Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Ziya Məmmədovun zülmündən aclıq aksiyası başlayır

“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin etirazları davam edir. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi və bu səbəbdən maaşlarının azaldılmasıdır. 

Yanvar ayının 11-dən başlayan bələdçi etirazları görünür hələ də davam edəcək. Etirazların, dövlət qurumlarına etdikləri müraciətlərin nəticəsiz qaldığını görən bələdçilər sabahdan etibarən aclıq aksiyasına başlamağı qərara alıblar. Bunu bu gün öz problemlərini danışmaq üçün “Yeni Müsavat” qəzetinin qonağı olan bələdçilər deyib. Onların sözlərinə görə, etdikləri müraciətlər, yazdıqları şikayət ərizələrinin nəticəsi yoxdur. Buna görə də 25 yanvardan etibarən aclıq aksiyasına başlayacaqlar.

35 il “Azərbaycan Dəmir Yolları” QSC-də işlədiyini deyən Adil Balaxanovun dediklərinə görə, onları qapı-qapı süründürürlər: “Bizim Nazirlər Kabinetinə etdiyimiz müraciətə cavab olaraq bildirdilər ki, yanvarın 28-də Əlirza Süleymanov sizi qəbul edəcək. Bu isə bizi qane etmir. Çünki biz onların özlərindən narazıyıq, onlardan şikayət etmişik. Yenidən onların qəbuluna getməyin heç bir mənası yoxdur axı. Onsuz da şikayətimizin nəticəsi olmayacaq. Prezident Administrasiyasında da eyni vəziyyətdir. Orada da bizə cavab verdilər ki, sizin məktubunuzu qoymuşuq Əli Əsədovun masasının üstünə, hələ ki, heç bir cavab yoxdur. Biz prezidentdən xahiş edirik ki, bizə köməklik etsin. Biz də Azərbaycan vətəndaşıyıq, bu ölkənin övladlarıyıq. Seçkilər zamanı İlham Əliyevə səs vermişik. Bizim ondan başqa müraciət edəcəyimiz bir kimsə qalmayıb. Bu bizdə ilk problem deyil. Məni iki il qabaq haqsız yerə işdən çıxardılar, özümə də heç bir təzminat vermədilər. Səbəbi isə mənim iki il qabaq bələdçilərin maaşlarının az olması və haqlarının taptalanmasına görə etiraz edənlərin sırasında olmam idi. Onların arasında ən çox fəallıq edənlərdən biri idim. Buna görə məni sıxmağa, təzyiq göstərməyə başladılar. Görəndə ki, alınmır, Rəhman Əbişov məni öz otağına çağırdı. Mənə dedi ki, sən çox səs-küy salırsan. Belə getsə səni burdan yola salmalı olacağıq. Mən də dedim ki, mən qanunsuz heç bir iş görmürəm. Haqqımı tələb edirəm. Bundan sonra məni çıxarmaq üçün bir bəhanə axtarmağa başladılar. Bəhanə tapa bilmədikləri üçün, tələ qurdular. Bütün etirazlar sakitləşəndən sonra məni göndərdilər ezamiyyətə. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təmiri üçün məni ora işləməyə göndərdilər. Ezamiyyət isə 10 günlük müddətində idi. Bu on gün ərzində mənə qanunla düşən ezamiyyət pulumu vermədilər. Yolda gərəkən ləvazimatları, kömürü, yemək təlabatlarımı vermədilər. Bunlar bir yana dursun, ezamiyyətdən qayıtdıqdan sonra mənə dedilər ki, hazırlaş saat 6-da bir daha gedirsən. Mən də dedim əgər elədirsə, mənə bir az icazə verin gedib evdən pal-paltar götürüm, bir az pul tapım sonra gedək. Mənə dedilər ki, gedə bilərsən. Yenicə getmişdim ki, mənə zəng vurdular. Dedilər sən yerində niyə yoxsan, öz işini düzgün yerinə yetirmirsən. Məni Rəhman Əbişov otağına çağırıb dedi ki, sən işdən azadsan. 38 il iş stajım var bunun 35 ilini dəmir yolunda çalışmışam. Halal zəhmətimlə, haram yemədən anlımın təri ilə işləmişəm. Mənim yeganə bacardığım iş budur. Mən bu peşəni öz savadımla qazanmışam, əlimdə iki diplomum var. Bu yaşdan sonra gedib fəhləçilik də edə bilmərəm. Nadir Əzməmmədov çıxışında deyir ki, rus dilini bilmirlər. Gətirsin o yeni işçiləri ilə bizi müqaisə eləsin. Görək kimin savadı, kimin dil biliyi daha çoxdur.”

Şikayətçilərdən Mirsahib Sahibovun dediyinə görə, onların şikayətlərinin hara edilməsindən aslı olmayaraq cavab verən eyni adamlar olur: “Azərbaycan Respublikasının elə biri qurumu qalmayıb ki, biz ora müraciət etməyək. Azərbaycan prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etmişik. Bundan əlavə milli təhlükəsizlik naziri Eldar Mahmudova, baş prokuror Zakir Qaralova, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə və bu kimi dövlət qurumlarına müraciət etmişik. Amma biz başa düşə bilmirik ki, bu müraciətlərimizə Əlyar Muradov niyə cavab verir? Hansı dövlət qurumuna müraciət etməyimizdən aslı olmayaraq cavablar eyni olur: "Sizin şikayətlərinizə Əlyar Muradov cavab verəcək və ya Əlirza Süleymanov". Bizim şikayətlərimiz onsuz da bu insanlardandı, Əlirza Süleymanov, Əlyar Muradov, Arif Əsgərov, Ziya Məmmədov kimi məmurlardan. Şikayət ərizələrimzi yenidən bu insanlara göndərmək bizə heç nə qazandırmır. 1997-ci ilin avqust ayında bizim deponun tərkibində iclas keçirildi. O zamanlar Ziya Məmmədov rəis idi. İclas zamanı Ziya Məmmədov bizə tərif elədi, bizə təşəkkür etdi, qol saatı və pul mükafatı verdi. O zaman yaxşı bələdçi idik, indi pis olduq? Son etirazlarımızdan sonra, qəzetlər bu haqda yazandan sonra, gətirib bizə sabun, süpürgə, tualet kağızı və bir neçə ləvazimat verdilər. Bəs, neçə illərdir bunları niyə bizə vermirdiniz, biz öz cibimizdən almağa məcbur edirdiniz? Bu günkü gündə 11 gün təlim keçən yeni işçiləri xaricə gedən qatarlara buraxırlar amma bizi yox. Bizim haqqımızı niyə tapdalayırlar? Bizi idarəyə çağırıb deyirlər ki, maaşlar artacaq. Bunlar yalançı vədlərdir. İndiki şəraitdə mən illik 2200 manat pul alıram. Hal-hazırdakı vəziyyətdə bu maaşnan ailə saxlamaq olar? Əlirza Süleymanov, Əlyar Muradov, Arif Əsgərov, Ziya Məmmədov bu qədər maaş alsalar ailə saxlaya bilərlər? Mən 28 ildir bu idarədə işləyirəm. Bu idarə üçün çalışmışam, dizlərimi yerə qoyub köhnə vaqonları təmizləmişəm. İndi də deyirlər sən yaramırsan."

Digər şikayətçilərin dediklərinə görə, onların uzun müddətdir maaşları mənimsənilir: “Sentyabr ayından etibarən bizim əmək haqlarımız qaldırıldı. Tarif Şurasının sərəncamı olmadan, heç bir qurumdan göstəriş gəlmədən maaşlarımızı 110 manatdan qaldırıb etdilər 200-210 manat. Əgər heç bir əmr gəlmədən maaşlarımızı qaldıra bilirlərsə deməli öncədən də bizim maaşımız bu qədər olub. Sadəcə bunlar bizim neçə illərdir haqqımızı, halal zəhmətimizlə qazandığımız pullarımızı mənimsəyiblər. 2006-cı ildən etibarən işə götürülən qadın bələdçilərə 400-550 manat maaş verirdilər. Bizə isə 100-150 manat. Bunun səbəbini isə heç kəs açıqlamırdı. Biz işə qəbul olanda yazırdıq ki, xahiş edirik bizi bələdçi vəzifəsinə işə götürəsiniz. Orada yazılmırdı ki, siz 100 manatlıq bələdçi işinə, xanımlar isə 400 manatlıq bələdçi işinə qəbul edilirsiniz. Hamımız eyni işi görürük, bəlkə də biz onlardan da daha çox iş görürük.”

Daha bir şikayətçinin dediklərinə görə, rəhbərlik tərəfindən ondan hər dəfə nağd şəkildə haqq alınıb. “Mən haqqımı onlara halal eləmirəm. Mənim vəziyyətim pis olub, evimi satmışam, gecə-gündüz işləmişəm çünki pula çox ehtiyacım olub. Mənim oğlum ağır xəstə olub. Mən oğluma görə günlərlə yuxusuz qalmışam ki, onu sağaldım, mən onun üçün yaşayıram. Bu məmurlar isə mənim halal pulumu utanmadan yeyiblər. Məni məcbur ediblər ki, mən oğurluq edim. Qatara biletsiz sərnişin götürüm, onun-bunun yükünü daşıyım ki, oğlumun dava dərmanına pul çatdıra bilim. Əgər onlar mənim maaşımı düzgün versəydilər mən bunu heç vaxt etməzdim. Hələ buna baxmayaraq məndən haqq belə alırdılar.”

Bələdçilərin dediklərinə görə, onları oğurluq etməyə vadar ediblər. “ Səfərə gedərkən bizdən hər dəfə haqq alırdılar. O haqqı almasalar bizi qatara buraxmırdılar. Hətta bir dəfə bizə ezamiyyət pulu vermədikləri üçün mən aclıq aksiyası keçirdim. Bakıdan Xarkova səfərim zamanı mənə nə ezamiyyət pulu, nə yol xərclərimi, nə qatarın xərclərini vermədilər və bu, hər zaman belə idi. Buna etiraz olaraq 5 günlük səfərim zamanı aclıq elan etdim. Sərhəddə qatar rəisi Rəhman Əbişova zəng vurub dedi ki, bələdçi aclıq elan edib. O da cavabına bildirdi ki, verin onu polisə. Mən nə etməli idim, axı mənə pul vermirsən, mən xərclərimi necə ödəməliyəm? Gərək biletsiz sərnişin aparım, nəsə yük aparım gətirim ki, həm qatarın həm də özümün yol xərclərimi ödəyə bilim. Məni bu yolnan oğurluq etməyə vadar edirlər.”

Bələdçilər adı olub özü olmayan qatar təmizləyən qurğulardan danışdılar: “Köhnə qatarları təmizləyən zaman zülm çəkirik. Əslində depoda qatar yuyulması üçün cihazlar var. Amma o cihazlar uzun illərdir çalışmır amma işçiləri var. Məcbur olaraq özümüz təmizləyirik, bizə bu yolnan zülüm edirlər. “Azərbaycan Dəmir Yolları” QSC-də bizim çeklərimiz var. O idarədə bizim payımız var. Bizə edilən zülmlərin səbəblərindən biri də budur. Səhmləri necə olur ki, başqa adamlar alır, axı bu qanunla qadağandır. 

Bələdçi Cavanşir Qafarovun dediklərinə görə, rəhbərlik onları təhqir edir: “Əlyar Muradov məni otağına çağırıb dedi ki, gəl sən çəkil bu yoldan. Sənə nə lazımdırsa mən onları təmin edəcəm. İstəsən sənə kabinet işi də verərəm. Sən bu qoyun iyi verən, bələdçilərin yanında durma, onları oyatma. Dedim sizin o qoyun dediyini bələdçilər mənim iş yoldaşlarımdı. Mən onlarla çiyin-çiyinə illərdir işləyirəm. Siz əgər o bələdçilərə bu qədər yuxarıdan baxırsınızsa, deməli siz bütün zəhmətkeş insanlara yuxarıdan baxırsınız. Mən bu yoldan dönən deyiləm, biz haqqımızı alacağıq. Bundan sonra onlar mənə dedilər ki, sən 3-cü qrup Qarabağ əlilisən işə yaramırsan. Məni işdən çıxardılar. Mən də məhkəməyə şikayət etdim və məhkəməni uddum. Yenidən işə bərpa edildim. Bizim heç birimizlə  əmək müqaviləsi imzalanmayıb. Ağ vərəqələr gətirdilər ki, imzalayın, biz də imzalamadıq. Biz hardan bilək ki, sonradan o ağ vərəqəyə nə yazacaqlar, bunlardan hər şey gözləmək olar. Bütün bu haqsızlıqlara susmadığımız üçün bizə qarşı belə davranırlar. Bizim şikayətlərimizə baxan olmadı, neçə vaxtdır bizi bir yolnan susdurmağa çalışırlar. Biz susan deyilik, haqqımızı alana qədər də belə olacaq. Sabahdan etibarən biz aclıq aksiyasına başlayırıq. Əgər bizim başımıza nəsə gəlsə, bunun günahkarı Əlirza Süleymanov, Əlyar Muradov, Arif Əsgərov, Ziya Məmmədovdur”.

1663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı