpaq sahələrini Binəqədi Rayon Icra Hakimiyyətindən, Rəsulzadə bələdiyyəsindən və həyətyanı torpağının bir hissəsini satan vətəndaşlardan almışıq. Son illərə qədər burada 205 mənzil olub. Bu evlərdən 67-si məcburi köçkünlərə, 138-i isə köçkün olmayan başqa şəxslərə məxsus idi. Hamını köçürdülər, indi 40-a yaxın ailə qalıb”. Bu sözləri “Azadlıq”a Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yaşayan sakinlər deyib.

“Bizə müvəqqəti mənzil verirlər...”

Azərbaycan Beynəlxalq Universitetinin arxasında yerləşən sözügedən ünvan artıq xarabalığı xatırladır. Halbuki son illərə qədər bura yaşayış məntəqəsi idi. Bütün kommunikasiya şəraiti ilə (qaz, işıq, su, telefon, kanalizasiya, yol) təchiz edilmişdi. Həmin ərazidə torpaq alaraq ev tikən vətəndaşlara hər hansı dövlət orqanı etiraz etməyib, tikintiyə maneçilik törətməyib. Əksinə, icazə kağızı verərək “xeyir-dua” diləyiblər. Indi isə...
2011-ci ildə rayon icra hakimiyyəti, Metropoliten idarəsi və “Qaçqınkom”un nümayəndələri əraziyə gələrək mənzillərin söküləcəyini bildiriblər. Səbəb kimi isə qarşıdakı illərdə tikiləcək Deponu göstəriblər. Ev sahiblərinə deyiblər ki, mülklərə bazar qiymətinə uyğun kompensasiya ödəniləcək: “Biz də torpaqların dövlət ehtiyacı üçün alınacağına etiraz etmədik. Bir müddət sonra yenə də müvafiq dövlət orqanlarından nümayəndələr gələrək söküləcək evlərin sakinlərinə Mehdiabad qəsəbəsində hər ailə üçün 5 sot torpaq sahəsi ayrılacağını və mövcud evlərin dəyəri qədər kompensasiya veriləcəyini, tikilənə qədər heç kimin evinə dəyilməyəcəyi deyildi. Bir neçə ay sonra nümayəndələr gələrək məcburi köçkünlərə ev veriləcəyini, qalan sakinlərə isə heç bir kompensasiya verilməyəcəyini dedilər. Bütün sakinlər bu təklifə etiraz etdi. 2012-ci ilin mart ayında nümayəndələr gələrək evlərə baxış keçirdi və onların dəyərini hesabladı. Bir neçə gün sonra isə gələrək dedilər ki, məcburi köçkünlər dövlət hesabına Mehdiabad qəsəbəsində tikiləcək evlərə köçürüləcək və bütün sakinlərə, yəni plana düşən 205 evin sahibinə evlərinin dəyəri həcmində kompensasiya veriləcək. Bu təkliflə razılaşsaq da deyilən vədlər yerinə yetirilmədi. Məcburi köçkünlərin bir qismi evlə təmin olunaraq köçürüldü. Bir qisminə aşağı kompensasiya verildi. Bizə isə heç nə ödənilmir. Sadəcə Gənclər şəhərciyində bizə müvəqqəti yaşamaq üçün evlər verilib və bu barədə bir neçə məcburi köçkün ailəsi ilə müvəqqəti icarə müqaviləsi bağlanılıb. Yəni istədikləri vaxt bizi oradan çıxara bilərlər”.

“Bir dəfə ermənilər, indi də özümüzünkülər əmlakımızı məhv edir”

Mənzillərindən çıxmayan sakinlərə deyirlər ki, ərazidə qanunsuz olaraq tikinti işləri aparıblar: “Əgər bu ərazilər qanunsuz zəbt olunmuşdusa niyə indiyə qədər susurdular? Bizə mənzil tikməyə imkan verirdilər? Ev tikmək üçün icazə sənədini necə almışıq? Bizim ev-eşiyi, mal-mülkü bir dəfə ermənilər dağıdıb məhv edib. Öz ölkəmizdə didərgin həyatı yaşamışıq, indi isə özümüzünkülər bizi aldadaraq əmlakımızı məhv edir. Məsələnin həll edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etdik. Araşdırma zamanı cavabdehlərdən biri olan Bakı Metropoliteninin nümayəndəsi həmin ərazidə olan evlərlə bağlı yaradılmış komissiyanın tərtib etdiyi və müvafiq möhürlərlə təsdiq edilmiş sənədləri məhkəməyə verdi. Bəlli oldu ki, Nazirlər Kabinetinə ərazidə olan 205 evin köçürülməsi ilə bağlı edilən müraciətə əsasən dövlət büdcəsindən pul ayrılıb. Ancaq camaatın pulu verilmir”.
Ərazidə yaşayan məcburi köçkün Nailə Şəfiyevanın sözlərinə görə, hazırda mənzillərin sökülməsi üçün Bakı Metropoliteninin qərarından Ali Məhkəməyə edilən şikayətə baxılır. Vətəndaşlar məhkəmənin qərar verdiyi günə qədər söküntü işlərinin dayandırılmasını tələb edirlər. 
“Hamı kimi biz də evlərin tikintisinə pul vermişik, hansısa obyektə özbaşına girib məskunlaşmamışıq. Yerli sakinlərə pul verildiyi kimi, bizə də evlərin qiymətləndirilib kompensasiya ödənilməsini tələb edirik. ”Qaçqınkom" isə 100-150 min manatdan çox xərclədiyimiz evlərimizin müqabilində bizə müvəqqəti məskunlaşmağımız üçün ikiotaqlı ev verir. Sakinlər arasında ayrı-seçkilik qoyurlar. Əgər ərazi Depoya aiddirsə və ya evlər qanunsuz tikilibsə, bizdən sonra mənzil tikənlərə niyə kompensasiya verilir, bizə isə yox? Mənim oğlum sülhməramlı qoşunların tərkibində Iraqda döyüşüb. Min bir əziyyətə qatlaşıb ev tikmişik. Niyə evimizi əlimizdən alırlar?".

Metropoliten sakinləri təkzib edir

“Binəqədi rayonundakı sökülən evlərin Bakı Metropoliteninə aidiyyəti yoxdur”. Bunu axar.az-a açıqlamasında qurumun Mətbuat Xidmətinin rəisi Nəzakət Tarıverdiyeva deyib. O, hazırda depo ərazisində heç bir söküntünün aparılmadığını bildirdi: “Binəqədi rayonundakı sökülən evlərin Bakı Metropoliteninə aidiyyəti yoxdur. Əslində, bundan əvvəl söküntü işləri var idi, ancaq onların da kompensasiyası verilib. Yayılan xəbərlərin heç biri doğru deyil”.

1647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:19