Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Əliyevin tənqid olunduğu filmin nümayişinə imkan verilmədi

Filmin nümayişi zamanı oteldə işıqlar söndürülüb

«Bu cür məhdudiyyətlər Azərbaycan hakimiyyətinin kifayət qədər aşağı olan beynəlxalq imicinə əlavə zərbədir»

Bakıda “Park Inn” otelinin “Füzuli” zalında “Art for Democracy” (Demokratiya naminə incəsənət) layihəsi çərçivəsində çəkilmiş “Incəsənət demokratiya tələb edir” adlı sənədli filmin təqdimatına əngəl törədilib. Baxmayaraq ki, tədbir otel rəhbərliyilə əvvəlcədən razılaşdırılıb, “Park Inn”lə təşkilatçılar arasında müqavilə bağlanıb və otel tərəfindən istənilən ödəniş edilib, tədbirin başlamasına az qalmış, “Füzuli” zalının yerləşdiyi ikinci mərtəbənin işıqları söndürülüb.

Tədbirin təşkilatçıları problemlə əlaqədar otelin məsul şəxslərinə müraciət edərkən, onlara bildirilib ki, bu, texniki nasazlıqdır və ikinci mərtəbədə işıqlar tamamilə sönüb. Lakin otelin məsul şəxsləri Bakının ən mərkəzi hissəsində yerləşən otelin bütün digər yerlərində işıq yandığı halda, məhz ikinci mərtəbədə elektrik enerjisinin kəsilməsinin səbəblərini izah etməyib.

Daha sonra tədbir təşkilatçıları elektrikin alternativ üsullarla əldə olunması məqsədilə iki ədəd UPS gətirsə də, otelin girişində rəhbərlik və mühafizə xidməti gətirilmiş avadanlıqları yoxlamaqdan imtina edərək, “təhlükəsizlik səbəblərindən əlavə texnikanı buraxa bilmərik” izahı ilə onları içəri keçirməyə icazə verməyib.

Məlumata görə, “Park Inn”in bəzi işçiləri bu hadisənin otel rəhbərliyinə edilən təzyiq nəticəsində baş verdiyini qeyri-rəsmi şəkildə etiraf ediblər.

“Demokratiya naminə Incəsənət” kampaniyası bəyan edib ki, filmdə Ilham Əliyev də daxil olmaqla bir sıra məmurlar barədə tənqidi fikirlər olduğundan, onun nümayişinin qarşısının bu cür alınması, ancaq yüksək rütbəli məmurların sifarişilə, hüquq-mühafizə orqanları tərəfindən təşkil edilə bilərdi: “Bu addımı atmaqla hakimiyyət bir tərəfdən özəl biznes qurumu olan otel və işçilərilə digər tərəfdən vətəndaş cəmiyyəti nümayəndələrini üz-üzə qoymağa cəhd edib”.

Sənədli filmin nümayişinə yaradılmış maneələri qəti şəkildə pisləyən “Demokratiya naminə Incəsənət” kampaniyası baş verənləri Azərbaycan hakimiyyəti tərəfindən ifadə azadlığının pozuntusu kimi qiymətləndirir. Həmçinin hakimiyyəti belə mürtəce təcrübədən imtina etməyə, insan hüquqlarına hörmət etməyə çağırır: “Azərbaycan hakimiyyəti bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası qarşısında insan haqlarına hörmət etməklə bağlı öhdəliklər götürüb və onlara əməl etməlidir. Bu cür məhdudiyyətlər Azərbaycan hakimiyyətinin kifayət qədər aşağı olan beynəlxalq imicinə də əlavə zərbədir”.

“Demokratiya naminə Incəsənət” kampaniyası eyni zamanda, beynəlxalq ictimaiyyəti isə Azərbaycanda ifadə azadlığının acınacaqlı vəziyyətini göstərən bu mənfi nümunəyə diqqətlə yanaşmağa, insan haqları ilə bağlı tədbirlərin keçirilməsi, o cümlədən film nümayişlərinin təşkili üçün vətəndaş cəmiyyətinə daimi yerin əldə edilməsində yardım göstərməyə, hakimiyyətlə danışıqlarda onun üzərinə götürdüyü öhdəlikləri xatırlatmağa çağırır./azadlıq/
1336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:48