Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Ərdoğanın oğlu Türkiyə parlamentini qarışdırdı

İclas zalında yumruq davası çıxdı, CHP-çi deputat xəstəxanalıq oldu

Vəkil: «Bilal Ərdoğan barəsində həbs qərarı olmayıb, istintaqdan ona çağırış vərəqəsi gəlməyib»

Son bir ayda Türkiyədə 5 min polis işdən çıxarılıb

Baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın istintaqdan yayınması iddiaları Türkiyə Böyük Millət Məclisinin son iclasında qalmaqal yaradıb. Gərginlik hakim partiyanın (AKP) deputatları ilə ana müxalifət partiyası olan CHP-nin deputatları arasında yaşanıb. CHP-dən olan millət vəkili Tanju Özcanın  Bilal Ərdoğanın dindirilmək üçün prokurorluğa çağırıldığını iddia etməsi AKP-çi deputatları özündən çıxarıb.  Hakim partiyanın İstanbuldan seçilən deputatı Oktay Saralın CHP deputat qrupunun başqan müavininə «Sən sus!» deyə irad bildirməsi isə əsəbləri  bir az da gərib. Nəticədə tərəflər arasında yumruq davası başlayıb. Yumruq zərbəsindən eynəyi qırılan və gözü zədə alan CHP-çi deputat Bülənt Tezcan əvvəlcə parlamentin tibb məntəqəsinə, oradan da xəstəxanaya aparılıb. Parlament rəhbərliyi isə yumruq atan deputat Oktay Sarala qınama cəzası verib. Saral «hisslərimi cilovlaya bilmədim» deyərək baş verənlərdən təəssüfləndiyini bildirib.

İfadə verməyə hazırıq...

Böyük Millət Məclisində səsləndirilən iddialara Bilal Ərdoğanın vəkili Əşməd Özel cavab verib. Özəl bildirib ki, ifadə vermək üçün prokurorluğa getməyə hazırdılar. Belə ki, müvəkkilinin yaşadığı yer sabitdir və istənilən an istintaqın çağırışına əməl edə bilər. Amma məsələ bundadır ki, iddia edildiyinin əksinə olaraq B.Ərdoğana «Böyük rüşvət əməliyyatı» ilə bağlı dindirilmək üçün bildiriş belə, gəlməyib: «Müvəkkilimlə bağlı hər hansı  saxlanılma qərarı olmayıb. Bunun əksini iddia edən məlumatlar həqiqəti əks etdirmir. Və tamamilə siyasi məqsəd daşıyır».

Maraqlıdır ki, «Böyük rüşvət əməliyyatı»nı araşdıran prokurorlardan biri – Müəmmər Gülər «ikinci həbs dalğasında» B.Ərdoğanın da adını şübhəlilər arasına daxil etmiş və onun istintaqa çağırılması barədə sanksiya vermişdi. Bir müddət əvvəl Türkiyə mətbuatı həmin çağırış vərəqəsini şəklini də yaymışdı. M.Gülər məhz bu səbəbdən Ərdoğanın qəzəbinə tuş gəlmiş və işin araşdırılmasından, eləcə də İstanbul Cümhuriyyət Pprokurorluğundan uzaqlaşdırılmışdı. 

Ərdoğandan reaksiya: «Səbəb nəticələri doğurur»

Məsələyə baş nazir Ərdoğandan da reaksiya gəlib. O bildirib ki, parlament kürsüsündən baş nazirin ailəsinə bu cür ifadələrin səsləndirilməsi təhrikedici hərəkətdir: «Səbəb nəticələri doğurur. Təhrikedici sözlərdən çəkinməlidirlər. Büdcə müzakirələrində də özümüzü müdafiə edir, hər cür tənqidi dinləyirik. Kürsüdə haqqımızı müdafiə edəndə də ana müxalifətin masalarından qışqırıqlar, təhqirlər gəlir. Bunlar Məclis ədəbini öyrənməlidirlər. Ümid edirəm ki, bir də belə şey yaşanmaz. Arzu etməzdik, xoş şey deyil. Üzr istəmək fikrim yoxdur. Şəxsimə qarşı təhqirə yol verənlər üzr istəsin».

«Halkbank»la bağlı ifşaedici sənəd

Türkiyə mətbuatı rüşvət əməliyyatı zamanı rəhbəri həbs edilən «Halkbank»ın gizli fəaliyyəti ilə bağlı yeni məlumatlar əldə edib. Məlum olub ki, hələ ötən ilin aprel ayında İranla ticari əməkdaşlığına görə ABŞ Konqresi tərəfindən bu banka qarşı sanksiya tələbi olub. Konqresin müvafiq qərarında bildirilib ki, Türkiyə İrandan neft və qaz alışını azaltsa da, «Halkbank»dan İrana qarşı sanksiyaları yarmaq üçün istifadə olunub. Sənəddə «Halkbank»ın beynəlxalq sanksiyalara məruz qalan rejimlərə yardım etməsi təəssüflə qeyd olunub. Maraqlısı odur ki, baş nazir Ərdoğan «Halkbank»ın rəhbəri həbs olunarkən dəstək xarakterli  açıqlama vermişdi. O, məsələ ilə bağlı mövqeyini «25 milyardlıq dəyərə çatan “Halkbank”ı yıxmağa çalışırlar. İnciməsinlər, amma “Halkbank”ı güdaza verməyəcəyik" şəklində ortaya qoymuşdu.

Bir ay ərzində 5 min polis işdən çıxarıldı

17 dekabr əməliyyatının ardından polis sistemində həyata keçirilən «təmizləmə» səngimək bilmir. Son olaraq Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin müdiri Həmzə Bayandır vəzifəsindən uzaqlaşdırılıb. Onu passiv vəzifə kimi tanınan İnşaat Əmlak Şöbəsinə təyin ediblər. Yerinə isə müavini Hakan Dumanı gətiriblər. İctimai hadisələrdən məsul olan Təhlükəsizlik Şöbəsinin müdiri Mehmet Harman da işdən çıxarılaraq Polis Akademiyasına göndərilib. Onun yerinə Haymana Polis İdarəsinin rəisi Kamal Özkoç təyin olunub. Qeyd edək ki, 17 dekabrdan bu yana Türkiyədə 5 min polis işdən çıxarılıb. Onların 3 mini İstanbul, Ankara və İzmirin payına düşür. Türkiyənin polis sistemində ümumilikdə 250 min polis çalışır.

1607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi