Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Qaçqınlar “Qaçqınkom”un binasına benzin şüşələri ilə yürüş etdi

Keçən gün səhər Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yaşayan bir qrup qaçqın ailəsi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) binası qarşısında aksiya keçirməyə cəhd edib.

Virtualaz.org saytının həmin dəqiqələrdə (saat 10 radələrində) “Qaçqınkom”un binası qarşısında prosesi izləyən müxbirlərinin verdiyi məlumata görə, qəbul otağına toplaşan qaçqınların şikayətlərinin araşdırılması üçün gəlmiş əməkdaşlarımızın (orada virtualaz.org saytının iki müxbirindən savayı heç bir jurnalist olmayıb-red.) foto və videoçəkiliş aparmasına icazə verilmədi.

Qəbul otağında olan polis əməkdaşı müxbirlərimizin vəsiqələrini də əllərindən alaraq “Qaçqınkom”un qapalı yer olduğunu, buna görə də içəridə çəkilişə icazə verilmədiyini dedi.

Qaçqınlar isə komitənin sədri, baş nazirin müavini Əli Həsənovla görüşməyi tələb etdilər. Komitə əməkdaşlarının Əli Həsənovun məzuniyyətdə olmasını bildirməsi qaçqınları daha da hiddətləndirdi.

Çantalarında benzin dolu şüşələr olduğunu deyən şikayətçilər komitə rəsmilərinə tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə özlərini yandırmaqla intihar edəcəklərinə dair xəbərdarlıq etdilər. Bundan sonra komitə əməkdaşları ilə qaçqınlar arasında mübahisə yarandı. Az sonra şikayətçiləri Əli Həsənovun müavini Gəray Fərhadov qəbul etdi.

Qeyd edək ki, görüşdən sonra qaçqınlardan biri binanın qarşısında özünü yandırmağa cəhd etdi. Lakin digər şikayətçilərin köməyi ilə qadını sakitləşdirmək mümkün oldu. Əməkdaşımız o səhnədən yalnız bəzi anları lentə ala bilib.

Xatırladaq ki, qaçqınlar evlərinin Bakı Metropoliteni tərəfindən sökülməsinə etiraz edirlər. Onlar sökülən evlərin müqabilində kompensasiya ödənilməsini tələb edirlər.

Şikayətçiləri qəbul edən “Qaçqınkom” sədrinin müavini Gəray Fərhadov mübahisəli məsələnin məhkəmə müstəvisində olduğunu dedi: “Komitə heç bir məcburi köçkünü yaşadığı, məskunlaşdığı ərazidən məcburən, zorla köçürmür. Hətta sizin şikayətinizlə bağlı məlumat da vermişik. İndi sizə verilən evləri Bakı Metropoliteni alıb. Biz isə həmin evləri sizə təqdim eləmişik. Amma bu, o demək deyil ki, komitə sizə kompensasiya ödənilməsinə qarşıdır. Sizə kompensasiya ödənilərsə, biz niyə buna qarşı çıxaq?!”

G.Fərhadov söylədi ki, hazırda iş Ali Məhkəmədədir: “Bu işə məhkəmə baxır. Ali Məhkəmənin qərarını gözləyin”.

Şikayətçilər isə qərar olmadan söküntü işlərinə başlanıldığını dedilər: “Bir qurumun sözü ilə digərinin dediyi üst-üstə düşmür. Bəs biz kimdən kömək istəyək? Qapısında 3-4 xarici maşın olanlarlar “meşok”la pul aldılar. Hələ biri var, prokuror idi, bu yaxınlarda oğlunun bahalı maşınlarına görə vəzifəsindən də çıxardıblar, onun evinə, torpağına qədər hər şeyə görə pul ödədilər. Hətta boş torpaq sahəsinə görə də kompensasiya ödənildi. Bizdə hamının siyahısı var. Biz haqq-ədalət tələb edirik. Hüquqlarımız bərpa olunmayanadək yolumuzdan dönməyəcəyik. Bu haqsızlığın sonu ölümdür”.

Qeyd edək ki, qaçqınların tez-tez jurnalistlərə (virtualaz.org-un müxbirlərinə-red.) müraciət etməsi komitənin digər əməkdaşları kimi Gəray Fərhadovun da xoşuna gəlmədi. Sədr müavini üzünü saytmızın iki əməkdaşına tutaraq “siz jurnalistləri aşağılamıram, işiniz budur, jurnalistsiniz də, amma yazmaqla guya nəyi dəyişəcəksiniz” - deyə azad mətbuata rişxənd etdi.

Sədr müavini qaçqınların “intihar edəcəyik” xəbərdarlığına da əsəbiləşdi. O, intiharın günah olduğunu söyləyəndən sonra Azərbaycanda qaçqınlara göstərilən xidmət və güzəştlər haqda uzun-uzadı danışdı.

Qəbuldan çıxandan sonra qaçqınlar “bizi 3 ildir bu cür qarşılayıb yola salırlar” deyə “Qaçqınkom” məmurlarına xəbərdarlıq etdilər.

Fizulidən olan məcburi köçkün Ofeliya Hacıyeva virtualaz.org saytına açıqlamasında bildirdi ki, 9 nəfərdən ibarət ailə üzvünə 2 otaq təklif edilib: “Mən o evə köçməmişəm. Mənim evimi həyat yoldaşım öz əlləri ilə tikib. Tikərkən əlini kəsib, yaralanıb. Mən ev istəmirəm. Mənə də şamaxılılar, kürdəmirlilər qədər kompensasiya verilməsini istəyirəm. Metropoliten rəisinin müavini Arif Rəsulov hər kəsin yanında dedi ki, biz hər ikiotaqlı mənzil üçün 90 min manat ödəmişik. Həmin ərazidə evlərin qiymətinə baxın. Arif müəllim deyir ki, sizə görə üç dəfə pul köçürmüşük. Komitə isə başqa söz deyir”.

Digər köçkün Məlahət Xudiyeva da onlara Mehdiabad qəsəbəsində verilən evlərə köçmək istəmədiyini dedi: “Neçə vaxtdır işığı, qazı kəsiblər. Yenə dözürük. Biz ev istəmirik, evimizin kvadratına görə pul istəyirik. Necə olur ki, qonşularımıza pul, bizə 2-3 otaqlı ev verirlər?”

Məcburi köçkün Ənvər Həsənov isə nəvələrinin yanında xəcalət çəkdiyini dedi: “8 nəfərlik ailə üzvlərimə 2 otaq verdilər. Metropolitenin göstərişi ilə Binəqədinin polis əməkdaşları evimin əşyalarını zorla maşına yığıb aparıb həmin o iki otağa töküblər. Mən o vaxt bir az çılğınlıq elədim, onda ev bölgüsünü yerinə yetirən “Qaçqınkom”un nümayəndəsi Elman müəllim mənə dirsəyini göstərdi. Mənim 8 nəfərlik ailə üzvümə ikiotaqlı ev verdilər. Sənədlərə imza atmaq istəmədim, polisin gücü ilə məni məcbur elədilər. Mən bunların verdiyi evi istəmirəm. Bir vətəndaş kimi hüquqlarımın qorunmasını istəyirəm”.

Məcburi köçkünlər evlərinin sabah - yanvarın 25-də söküləcəyi barədə məlumat aldıqlarını dedilər: “Hamımız benzin şüşələri ilə gözləyirik. Sabah ailəmizlə birgə özümüzü yandıranda qulaqlarına pambıq tıxamış məmurlar cavab verməli olacaqlar”.

Qeyd edək ki, Bakı Metropoliteni mətbuat xidmətinin rəisi Nəzakət Tarıverdiyeva mətbuata açıqlamasında Binəqədi rayonu ərazisində sökülən evlərin metropolitenə aid olmadığını açıqlayıb. N.Tarıverdiyeva deyib ki, hazırda depo ərazisində heç bir söküntü aparılmır: “Binəqədi rayonunda sökülən evlərin Bakı Metropoliteninə aidiyyəti yoxdur. Əslində bundan əvvəl söküntü işləri var idi, amma onların da kompensasiyası verilib. Yayılan xəbərlərin heç biri doğru deyil”.
1591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı