Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Yük maşınları sürücülərindən 1200 manat pul yığılır

120 manat dövlət rüsumu verməli olan yük maşını sürücüləri 1200 manat verdiklərini iddia edirlər; yolların yük maşınları tərəfindən dağıdıldığı əsas gətirilir; Pünhan Mürsəliyev: “Əsaslı təmir olunan avtomobil yollarında heç bir problem yoxdur”
Nəqliyyat Nazirliyi müfəttişlərinin özbaşınalıqlarından dəfələrlə deyilib və bir o qədər də yazılıb. Bu sahədə hər hansı bir dəyişikliyin olmaması, eyni zamanda vəziyyətin daha da pisləşməsi bizi bu mövzuya yenidən qayıtmağa vadar etdi.

Yeni məlumat isə nəqliyyat müfəttişlərinin yük maşını sürücülərindən 1200 manat aylıq haqq tələb etmələridir. “Yeni Müsavat”a bu barədə məlumat verən sürücülər iddia edirlər ki, son günlər paytaxt da daxil olmaqla, rayonlarda yük maşınları sürücülərinə qarşı aparılan reyd də məhz bununla bağlıdır. Onların sözlərinə görə, əvvəllər bu məbləğ 120 manat imiş. Bu həm də rəsmi dövlət rüsumudur.

Tikinti şirkətlərinin birində çalışan sürücü Telman deyir ki, müfəttişlərin özbaşınalığı təkcə pul tələb etmələri ilə bağlı deyil: “Lisenziyam var. Dövlət rüsumunu ödəyirəm. Üstəlik, şəhərdaxili yollar üçün nəzərdə tutulmuş yük həcmini heç vaxt aşmıram. Amma gəl gör ki, müfəttişlərin reydlərindən canımızı qurtara bilmirəm. Dəqiqə-başı saxlayıb sənədlərimi alıb, pul tələb edirlər. Hər saxlayanda azı yarım saat mübahisə edirik. Bu həm də vaxt itkisidir. Məsələ ilə bağlı nazirliyə dəfələrlə zəng vuraraq şikayət etmişik. Lakin dəyişən bir şey yoxdur. Vəziyyət günü-gündən daha da pisləşir”.

YDM-lər qan ağlayır...

Bakıda fəaliyyət göstərən yanacaq, doldurma məntəqələri (YDM) də nəqliyyat müfəttişlərinin əməllərindən şikayətçidirlər. Bir çox YDM-lər müfəttişlərin benzinlə dolu yük maşınlarını saxlaması ilə bağlı ziyan gördüklərini deyirlər. Yanacaqdoldurma məntəqələrinin birində baş operator çalışan Anar deyir ki, çənlər boşalmamış sifariş versələr də, müfəttişlərin şirkətlərinə aid maşını saxlaması nəticəsində YDM yanacağı vaxtında qəbul edə bilmir: “Bu problemlə tez-tez rastlaşırıq. Yolda maşınları saxlayırlar. Pul tələb edirlər. Halbuki sürücülərin bütün sənədləri qaydasındadır. Yanacaq daşınması ilə bağlı bütün sənədlər var. Sürücü də onların istədiyi pulu verməyəndə mübahisə uzanır və nəticədə şirkət ziyan görür. Dəfələrlə nazirliyə məlumat vermişik, dəyişən bir şey yoxdur”.

“Açıq-aşkar soyğunçuluqdur”

Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsi boyunca reydlər keçirən müfəttişlərin qanunsuzluğundan əziyyət çəkən tikinti şirkətlərindən birinin sürücüsü Qabil deyir ki, çox vaxt nazirliyin işçiləri ilə əlbəyaxa olurlar: “Tikintilərə beton aparırıq. Beton da elə şeydir ki, vaxtında çatdırmasan quruyacaq və heç kəsə lazım olmayacaq. Müfəttiş saxlayır ki, bəs 30 tondan çox yük aparırsan. Bunlar tərəzi olmadan, gözəyarı çəkini necə təyin edirlər? Bunlardan hara şikayət edim, bilmirəm. İki maşınla yolumuzu kəsirlər. Bir də görürsən müfəttişlərdən biri sənlə söhbət edərkən, digəri sənədlərini oğurlayıb qaçır, maşının nömrəsini açır”.

Nəqliyyat Nazirliyi isə dəfələrlə , yoxlamaların yük daşımaçılığı ilə qanunsuz məşğul olan və normadan artıq yük götürməklə asfalta ziyan vuran sürücülərə qarşı yönəldiyi ilə bağlı məlumat yayıb. Qeyd edək ki, artıq nazirlik bu kimi halların qarşısını almaq üçün hərəkətə keçib və magistral yolların əksəriyyətində tərəzi quraşdırıb. Məsələn, Bakı-Qazax yolunun Qobustan rayonundan keçən hissəsindəki nəqliyyat postunda yük maşınları yoxlanıldıqdan soran Bakı istiqamətində hərəkətlərinə icazə verilir. Eyni zamandan Bakıdan yüklə çıxan maşınlar yolda quraşdırılmış monitorlar vasitəsilə postda dəvət olunur. Tərəzidə yüklə dolu maşın yoxlanıldıqdan sonra hərəkətinə icazə verilir.
Nəqliyyat Nazirliyi yolların dağılmasında yük maşınlarının sürücülərini günahlandırır. Bəlkə paytaxt yolları dözümlü deyil və ya qəbul olunmuş normativlərə cavab vermir?
Sualımızı “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev cavablandırdı: “Əsaslı təmir olunan avtomobil yollarında heç bir problem yoxdur. ”Azeryolservis" ASC qəbul olunmuş bütün normativlərə riayət edir və yollarda asfalt örtüyünün dağılması faktı aşkarlanarsa dərhal aradan qaldırır. Cari və orda təmir hesabına saxlanan yollarda da biz mütəmadi olaraq işlər aparırıq. Yolların yük maşınları tərəfindən dağıdılmasına gəlincə isə bu bizim səlahiyyətimizə aid deyil. Bununla Baş Dövlət Yol Polisi və Nəqliyyat Departamenti məşğul olur". /musavat/
1486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber