Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

“İslanmış sakinlərin yağışdan nə qorxusu”?! - Fotolar

Mehdiabad qəsəbəsi Atatürk küçəsi 49 ünvanında yaşayan sakinlərin şikayətlərini dinlədiyimiz zaman məlum oldu ki, orada aparılan qazıntı işlərindən sonra yolların olduğu kimi qalması bu küçədə yaşayanların soyuq aylarda palçıqdan əziyyət çəkmələrinə səbəb olub. İlk öncə sakinlərin şikayətlərini dinlədik, daha sonra isə həmin əraziyə nəzarət edən Abşeron rayon Mehdiabad Bələdiyyəsinə müraciət etdik.
Əliyev Fərəməz: "Bizim bu yolu bir dəfə qaz çəkəndə qazıblar. Sonradan yolları öz hesabımıza düzəltdik. Qazıntı işləri bitəndən sonra dəftərdə yazılır ki, "Yollar qazıntı işlərindən sonra düzəldilib, çınqıl tökülüb”, halbuki, qazıb eləcə də qoyub gedirlər. Həmin qazıntı işlərindən sonra palçıq dizdən idi, gedib gəlmək mümkün deyildi. Məcbur qalıb özümüz bir maşın daş gətirdib tökdük bu yola. Yolları təzə düzəltmişdik ki, çox keçmədi, su xətti çəkmək üçün yenə yolları qazıb altını üstünə çevirdilər. Elə də qoyub getdilər. Məsuliyyətsiz insanları vəzifəyə gətirmək millətin əziyyət çəkməsi ilə nəticələnir. Şikayət edə də bilmirik. Deyirlər ki, gəlib düzəldəcəyik. Biz təqaüdçü insanıq, maşının birini 120-140 AZN-ə gətirib tökürlər. Bu küçəyə də neçə maşın daş tökülməlidir ki, küçəni tam əhatə etsin. İşimlə əlaqədar dünyanın bir neçə ölkəsində olmuşam, bizdən başqa hər kəs gözəl yaşayır. Belə baxanda, Azərbaycan kimi yeraltı və yerüstü zəngin yataqları olan bir ölkədə yaşayırıq, amma bizim neçə illərdir yol, kanalizasiya, su problemimiz bitmək bilmir”.
Akif Həsənov: "Əvvəl qaz, sonra su xətti çəkdilər. Yolları elə bərbad halda da qoyub getdiklərinə görə məcbur qalıb öz hesabımıza düzəltməli olmuşuq. Deyilənə görə, 2015-ci ilə qədər kanalizasiya xətti də çəkilməlidir. Ondan sonra yollarımız asfaltlanacaq. Bizə görə görülən işləri danmırıq. Əksinə, hər zaman öz təşəkkürümüzü bildiririk. Gərək onlarda da insaf ola ki, yolları üstünü altına çevirmiş halda qoyub getməyələr. Belə çıxır ki, biz təqaüdümüzü ancaq daşa verməliyik?! Yağış yağanda bu yollardan keçmək olmur”.
Solmaz Əhmədova: "Neçə illər idi sudan əziyyət çəkirdik. İndi də yollardan. Yağış, qar yağanda bayıra çıxmaq mümkün olmur. Kimisi maaşından, kimisi təqaüdündən kəsib, pul yığıb maşınlarla daş gətirib tökməyə pul ayırır, yenə gəlib qazıb tökürlər. Artıq 2-ci dəfədir öz hesabımıza düzəldirik. Yenə deyirlər ki, qazıntı işləri aparılacaq bu küçədə. Mənim yoldaşım da, qonşular da dəfələrlə gedib şikayət ediblər, yalandan söz verirlər ki, düzəldəcəyik. Seçki öncəsi hər şey vəd edirlər. Seçkidən sonra isə "Köhnə hamam, köhnə tas” məsəli.
Şikayətlərlə bağlı Mehdiabad Bələdiyyəsinin qəbul otağının baş məsləhətçisi Əliyeva Rəhilə xanımdan suallarımıza aldığımız cavab isə belə oldu: "Bizdə hal-hazırda dövlət proqramı çərçivəsi üzrə həmin küçədə su və kanalizasiya xətləri çəkilib. Su xəttinin çəkilişi bitəndən sonra kanalizasiya xətti çəkiləcək. İndi o küçəyə nə qədər sərmayə qoysalar belə, mənası yoxdur. Hardasa 2-3 aydan sonra o yollar yenidən qazılacaq. Biz sakinlərə də məsləhət görmüşük ki, səbrli olun, kanalizasiya xətti çəkiləndən sonra dövlət proqramı çərçivəsi üzrə yollar da asfaltlanacaq. İşlərin yekunlaşacağı tarix təxminən 2015- ci ilə qədər nəzərdə tutulub”.
Atatürk qəsəbəsinin sakinlərinin "İslanmışın yağışdan nə qorxusu” deyib, daha bir ildə gözləmələri lazım gələcək./starxeber /













1596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...