Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Əli Kərimli Heydər Əliyevlə qarşı-qarşıya

13 il əvvəlki bu dramatik hadisədən nə qədər adam xəbərdardır?

Müdriklərdən birinin sözüdür, deyir ki, faciələrin ömrü uzandıqca, onun xarakteri dəyişir, az qala lağ-lağı mahiyyəti alır. Nə qədər acı olsa da, etiraf etməliyik, bir azdan (fevralda) 26 yaşı tamamlanacaq “Qarabağ faciəsi” də o müdrikin dediyinə bənzəməkdədir. Azərbaycan insanına dəhşətlər hesabına, can, mal, torpaq bahasına başa gələn bu faciə, deyəsən, ümumxalq problemindən çıxıb, yalnız soyuq və boz diplomatik danışıqların başağrısına çevrilib. Hələ buna da qəti əmin deyilik ki, bu problemin həllilə məşğul olanlar ondan başağrısı çəkir, yoxsa Qarabağ isti kreslo və dəyirmi masa ətrafında söhbətdən zövq almaq üçün vasitədir?
Əvvəllər arabir, xüsusən ictimaiyyətdə torpaqlarımızın müqəddəratı ilə bağlı həyəcanlanmalar olurdu. Az qala, adam utanır yada salanda ki, bizim xalqın ən böyük toparlanma səbəbi “Topxana meşəsi”ndə ağacların qırılması olub. Indi Qarabağa görə nəinki meydanlarda milyonları səfərbər etmək mümkün deyil, hətta 20-30 hörmətli adamı da bu mövzu ətrafında dəyirmi masada toplamaq olmur.
Niyə?
Səbəb aydındır. Uzun illərin “atəşkəs” laylaları, saxta vətənpərvərlik dərmanları xalqı keyləşdirə bildi. Indi onun yenidən silkələnib oyanması üçün Allah bilir nə lazımdı...

Taleyin ironiyası

Qarabağla bağlı ən böyük ictimai ajiotaj 2001-ci ilin fevralında baş verdi. O zaman ictimaiyyətdə belə bir rəy hakim idi ki, deyəsən, Heydər Əliyev Qarabağı ermənilərə təslim edib. Buna görə bir sıra xalq yazıçıları da narahatlıq tonunda bir məktubu Heydər Əliyevə ünvanlamış, Əliyevsə onları qəbul edərək söhbətləşmişdi.
Nəhayət, 23 fevralda Azərbaycan nazirlərinin, dövlət komitə sədrlərinin, eləcə də tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin iştirakı və Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə Qarabağ problemi müzakirəyə çıxarıldı. Bu, dövlət tərəfindən ilk təşəbbüs idi ki, Qarabağa çözüm axtarılırdı. Taleyin ironiyasına bax ki, Qarabağ çözümü axtarılan o günlərdən azca əvvəl Qarabağ qaziləri rejimin basqısı ilə üzləşmiş, sözün əsl mənasında şil-küt edilmişdilər.

Əli Kərimli Heydər Əliyevi ittiham edir

Həmin proseslərə şahidlik edənlərin heç biri danmaz ki, parlament müzakirəsində ən yadda qalan və təsirli çıxış AXCP sədri Əli Kərimliyə məxsusdur. Əli Kərimli qısa çıxışında birbaşa Heydər Əliyevi uzun illər qabiliyyətsiz siyasət aparmaqda ittiham elədi. Üstəlik, ittiham eləməklə də kifayətlənmədi, o, bunun etirafını dövlət başçısından tələb etdi.
Hesab edirəm ki, yeni dövrün tələblərini nəzərə alaraq, həm də tarixi yaddaşı təzələmək üçün o müzakirələrə qayıtmağın yeri var. Beləliklə, “Milli Məclisin iclasları və protokolları” kitabına istinadən Əli Kərimlinin həmin çıxışını təqdim edirik.

***

Əli Kərimov:
- Cənab sədr, uzun illərdən sonra Azərbaycan parlamentində bu qədər əhəmiyyətli məsələnin müzakirəyə çıxarılmasını təqdir etsəm də, müzakirənin qaydasına etiraz etmək istəyiram. Yeddi ildə bir dəfə belə bir ciddi məsələ müzakirə olunur, onda da istəyirsiniz ki, beş dəqiqə ərzində, həm də əsasən müəyyənləşdirilmiş istiqamətdə çıxışlar olsun. Istərdim ki, bunu nəzərə alasınız. Hər halda, qərar qəbul etmisiniz və ona görə də biz məsləhətləşdik, partiyanın mövqeyini çatdırmaq üçün çıxışa yazılmış həmkarım Qulamhüseyn müəllim də öz vaxtını mənə verir. Xahiş ediram, heç olmasa, 10 dəqiqə fikrimi çatdırmağa imkan yaradasınız.

Murtuz Ələsgərov:
- Təklif olundu ki, çıxışlara 5 dəqiqə ayırılsın.

Əli Kərimov:
- Xahiş edirəm, fikirlərimi çatdırmağa imkan yaradın.

Heydər Əliyev:
- Murtuz müəllim, mən xahiş edirəm, Əli Kərimova imkan verin, bütün sözlərini desin.

Əli Kərimov:
- Təşəkkür edirəm. Bu gün doğrudan da ölkəmiz üçün çox vacib bir məsələni müzakirə edirik. Dövlət başçısı öz çıxışında etiraf etdi ki, belə bir məsələnin müzakirəyə çıxarılmasına məhz o özü təşəbbüs göstərib. Uzun müddətdir müşahidə edirmiş ki, müxalifət nümayəndələri hər zaman istəyirlər, bu məsələ müzakirə olunsun. Amma parlamentdə buna imkan yox idi. Ona görə imkan yox idi ki, Azərbaycan parlamenti heç zaman öz təşəbbüsü ilə belə ciddi məsələləri müzakirə etmək cəsarətində bulunmayıb.
Mən hesab edirəm ki, əgər bu gün bu məsələni parlamentdə müzakirə etmək doğrudursa və əgər Azərbaycan dövlətinin rəhbərliyi bundan hansısa nəticələr əldə etməyi gözləyirsə, heç olmasa, 4-5 il bundan qabaq bu işə başlamaq olardı ki, bu gün əldə olunacaq nəticələr onda əldə olunaydı. Bu gün deyiləcək fikirlər onda deyiləydi. Biz indiyədək hansısa mərhələni keçmiş olaydıq.
Indi gec də olsa, biz müzakirəyə başlamışıq. Hesab edirəm, müzakirə zamanı biz nəzərə almalıyıq ki, Azərbaycan indi hansı vəziyyətə gəlib çatıb? 7 ildən artıq aparılan siyasətin nəticəsi nədən ibarətdir? Açığı, burada Azərbaycanın xarici siyasətilə bağlı tərifli çıxışları eşidəndə mən təəccüblənirdim. Niyə təəccüblənirdim? Əlbəttə ki, Minsk qrupu tərəfindən irəli sürülən üçüncü təklifi  Azərbaycan rəhbərliyi qəbul etməkdən imtina edib. Bunu mən də təqdir edirəm və müsbət addım kimi qiymətləndiririk. Amma nəticə bundan ibarət deyil axı. 7 ildə aparılmış xarici siyasətin, keçirilən yüzlərlə görüşün, başqa işlərin nəticəsi ondan ibarətdir ki, bu gün ortada nə Qarabağ torpaqlarının azad olunması var, nə də qaçqınların geri qaytarılması.
Mən bura gəlməmişdən əvvəl qəzetləri qaldırıb baxırdım ki, 1995, 1996, 1997-ci illərdə mövqelər nədən ibarət idi. Mən müşahidə etdim ki, təqribən 1995-ci ildə dövlət başçısının çıxışında belə bir fikir vardı: “Nə müharibə, nə də sülh vəziyyəti uzana bilməz”. Görün, o vaxtdan neçə il keçir?
Yaxud da 1995-ci ildə Dağlıq Qarabağın muxtar vilayət adının bərpasından söhbət gedirdi. 1996-cı ildə ən yüksək statusdan söhbət gedirdi.
Bugünkü nəticə ondan ibərətdir ki, Minsk qrupunun hazırladığı təkliflərin heç biri Azərbaycan üçün məqbul deyil. Burada da mən dövlət başçısı ilə razı deyiləm ki, onları təhlil etməyə ehtiyac yoxdur. Əslində, onları təhlil etmək lazımdır. Bu təkliflərdən ikisini siz qəbul etmisiniz. Həmin o qəbul olunmuş təkliflərin birincisində münaqişənin nizama salınmasının paket həllində Azərbaycanın milli mənafelərinə uyğun olmayan çox ciddi güzəştlərə yol verilib.

Heydər Əliyev:
- Həm birinci, həm də ikinci təklif şərti olaraq qabul olunub. Ona görə ki, bunun əsasında danışıqlar getsin. Həm birinci, həm də ikinci təklifi biz qabul etməmişik. Burada müəyyən diplomatik addımlar da vardı. Bilirdik ki, Ermənistan bunu qəbul etməyəcək. Biz istəyirdik ki, burada müəyyən üstünlük əldə edək. Ona görə də mən xahiş edirəm ki, olan şeyi deyin. Bu da ondan ibarətdir ki, biz birinci və ikinci təklifin müzakirə olunmasına razılıq vermişik. Amma Ermənistan onları rədd edib, bununla da məsələ qurtarıb. Burada bizi günahlandırmaq lazım deyil. Əgər biz onları doğrudan da, stol arxasında oturub müzakirə etsəydik və desəydik ki, bu punkt yarayır, bu punkt yaramır, onda siz bunu deyə bilərdiniz. Belə deyildir. Xahiş edirəm, həqiqəti deyin.

Əli Kərimov:
- Mən təşəkkür edirəm, Siz dediniz ki, imkan yaradılsın, müxalifətin də burada mövqeyi eşidilsin. Ona görə də ümid edirəm ki, mənim fikirlərim axıra qədər dinlənilə biləcək. Hər halda, müxalif fikri eşitmək istəyirsinizsə, bilin ki, belə bir fikir də var. Hesab edirəm ki, bunu axıra qədər dinləmək lazımdır.
Fikrimcə, həmin təklifdə nəzərdə tutulmuşdu ki, Dağlıq Qarabağ öz konstitusiyasını qəbul edəcək və prinsipcə - tutaq ki, hansısa şərtlər varmış, hər halda, ictimaiyyət bunu bilmirdi, - onun silahlı qvardiyasının olmasından, onun ərazisinə Azərbaycanın hüquq-mühafizə orqanlarının yalnız Dağlıq Qarabağın icazasi ilə girməsindən, Dağlıq Qarabağın xaricdə nümayəndəliklərinin olmasından və bu kimi başqa hüquqlardan söhbət gedirdisə, üstəlik, Ermənistan bununla razılaşmırdısa, onda əvvəlcədən də görmək olardı ki, Minsk qrupunun sonrakı təklifləri daha da sərt olacaq.
Bəli, burada bir neçə dəfə vurğulandı ki, taktika baxımından bu təkliflərə “hə” deyilib. Mən də demək istəyirəm ki, hörmətli cənablar, bu taktika özünü doğrultmayıb. Bu taktika səhv olub və bunun nəticəsini çox gözləmək lazım gəlməyib. Cəmi bir neçə aydan sonra həmin o beynəlxalq qurum
nəzərə alıb ki, Azərbaycan güzəştlərə hazırdır. Burada deyildiyi kimi, Azərbaycanın dövlat başçısı hər hansı bir sazişi Azərbaycan xalqına qabul etdirə bilər, ona görə də o, güzəştə getməlidir. Ermənistan onsuz da güzəştə getmir və ona görə də Azərbaycan üçün təhqiramiz olan yeni takliflər artıq meydana çıxıb. Biz bilməliyik ki, əgər doğrudan da, ilk iki təklifə müsbət cavab verilməsi taktika idisə, aydın etiraf olunmalıdır ki, o taktika özünü doğrultmadı. Nəyə görə? Birincisi, əgər bu taktikanın məqsədi Azərbaycanın sülhməramlı olduğunu bütün dünyaya göstərmək idisə, bu məqsədə nail olunmadı. Çünki Rusiya Xarici Işlər Nazirliyinin diktəsi ilə elə bir təklif meydana çıxdı ki, Azərbaycan yenidən onu rədd etmək məcburiyyatində qaldı, birinci iki təklifdən qazandığı sülh missiyasındakı dividendləri də axırıncı təklifdə itirməli oldu.
Demək, onsuz da bizim sülhməramlı imic qazanmağımız mümkün olmadı. Amma nəticədə na baş verdi? Nəticədə o baş verdi ki, bu gun dünyada çox qlobal proseslərə təsir etməyə imkanı olan Minsk qrupunun həmin həmsədr dövlətləri tərəfindən Azərbaycan üçün təhqiramiz olan şərtlər irəli sürüldü. Biz onu qəbul etməsək də, bu gün reallıqdan danışırıqsa, bu reallığı dərk etməliyik. O dövlətlər ki, biz onlara uzun müddət ümidlə baxmışıq, görün, bu gün Azərbaycana nə təklif edirlər?!/azadlıq/

1504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:14