Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Minlərlə azərbaycanlının Rusiyaya girişinə qadağa qoyulub

Rusiya prezidenti Vladimir Putin ölkədə miqrantların fəaliyyətini çətinləşdirəcək qanunu imzalayıb.
Belə ki, Putin Rusiya ilə vizasız rejimə malik olan ölkələrin vətəndaşlarına şamil olunan qanun layihəsinə imza atıb və sənəd qüvvəyə minib. Qanun layihəsinin əsas məqsədi Rusiyada qeyri-leqal əmək miqrantları ilə mübarizə aparmaqdır.

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Rusiyada işləmək üçün rəsmi icazəsi olmayan azərbaycanlılar haqqında statistik məlumatın olmadığını deyir. Ekspert Hafta.az-a verdiyi açıqlamada qanun sərtləşməsindən sonra miqrantların bir çox problemlə üzləşdiyini bildirib:

“Bizə müraciət edənlər, daxil olan zənglər onu göstərir ki, Rusiyada miqrasiya qanunlarının sərtləşməsindən sonra minlərlə azərbaycanlı Rusiyadan çıxarılıb. Və yaxud da Rusiya Federasiyasından Azərbaycana qayıdıb yenidən Rusiyaya gedəndə ona bəlli olub ki, şəxsin federasiyaya girişinə qadağa qoyulub. Bu, az qala kütləvi deportasiyadır. Həmin ölkənin qanunvericiliyinə görə, yalnız Rusiyada yaşayış yeri və olduğu yerlə bağlı müəyyən edilmiş qanunları pozan şəxslər ölkə ərazisindən çıxarılır. Bu prosesi təkcə məhkəmələr deyil, sərhəd xidməti, polis, və miqrasiya xidməti də edə bilər”.

Əlövsət Əliyevin sözlərinə görə, bəzi hallarda hətta vətəndaşın özünə informasiya vermədən onun Rusiya Federasiyasına qayıtmağına qadağa qoyulur:

“Hər hansı şəxs il ərzində müəyyən qanunu pozubsa Rusiyada belə şəxslərə qadağa qoyulur. Bir neçə Rusiya Federasiyasının vətəndaşları ilə nikahda olan Azərbaycan vətəndaşları var ki, onların da həmin ölkənin ərazisinə daxil olmağına qadağa qoyulub. Yəni belə hallar mövcuddur. Həmin şəxslər də çalışırlar ki, Azərbaycanda bu problemi həll etsinlər”.

Miqrasiya Mərkəzinin rəhbəri belə problemi olan şəxslərin məhkəməyə müraciət etməli olduqlarını da qeyd edib:

“Bu cür problemi olan şəxslər onların Rusiyaya daxil olmasına qadağa qoymuş orqanların hərəkətindən şikayət etməlidirlər. Onlar bu şikayəti Azərbaycanda etmək gücündə deyillər. Vətəndaşlar yaxınları vasitəsilə Rusiyada vəkil tutmalı, müqavilə bağlamalıdırlar. Bundan sonra, etibarnamə verdiyi şəxs həmin qərarı qəbul edən orqanın yerləşdiyi inzibati ərazidə məhkəməyə müraciət etməlidir”.

Qeyd edək ki, yeni qanuna əsasən Rusiya ilə vizasız rejimə malik ölkələrin vətəndaşları 180 gün ərzində Rusiya ərazisində yalnız 90 gün qala bilərlər. Xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, həmin şəxsin ölkəyə girişi 3 il qadağan olunacaq. Əgər xarici vətəndaş fasiləsiz olaraq 90 gün Rusiya ərazisində qalırsa və daha sonra Rusiyanı tərk edirsə, həmin şəxsin ölkəyə girişinə 90 gün müddətinə qadağa qoyulur.

Bu vaxta kimi miqrantlar 3 ay Rusiya ərazisində qalıb, bu müddət tamam olan kimi qonşu ölkələrin birinə gedib sərhədi keçirdilər və daha sonra yenidən Rusiyaya qayıdaraq 90 günlük icazədən istifadə edirdilər. Miqrantlar artıq bu yoldan istifadə edə bilməyəcəklər. 6 ay ərzində Rusiya ərazisində yalnız 90 gün qalmaq mümkündür. Təbii ki, bütün bunlar işləmək üçün rəsmi icazəsi, patenti olan xarici vətəndaşlara aid edilmir.
1605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00