Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Yevlaxın icra başçısı özünü yandıran əlili təhqir elədi

Özünü yandıran əlil Nizami Kərimov hazırda Yevlax şəhər xəstəxanasındadır.

Bu dəqiqələrdə xəstəxananın travmatologiya şöbəsindən virtualaz.org-a bildirdilər ki, xəstənin vəziyyəti ağır olaraq qalır. Onun yaşayıb-yaşamayacağı isə sual altındadır. N.Kərimov xəstəxanaya gətiriləndən bu dəqiqəyədək vəziyyəti ağır olduğundan danışa bilmir.

Səhər saatlarından etibarən rayon icra hakimiyyətinin başçısı və polis şöbəsinin əməkdaşları da xəstənin yanına gedib.

Lakin Yexlaxın icra başçısı Qoca Səmədov mətbuata açıqlamasında qəribə sözlər danışıb. O bildirib ki, özünü yandıran əlil müstəntiqin suallarını cavablandırmaqdan imtina edib: “Müstəntiq Nizami Kərimovdan özünəqəsdin səbəbini soruşsa da o heç bir açıqlama vermək istəmədi. Bundan başqa, onun həm psixoloji problemləri var, həm də spirtli içki qəbul edir. Elə bu kimi səbəbləri nəzərə alaraq məsələni nəzarətdə saxlayırıq və lazımi araşdırmalar aparılır”.

Bir daha xatırladırıq ki, xəstəxanadan bildirdilər ki, N.Kərimovun vəziyyəti çox ağırdır və o, qətiyyən danışa bilmir.

İcra başçısı həmçinin bildirib ki, Nizami Kərimov 2013-cü il, oktyabrın 1-nə kimi sosial yardım alıb. Lakin aparılan araşdırma nəticəsində məlum olub ki, sözügedən şəxsin nəinki sosial vəziyyəti yaxşıdır, hətta şəxsi maşını da var. Elə bu səbəbdən də Nizami Kərimova verilən sosial yardım dayandırılıb.

İcra başçısı əlilin özünü yandırmasına səbəb kimi göstərilən məsələni - Sosial Müdafiə Mərkəzi əməkdaşlarının yardımı mənimsəməyə çalışması iddiasını təkzib etməyə çalışaraq bunu “fərziyyə” adlandırıb.

* * * 14:41

Özünü yandıran əlilin vəziyyəti ağır olaraq qalır.

Yevlax şəhər xəstəxanasında virtualaz.org-a bildiriblər ki, özünü yandıran N.Kərimovun vəziyyəti ağırdır və müalicəsi davam etdirilir. Onun səhhəti ilə bağlı dəqiq məlumatın yaxın saatlarda veriləcəyi bildirildi.

* * *

Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsindən isə telefon zənglərinə cavab verilmir.

* * *

“Əlilin özünü yandırması dövlət strukturlarının vəziyyətin nə yerdə olmasından hələ də xəbərsiz olduqlarının və əlillərlə bağlı ciddi işlər görmədiklərini göstərir”.

Bunu bu gün I qrup əlil Nizami Kərimovun özünü yandırmasına münasibət bildirərkən “Qarabağ qaziləri” İctimai Birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib.

R.Kərimoğlu virtualaz.org-a açıqlamasında bildirdi ki, ötən il dekabrın 25-də özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun ölümündən sonra bəzi dövlət strukturlarının fəaliyyətində müsbət istiqamətdə dəyişiklik var: “Amma bu diqqət də yetərli deyil”.

Son bir ay ərzində Qarabağ qazilərinin problemləri ilə bağlı xeyli sayda şikayətlər aldıqlarını deyən R.Kərimoğlu ictimai birlik olaraq bu yükün altından qalxa bilmədiklərini və dövlət strukturlarının - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin bu işə dəstək olmalırının vacib olduğunu söylədi.

R.Kərimoğlu N.Kərimovun özünü yandırması həddinə gətirilib çatdırılmasının dövlət idarələrinin əlillərlə, Qarabağ qaziləri ilə işləməsində, onlara diqqət göstərməsində ciddi problemlərin olduğunu vurğuladı.

“Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşdüyünü, onların təkliflərini dinlədiyini deyir. Açıqlasınlar görək, kiminlə görüşüblər, kimin şikayətlərini dinləyiblər”- deyə R.Kərimoğlu öz narazılığını dilə gətirdi.

* * * 13:38

Yevlax rayonunda özünü yandıran əlilin bacısı danışıb.

Özünü yandıran Nizami Kərimovun bacısı Rəbiyyə Kərimova bildirib ki, Nizami həm də şəhid qardaşıdır: "Nizami kasıb adamdır. Üç övlad atasıdır. Sosial Müdafiə Mərkəzinə müavinət üçün müraciət etmişdi. Ordan ona deyiblər ki, müavinətin ilk altı ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan.

Nizami isə onlara deyib ki, yox, mənə təcili olaraq pul lazımdı. Xeyri olmayıb. Buna görə də o əsəbiləşib və özünü yandırıb. Onu da deyim ki, bizim qardaşımız Fəxrəddin Qarabağ döyüşlərində şəhid olub. İndi də Nizami belə oldu. Həkimlə danışdıq, dedi ki, o, ikinci dərəcəli yanıq xəsarəti alıb. Yaşayıb-yaşamayacağı belə sual altındadır. Hələlik dəqiq bir söz deyə bilmərəm".

* * * 13:08

Yevlaxda özünü yandırmaqla intihara cəhd edən əlil Nizami Kərimovun Qarabağ əlili olub-olmamasını dəqiqləşdirmək üçün Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudun Məmmədova müraciət etdik.

F.Məmmədov virtualaz.org-a açıqlamasında N.Kərimovun Qarabağ əlili yox, adi əlil olduğunu, lakin istənilən halda bir əlilin özünü yandırması həddinə gətirilib çıxarılmasına ciddi şəkildə narazılıqlarını bildirəcəklərini söylədi.

F.Məmmədov qeyd etdi ki, N.Kərimovun özünü yandırmasına səbəb ona ayrılan sosial yardımı ala bilməməsi və aylardır get-gələ salınmasıdır.

* * * 12:51

Yevlax rayonunda özünü yandırmaqla intihara cəhd olub. Bu xəbər sosial şəbəkələrdə yayılıb.

Virtualaz.org xəbər verir ki, Yevlax şəhər sakini Nizami Kərimov Dövlət Sosial Müdafiə Fondunun Yevlax şöbəsinin qarşısında özünü yandırıb.

N.Kərimov hazırda Yevlax şəhər xəstəxanasındadır.

Səhiyyə Nazirliynin mətbuat xidmətinin rəhbəri Anar Qədrili virtualaz.org-a açıqlamasında bildirib ki, özünü yandıran əlil hazırda Yevlax şəhər xəstəxanasındadır. A.Qədirlinin sözlərinə görə, N.Kərimov hazırda reanimasiyadadır və vəziyyəti orta ağırdır.

Qeyd edək ki, N.Kərimovun sosial yardım almaq üçün Sosial Müdafiə Fondunun Yevlax şöbəsinə müraciət etsə də yardım pulunu ala bilmədiyindən özünü yandırdığı bildirilir. Onun 3 uşağı var. Qardaşı Kərimov Faxrəddin Yusif öğlu Qarabagda şəhid olub.

Yada salaq ki, sosial problemlərlə üzləşən əlillərin bu cür intihara əl atması ilk belə hadisə deyil. Bhir ay qabaq II qrup Qarabağ əlili Zaur Həsənov özünü yandırmış, üç gün sonra vəfat etmişdi.
1589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber