Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

Nardaran məhbusu hakimlərə ağ vərəq və qələm göndərdi…

Nardaran hadisələrindən sonra şərlənərək həbs olunub, terrorçuluq, dövlət çevrilişinə cəhd kimi ağır maddələrlə məhkəmə qarşısına çıxarılan daha 12 nəfərə dekabrın 28-də hökm oxunacaq. Onların arasında “Müsəlman Birliyi” hərəkatının sədr müavini, ilahiyyatçı-alim Elçin Qasımov da var.

Şərti olaraq, “Nardaran işi-2” adlandırılan bu məhkəmə prosesi 2017-ci il yanvarın əvvəlindən gedir. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İşgəncə göstərişini kim verib?

Dekabrın 27-də keçirilən məhkəmədə təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Amma çıxışlar başlanmazdan öncə Elçin Qasımov onlara işgəncə verilməsi haqda göstərişdən danışıb. İlahiyyatçının sözlərinə görə, ötən məhkəmədə təqsirləndirilən şəxslərdən bəziləri ilə konvoylar arasındakı narazılıqdan sonra dustaqların bir neçəsini təcridxanada incidiblər: “Buradakı insidentdən sonra akt tərtib olunub, tələb edilib ki, bizlərdən bir neçəsinə təcridxanada işgəncə verilsin. Hər halda, təcridxana rəis bizə belə dedi. Mən bilmək istəyirəm ki, bu göstərişi kim verib? Qanunda işgəncə cəza növü varmı? “Kars”a salmaq olar, daha işgəncə verilməsini tələb etmək nədi?”

İlahiyyatçı bu məsələnin araşdırılmasını istəyib. Hakim isə bildirib ki, belə bir qərardan ümumiyyətlə, xəbəri yoxdur. Hakim təqsirləndirilən şəxslərə vəd verib ki, heç bir cəzalanma olmayacaq.

Ardınca təqsirləndirilən şəxslər son sözlərini deyiblər. İttihamların başdan-ayağa qurama olduğunu, istintaqın qanun pozuntuları ilə keçdiyini deyən Seymur Axundov bildirib ki, günahsız olduğu üçün bəraət hökmü çıxarılmasını istəyir. Amma məhkəmənin də müstəqil olmadığını nəzərə alaraq, ədalətli nəticə gözləmir.

“Bunu eləyənlərə necə “şərəfli” deyim?”

Digər təqsirləndirilən Elgün Axundov deyir ki, bu iş qanunsuzluqla başlayıb, o cür də davam edib. Onun sözlərinə görə, qanunsuzluğu edənlər də polislər, bu saxta cinayət işini düzüb-qoşanlar, evlərə silah atanlar olub. Axundov deyir ki, məhkəmədə dindirilən polislər yalan ifadələr veriblər.

“Bu işdə heç bir qanunun tələbinə əməl olunmayıb. Evlərimizə basqın edib, silahları, kitabçaları atıblar, sonra da özləri götürüblər. Azərbaycan polisi belə olmalıdırmı? Prezident deyir ki, Azərbaycan polisi şərəflidir. Bu işləri görən adamlara necə “şərəfli” deyim?”, – Elgün Axundov son sözündə belə deyib.

Çıxışının sonunda isə hakimlərdən ədalətli hökm çıxarmağı istəyib: “Biz güzəşt istəmirik, ədalət istəyirik. Bu şərləmə ilə biz dəyişən deyilik. Amma ədalətli qərar tələb etməyi özümə borc bilirəm”.

“Hər şey bir zənglə həll olunur”

İlahiyyatçı Nahid Qəhrəmanov da son sözünü deyib. Amma çıxışa başlamazdan öncə hakimlərə ağ vərəq və qələm göndərib. Bu addımının mənasını da belə izah edib: “Mənası odur ki, siz hansı cəzanı istəsəniz, ora yaza bilərsiz. Amma ədalətli olmayacaq…”

N.Qəhrəmanov çıxışında İslam dininin tarixindən, ardınca da ittihamların saxta olmasından danışıb. Bildirib ki, sifarişlə həbs olunduqları kimi, verilən sifarişə uyğun da onlara cəza kəsiləcək: “Hər şey bir telefon zənginə bağlıdır. Əgər sizə zəng edib desələr ki, “açıb buraxın”, siz də açıb buraxacaqsınız. Çünki sizin heç biriniz müstəqil deyilsiniz. Hacıbala demişkən, Azərbaycanda bir kişi var, o da İlham Əliyevdir. Hər şey yuxarıdan gələn zənglə həll edilir”.

N.Qəhrəmanov yuxusunda prezident İlham Əliyevi görməsindən də danışıb. Onun sözlərinə görə, yuxuda Prezidentlə eyni qatarda yol gedirmiş: “Ona deyirəm ki, bizə bu qədər zülm olub, niyə heç nə demirsən? Cavab verir ki, “mənlik deyil, elə yerdən tapşırıblar ki, keçə bilmərəm”. Çay təklif elədim, içmədi. Mən bu yuxuda həqiqət payı görürəm”.

Təqsirləndirilən Qəhrəmanov deyir ki, bu ölkədə məmurlar xalqın sərvətləri ilə yanaşı, insanların mənəviyyatını da oğurlayırlar: “Oğru gecə evə girəndə yatanların arasında bir az tərpənənə baxır axı… İndi biz də tərpənirdik, etiraz edirdik. Oğrular da narahatdır ki, birdən kimsə oyanar. Avropada göydə iki təyyarə toqquşur, bir nəfər xəsarət alır. Azərbaycanda bir maşın inəyə dəyir, dörd nəfər ölür. Çünki hər şey rüşvətlə olur, sürücülük vəsiqəsini də rüşvətlə alırlar. Ramzan Kadırova yeddi nəfər sui-qəsd eləmək istəmişdi, gedib onlarla görüşdü, bu addımlarının səbəbini soruşdu. Bəs İlham Əliyev niyə bizdən soruşmur ki, nədir istəyimiz, problemimiz?”

“Bizə saxta cinayət işi açanlar rüsvay oldular”

İlahiyyatçı Elçin Qasımov son sözündə deyib ki, heç bir cəza onları haqq bildikləri yoldan çəkindirə bilməz.

“Silahımız iman, gücümüz Allahdandır. Bütün bu baş verənləri Allah görür. Bizi cəmiyyətdən təcrid edənlər nəyəsə nail olduqlarını düşünürlər. Yanılırlar. Zindanda olan cismimizdir. Qoy Allah bizimlə düşmən arasında hakim olsun. Dünya yaranandan haqla batil mübarizədədir. 2015-ci il noyabrın 26-dan bu günə kimi olan məhkəmə və istintaq nəticəsində hüquq-mühafizə orqanlarının üzdəniraq fəaliyyətini hər kəs gördü. Haqqımızda saxta, qondarma cinayət işi açanlar bu gün rüsvay olub, qazdıqları quyuya düşüblər…”, – Elçin Qasımov son sözündə belə deyib.

Təqsirləndirilən Əli Şahbazov isə sön sözündə ailələrinə edilən zülmdən, özü ilə yanaşı, atası və iki qardaşının da saxta ittihamla həbs olunmasından danışıb. O da, digər təqsirləndirilən Seyfəddin Şirvanov da ittihamların əsassız olduğunu bildirərək, bəraət istəyiblər.

Bununla da təqsirləndirilən şəxslərin son söz demək mərhələsi də yekunlaşıb. Hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedib.
319 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP