Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Gölməçədə böyüyənlər

“Gündüzlər bir evə yığışıb qızınırıq, gecələr isə...” 

Bura Venesiya  deyil, Bakının Maştağa qəsəbəsi, Ləhiş bağları massividi. Şəkildə gördüyünüz də Adriatik dənizinin suları yox, kanalizasiya sularıdır, onların yaratdığı gölməçələrdir. Bu düzülən daşlar isə körpünü əvəz edir. Hər gün onlarla məktəbli bu “körpü”dən keçib məktəbə gedir. Bu “körpü”dən keçmək xüsusi məharət tələb edir. Ayağını səhv atdınsa, özünü bu gölməçənin içində hesab edə bilərsən. Yollar kimi elə bəzi evlərin həyəti də  beləcə gölməçələrdir. Leylagilin evi kimi...

Əslən Lənkərandan olan Leyla Nağıyeva 17 il əvvəl Lerikə gəlin köçür. İki uşağı - Aytacla, Xəyyam dünyaya gələndən sonra yoldaşı  İsa Bakıya işləməyə gəlir. Az sonra ailəsi də onun ardınca. Əvvəl Qızıldaşda, sonra Maştağada kirayənişin yaşayırlar. 2010-cu ildə Lerikdə satdıqları ata yurdunun puluna Maştağada torpaq sahəsi alırlar. Əllərində qalan pula isə bir koma qaralayırlar. Burda da onların daha iki övladı, Xalidlə Zeynəb dünyaya gəlir. Zeynəbin 2-3 yaşı olanda isə ailə başsız qalır. Ata balalarını atıb gedir.

“Balalarımı necə atım”

- Yoldaşım bizimlə yaşamır. Ayrı ailə qurub Ramanada yaşayır. Rəsmi boşanmamışıq. Heç bir qəpik də bizə kömək etmir. Arvadı qoymur. Anam çoxdan rəhmətə gedib, analığım var. Atam, qohum əqrəba mənə dedi ki, uşaqlarını at, dön kəndə. Mən anayam, necə ata bilərəm balalarımı? Günahdı. Üstəlik də xəstə uşaqları. Hamını ataram, amma uşaqlarımı qətiyyən. Xəstə halımla saxlayıram onları. Gündəlik orda burda işləyib qəpik-quruş qazanıram, “parnik”lərdə də işləyirəm. İş olanda işləyirəm, iş olmadı otururam ac-susuz evdə. Belimdə bərk ağrılar yaranıb. Nəfəs ala bilmirəm ağrıdan. Çox işləyə də bilmirəm. Bu gecə heç yatmamışam ağrıdan. Özüm yolu tanımıram. O gün  qaynanam apardı, getdik sosial yardım almağa. Mənə deyirlər ki, ərinin də sənədini gətir sənə sosial yardım verək. Ərimə də deyirik, gah deyir itirmişəm, gah deyir bilmirəm hardadı sənədim. Bax, o bir sənədə görə biz sosial yardım da ala bilmirik.

“9 yaşı var, 5-6 yaşlı uşağa bənzəyir”

Aytacın  16 yaşı olsa da, səkkizinci sinifdə oxuyur. Kənd yeri olduğu üçün tək gedib gəlməsin deyə məktəbə gec qoyublar. Qardaşı Xəyyamla eyni sinifdə oxuyur. Leyla xanım deyir ki, yaxşı ki məktəbə gec qoyublar. Aytacın onurğa sütununda xəstəlik var. Uşaq yaşlarında sümükdə əyilmə başlayıb. Maddi imkanları olmayan ailə onu vaxtında müalicə etdirmədiyi üçün Aytac indi çətin yeriyir. Məktəb çantasını da qardaşı daşıyır. 9 yaşlı Zeynəb də eyni xəstəlikdən əziyyət çəkir. Doqquz yaşı var, 5-6 yaşlı uşağa bənzəyir. Yaxşı qidalanmadığı üçün boyu da artmır. Artıq onun da belində əyilmə yaranıb. Leyla xanım deyir ki, övladlarının xəstəliyinin müalicəsi var. Əgər pulları olarsa...

“Mən də yatağa düşsəm...”

- Əlilliklərinə görə, Aytac ayda yetmiş altı manat, Zeynəbsə altmış altı manat  təqaüd alır. Bu pul olmasa acından ölərik. Dünən gedib aldım. O dedi ayaqqabım su keçirir, bu dedi, ana, paltarım yoxdu. Nə edim?! Aldım. Qalan puldan da özümə bir az dərman aldım. Mən də yatağa düşsəm, uşaqlara kim baxacaq?

“Bir də görürsən...”

- İki otaqlı evdə mən dörd uşağımla, baldızımın yoldaşı iki körpə uşağıyla, qayınatam və qaynanam qalır. Şəraitsizlikdi. Hər yer nəmişlikdi. Divarlar kif bağlayıb. Gecələr uşaqlar üşüyür. Soyuqdan yuxuya da gedə bilmirik. Gündüzlər qayınanamgilin otağında otururuq. Orda odun sobası var. Gecələr isə bu buzxanada yatırıq. Qapıdan girəndə gördüyünüz dəhlizdəki döşəməyə baxın. Su taxtalarına arasından çıxır. Evin altı başdan-başa sudu. Gölməçənin üstündə yaşayırıq. Həyətdəki su hələ bir az çəkilib. Bir də görürsən evin içinə qədər su gəlir. Ayağımıza rezin çəkmə geyinib gəzirik. Tək biz yox, camaatın çoxu bu gündədi. O yoldakı gölməçəyə daşları mən düzmüşəm. Uşaqlar məktəbə gedə bilsinlər. Aytaca o gün su keçirməyən ayaqqabı almışam. Ona qədər bu soyuqda yazıq balam ayağı sulu-sulu gedirdi məktəbə. Bir də görürsən ayaqları sürüşür, yıxılırlar o natəmiz suya.

“Hamilə vaxtı ac qalmışam”

- Zeynəbin burnunda artıq ət vardı. Klinik Tibbi Mərkəzdə pulsuz əməliyyat etdilər. Vəziyyətimi başa saldım, məndən pul istəmədilər. Həkim dedi, soyuqdan qoru. Məktəb də soyuqdur, şəraiti yoxdu. Mən də göndərmirəm. Gedib xəstələnib gəlir. Bu soyuqda geyindirməyə isti paltarı da yoxdu.  Uşaq böyüdükcə dərdləri də böyüyür. Əvvəl olanı geyindirib yola salardım. İndi utanırlar. Paltar istəyir, tələb edir. Mən də hardan alım? Pulum yoxdur? Məktəbə də göndərə bilmirəm. Zeynəb hələ balacadı. Böyüdükcə, bu da tələb edəcək. Mən onda nə edəcəm heç bilmirəm. Əməliyyatın da bir xeyri olmadı Zeynəbə. Yenə danışanda xır-xır xırıldayır. Başa düşə bilmirəm ki, nə danışır. Allah özü bizə kömək olsun. 

***

Bu evdə - əgər ev demək mümkünsə - bir ailə yaşayır, dörd uşaq böyüyür. Gölməçənin içində. Hə, bura başqa nə ad vermək olar ki?

Ramanada isə bir “ata” yaşayır. Əgər ata demək mümkünsə. Gecələr evində rahat yata bilir. Gölməçədə qoyub gəldiyi 4 balasını iztirablarından, ağrılarından xəbərsiz, rahatca.

Allah isə mütləq bu ailəyə kömək olacaq. Mütləq!/lentaz


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı