Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Dahi Füzulinin 500 illik vəsiyyəti yerinə yetirildi

Şairin qəbrindən götürülən torpaqla hazırlanan səhənglə Məscidi Nəbəvidə İslam peyğəmbərinin qəbrinin olduğu yerin qapısına su tökülüb

Görkəmli azərbaycanlı şair Məhəmməd Füzulinin 500 illik vəsiyyəti yerinə yetirilib. Şairin qəbrindən götürülən torpaqla hazırlanan səhənglə Məscidi Nəbəvidə İslam peyğəmbərinin qəbrinin olduğu yerin qapısına su tökülüb. Beləcə şairin peyğəmbərə həsr etdiyi “Su” qəsidəsində dediyi, “Dəstbusi arizusundan ölərsəm, dustlər, Kuzə eylin torpağım, sunun onunla yarə su”. (Dostlar, əgər onun əlini öpmək arzusuyla ölsəm, Torpağımdan hazırlayacağınız səhənglə ona su verin) təmənnası yerinə yetirilib. ANS PRESS-in məlumatına görə, Füzulinin arzusunu Türkiyə Trabzon vilayətindəki “Cümhuriyyət Anadolu” litseyinin ədəbiyyat müəllimi Turqut Okutur və şagirdləri həyata keçiriblər.

Məlumata görə, Türkiyənin Bağdad səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşı olan Fatih Tamer Füzulinin qəbrindən götürdüyü torpağı ölkəsinə gətirib. Kütahya şəhərindəki dulusçu ustalar həmin torpaqla 2 səhəng hazırlayıblar.

Litseyin direktoru Həsən Suiçməz bu səhəngləri peyğəmbər qəbrinin olduğu Məscidi Nəbəviyə aparıb. Burda məscidin rəsmi şəxslərindən olan Seyyid Faris Əbu Mənsurun köməkliyi ilə Füzulinin ölüm ildönümü olan 11 yanvarda qəbrin olduğu məkanın qapısına su töküblər.

Müəllim və şagirdlərlə son əsrin ən maraqlı ədəbiyyat latyihələrindən birini həyata keçirdiklərini deyən Suiçməz bunu özləri üçün şərəf qəbul etdiklərini deyib.

“Türk-İslam dünyasının ən böyük şairinin təxminən 500 il əvvəlki vəsiyyətini yerinə yetirmə layihəsini həyata keçirmənin xöşbəxtliyini hiss edirik. Füzulinin vəsiyyətini yerinə yetirdik. Ümidvaram ki, onun ruhu rahatlığa qovuşub”. /ans/



SU qəsidəsi

Saçma, ey göz, eşqdən könlümdəki odlarə su
Kim, bu dənlü tutuşan odlara qılmaz çarə su.

Ab gundur dünbəzi-dəvvar rəngi, bilməzəm,
Ya mühit olmuş gözümdə günbəzi-dəvvarə su.

Zövqi-tiğundən əcəb yox olsa könlüm çak-çak
Kim, mürur ilə buraxır rəxnələr divarə su.

Vəhmlən söylər dili-məcruh peykanın sözün,
Ehtiyat ilə içər hər kimdə olsa yarə, su.

Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,
Bir gül açılmaz üzün tək, versə min gülzarə su.

Oxşada bilməz qübarini mühərrir xəttinə,
Xamə tək baxmaqdan ensə gözlərinə qarə su.

Arizin yadilə nəmnak olsa müjganım, nola,
Zaye olmaz gül təmənnasilə vermək xarə su.

Qəm günü etmə dili-bimardən tiğin diriğ,
Xeyrdir vermək qaranluq gecədə bimarə su.

Mən ləbin müştaqiyəm, zühhad Kövsər talibi,
Netəkim məstə mey içmək xoş gəlir, hüşyarə su.

İstə peykanın, könül, hicrində şövqüm sakin et,
Susuzam bir gəz bu səhradə mənimçün arə su.

Rövzeyi-kuyinə hərdəm burmayıb eylər güzar,
Aşiq olmuş, qaliba, ol sərvi-xoşrəftarə su.

Su yolun ol kuydən torpaq olub tutsam gərək,
Çün qəbibimdir, dəxi ol kuyə qoyman varə su.

Dəstbusi arizusundan ölərsəm, dustlər,
Kuzə eylin torpağım, sunun onunla yarə su.

Sərv sərkəşlik qılır qümri niyazından, məgər
Damənin tuta, əyağinə düşə, yalvarə su.

İçmək istər bülbülün qanın, məgər bir rəng ilə,
Gül butağının mizacına girə, qurtarə su.

Tinəti-pakini rövşən qılmış əhli-aləmə,
İqtida qılmış təriqi-Əhmədi-Muxtarə su.

Seyyidi-nüv`i-bəşər, dəryayi-dürri-istifa
Kim, səpibdir mö`cüzati atəşi-əşrarə su.

Qılmaq üçün tazə gülzari-nübüvvət rövnəqin,
Mö`cüzündən eyləmiş izhar səngi-xarə su.

Mö`cüzü bir bəhri-bipayan imiş aləmdə kim,
Yetmiş ondan min-min atəşxaneyi-küffarə su.

Heyret ilən barmağın dişlər, kim etsə istima`,
Barmağından verdiyin şiddət günü ənsarə su.

Dusti gər zəhri-mar içsə olar abi-həyat,
Xəsmi su içsə dönər, əlbəttə, zəhri-marə su.

Eyləmiş hər qətrədən min bəhri-rəhmət mövciz,
Əl sunub vurğac vüzu üçün güli-rüxsarə su.

Xaki-payinə yetəm der, ömrlərdir müttəsil
Başını daşdan-daşa vurub gəzər avarə su.

Zərrə-zərrə xaki-dərgahinə istər sala nur,
Dönməz ol dərgahdən, gər olsa parə-parə su.

Zikri-nə`tin virdini dərman bilir əhli-xəta,
Eylə kim, dəf`i-xumar üçün içər meyxarə su.

Ya Həbibullah! Ya xeyrül-bəşər! Müştaqinəm,
Eylə kim, ləbtəşnələr yanıb dilər həmvarə su.

Sənsən ol bəhri-kəramət kim, şəbi-meracdə
Şəbnəmi-feyzin yetişmiş sabitü səyyarə su.

Çeşmeyi-xurşiddən hər dəm zülali-feyz enər,
Hacət olsa mərqədin təcdid edən me`marə su.

Bimi-duzəx, naqi-qəm salmış dili-suzanimə,
Var ümidim əbri-ehsanın səpə ol narə su.

Yümni-nə`tindən gühər olmuş Füzuli sözləri,
Əbri-nisandan dönən tək lö`löi-şəhvarə su.

Xabi-qəflətdə olan, bidar olanda ruzi-həşr
Əşki-həsrətdən dolanda dideyi-bidarə su.

Umduğum oldur ki, ruzi-həşr məhrum olmayam,
Çeşməyi-vəslin verə mən təşneyi-didarə su.
1778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber