Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Pensiyanı bəyənməyən dilənçi qoca...

“Altmış manat nə puldur ki? Bununla necə yaşamaq olar?”
O, bir neçə gündür ki, paytaxtın Nizami rayonunda, metronun yaxınlığında saatlarla oturur. Kiçik dalanda karton parçasını asfalta sərib dilənir. Gediş-gəlişin çox olmadığı dalanda oturmasının isə səbəbi var.
“Buranı polislər görmürlər, ona görə gəlmişəm. Polislər görən kimi qovur, hələ yığdığım pulu da alırlar”,- deyir saç-saqqalı ağarmış dilənçi baba. Adının Musa olduğunu deyir, yaşının da yetmiş. Bakıya çox uzaqdan, Masallıdan gəldiyini bildirir. Səbəbi... səbəbi çox da sadə deyil.

Həmsöhbət olduğum qoca deyir ki, iki ilə yaxındır bu işlə məşğuldur: “Yəni dilənirəm. Halal pul budur, bala. Yoxsa ki...”

Bir qədər susur və sonra vaxtilə halal olmayan yollarla pul qazanmasından danışır. Deyir, elə oğurluq üstündə də məhbəsə düşüb, həm də bir neçə dəfə: “İki ildir türmədən çıxmışam. Elə o vaxtdan dilənirəm. Həyat həmişə istədiyimiz kimi olmur. Türmədə də həyat fərqlidir- kiminə çətindir, kiminə asan. Orada aclıq qorxusu yoxdur, hökumət çörək verir, çay verir...”

Dediyinə görə, rayonda kiçik də olsa, yurdu var: “İndi bilmirəm, qalırmı, amma var. Orada iş yoxdur, yaşamaq çox çətindir. Ayda altmış manat pensiya alıram. Altmış manat nə puldur ki? Bununla necə yaşamaq olar? Biz qocalara bu pulu verənlər heç utanırmı? Özləri yaşaya bilərlər bununla?” Ard-arda verdiyi suallara cavab vermədiyimi görüb deyir ki, Bakıya üz tutmasının səbəbi ayaqları yer tutduğu müddətdə bir parça çörəyə görə heç kimə möhtac olmamaqdır: “Burada Suraxanıda kirayə qalıram. Kirayə deyəndə, tövləyə bənzər bir yerdir, ayda 50 manat verirəm. Qazancımın qalan hissəsi də yaşamağım üçün bəs edir”. Sonra birdən cümləsini xatırlayıb gülür: “Qazancım ha, qazanc”... gülür və qara, qırıq dişlərini gördüyümü fərq edib üzünü çevirir.

Sonra deyir ki, saatlarla yolda dayanıb bir qəpik almadığı vaxtlar da olub: “Pul verməyib gedən çox olur, hərdən təhqir də edirlər. Çoxu da deyir ki, get, işlə, niyə dilənirsən? Deyirəm, iş ver, dilənməyim mən də. Dilənmək mənim də ürəyimcə deyil”...

Dilənçi qoca vəziyyətə düşməyində özünü də günahkar bilir, cəmiyyəti də. Deyir ki, əvvəl cavanlıq səhvləri olub, kiçik oğurluqlar, sonra böyük işlər... “Amma bu da imkansızlıqla bağlı idi. İş tapsam, işləyərdim. Elə türməyə düşən kimi ailəm də məni atdı. İndi haradasa balalarım da var”. Onun türmə həyatı təkcə oğurluqla bağlı deyilmiş. Qoca sakitcə deyir ki, “Ölüm işi də olub, amma daha heç nə soruşma”...

Deyir ki, bir də türməyə düşmək istəmir: “Hərdən öz-özümə deyirəm ki, buna da döz, heç nə olmaz, çətinlik ölənə qədərdir. Çox oğurluqlar etmişəm... keçdi artıq, ötdü... Hərdən bu barədə fikirləşirəm, halal çörək budur, görünür bu cür qazanc yazılıbmış bəxtimə. Kişi orada (türmədə-red.) oturmaz. Oturar ey, amma baxır nə üstündə. Yaşımın çox hissəsi içəridə keçdi, sənin yaşından çox olar... Bundan sonra rahat, sakit yaşamaq istəyirəm- heç kimə dəyib-dolaşmadan. Daha oğurluq da etmirəm”.

Susduğunu görüb havanın soyuq olduğunu xatırladıram: “Bəlkə evə gedəsiz?”,- deyirəm. Acı-acı gülür: “Ev də elə bura kimidir. Həm də ev pulunu yığa bilməsəm, qızın günündə çöldə qalmalı olaram. Heç olmasa, evdə başıma qar, yağış yağmır”. Ovcuna yığdığı pulları sayır: “Bu gün bir az qazancım olub, şükür Allaha. İnsanlara həmişə dua edirəm, həyatları rahat olsun deyə”.

Sonda deyir ki, cavan olsa, həyatını başqa cür qurardı. Ancaq necə? “Yaşanılan həyat həmişə arzulara uyğun olmur, istəmədən yaşadım mən də. Yenidən illər əvvələ qayıtsam, başqa cür yaşamağa çalışardım. Amma necə? Bax, bunu tapa bilmirəm, bəzən həyat sona çatmadan, bu qənaətə gəlmək olmur. Yəqin ki, mütləq bir iş tapıb işləyərdim, ailəm olardı, uşaqlarımçün yaşayardım. İndi haradasa uşaqlarım var, amma yanlarına gedə də bilmirəm, üzüm yoxdur. Bilirsən, bala, həyat çox zaman məcbur edir”,- dişlərinin arasında sıxıb deyir sonuncu cümləni...

“Hər şeyi həyatın üstünə atmayın”,- deyib, uzaqlaşıram. Arxamca dillənir: “Cavanlıqda mən də sənin qədər arxayın idim, bala, amma illər həqiqəti başa saldı...”/musavat/
1563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber