Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırdı

“Hüququmu tələb elədim, ancaq ala bilmədim. Mənim üçün axırıncı yol bu idi...”

Maarif Vəliyev yerli məmurların əlindən cana doyaraq icra hakimiyyətinin qarşısında intihara cəhd etdi

Yanvarın 28-də Bərdə rayonu, Alpout kənd sakini, 2-ci qrup Qarabağ əlili Maarif Vəliyevin icra hakimiyyətinin binası önündə özünü yandırdığı bildirilir. Hazırda o, Bərdə rayon Xəstəxanasındadır.

"Məmurlar səviyyəsində gizlədilir ki, hadisənin üstü açılmasın"

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov AzadlıqRadiosuna bildirib ki, əlilin özünü yandırmasına torpaq istəyi səbəb olub: "Bərdə sakini olsa da, evi olmadığından ailəsi ilə Tərtərdə yaşayır. Dəfələrlə Bərdə rayon İcra Hakimiyyətinə gedib ona 3-5 sot torpaq sahəsi verilməsini istəyib. Onlar da verməyiblər, get-gələ salıblar. Axırda o da üstünə benzin tökərək özünü yandırıb".
Etimad Əsədov Maarif Vəliyevin ciddi nəzarətə götürüldüyünü bildirir: "Xəstəxanada da yanına heç kimi buraxmırlar ki, xəbər yayılmasın. Əlillərimizdən biri gedib görüşə bilib. Hazırda müalicəsi davam edir. Məmurlar səviyyəsində gizlədilir ki, hadisənin üstü açılmasın".
Bərdə rayon Polis Şöbəsinin növbətçi hissəsindən deyiblər ki, onlarda Maarif Vəliyev adlı özünü yandıran şəxs qeydə alınmayıb: "Nəinki bu gün, bundan əvvəlki günlər üçün də qeydlərdə belə məlumat yoxdur".
Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev də deyib ki, icra hakimiyyətinin binası qarşısında özünü yandıran adam olmayıb.
Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov isə bildirir ki, Maarif Vəliyev 2-3 gündür xəstəxanadadır: "İkinci dərəcəli aşağı ətrafların termik yanığı ilə xəstəxanaya daxil olub. Özünü yandırmağı ilə bağlı məlumat yoxdur. Yanıq xəsarətidir. Paltarı, ayaqları yanıb. O demək deyil ki, özünü yandırıb. Harada yandığını bilmirəm. İki günə çıxacaq, vəziyyəti yaxşıdır".

"Yaşamağa imkan vermədilər"

Maarif Vəliyev isə bildirib ki, hüququnu tələb edib, nəticəsi olmadığına görə özünü yandırıb: "Hüququmu tələb elədim, ancaq ala bilmədim. Mənim üçün axırıncı yol bu idi. Azərbaycanda mənim üçün yaşamaq artıqdır. Yaşamağa imkan vermədilər. Məni kiçik bir yerdə yerləşdirmədilər. Orda-burda kirayədə yaşadım. Ondan sonra da uşağım xəstə düşdü. Özümün dərdi bir tərəfdən, ikinci dərd də bir tərəfdən gəldi. Hara getdim əlim ayağımdan uzun gəldim. Balamı da sağalda bilmədim. Maddi vəziyyətə görə ailəmin içində kişi kimi hərəkət eləyə bilmədim. Hər şey sıfır. Bizim millətdə bir şey yaxşıdır ki, bir-birimizi alçaltmağa öyrəşmişik".
Maarif Vəliyev özünü Bərdə rayon İcra Hakimiyyətinin yaxınlığında yandırdığını deyib. Onun sözlərinə görə, 20 yaşlı övladı da onun kimi əlildir: "23 yaşında əlil olmuşam. Bir balam var, o da əlildir. Müalicə etməyə imkanım yoxdur. Yalandan müalicə elətdirirdim. Rayonda nə müalicə? Başqa yerə aparmağa gücüm çatmır".
Maarif Vəliyevin sözlərinə görə, torpaq istəyi ilə bağlı müraciətlərinə rəsmi heç bir cavab verməyiblər:
"Haralara müraciət etmədim ki...".

"Sağ əlimi kəsib oğluma tiksinlər"

Maarif Vəliyev daha sonra bildirib: "Özümü pis hiss edirəm, ayağa dura bilmirəm. Sağ olsunlar, yaxşı hörmət etdilər. Qarabağ əlilinin sonu da budur. Üstümə benzin töküb yandırdım. Başqa əlacım yox idi. Prezidentdən bir xahişim var ki, mən heç, yerdə qalan Qarabağ əlillərinə... qalanları yazıqdır. Ən axırıncı vəziyyətdə Qarabağ əlilləri yaşayır".
Qarabağ əlili virtualaz.org-a isə bunları deyib: "Qardaşım mənə ev vermişdi. Borca görə onu da satdım. Mən hər gün 20 yaşlı oğlumun qarşısında sınıram. Onun müalicəsinə kömək edə bilmədiyimdən hər gün azı yüz dəfə ölüb-dirilirəm. İndi deyirlər, özünü niyə yandırdın? Mən axı hər gün yanıram. Mənə ev, ya torpaq vermirlər, kirayədə yaşayıram?.
Qarabağ əlili sayt vasitəsilə Səhiyyə Nazirliyinə də müraciət edib: "Tək istədiyim budur: mənim sağ əlimi kəsib oğluma tiksinlər. Onsuz da onun istəklərini yerinə yetirə bilmirəm, ayaqları tutmasa da əlləri işləsin".

Qarabağ qazilərindən açıqlama

Bu arada "Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birlikləri Maarif Vəliyevin özünü yandırması ilə bağlı açıqlama yayıb. "Azadlıq"ın redaksiyasına daxil olan açıqlamada deyilir: "Qarabağ qazisi Zaur Həsənovun ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasının qarşısında özünü yandırmaqla intihar etməsindən sonra Qarabağ əlilləri arasında yaranmış gərginlik davam edir. Yanvarın 27-də Yevlax rayonunda ümumi əlil Nizami Kərimov da ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq özünü yandıraraq intihar edib. Yanvarın 28-də "Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birlikləri vəziyyətlə bağlı həm dövlət orqanlarına, həm də cəmiyyət üçün ümumi müraciət yaydılar. Müraciətin ardınca Bərdə rayonun Alpoud kənd sakini, 2-ci qrup Qarabağ qazisi Vəliyev Maarif Əvəz oğlu özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı məlumat təşkilatımız daxil oldu. Təəssüflər olsun ki, bizim müraciətlərimizə, apardığımız profilaktik tədbirlərə baxmayaraq, vəziyyət getdikcə gərginləşir. Hazırda onlarla bu vəziyyətdə-intihar etmək həddində olan Qarabağ qaziləri var. Biz bir daha dövlət orqanlarına müraciət edərək vəziyyətin stabilləşməsi, bu problemlərin sakit formada həlli üçün təcili hərəkətə keçməyə çağırırıq.
Bu insanların heç biri bu günə qədər dövlətimizə və dövlətçiliyimizə zərbə vuracaq heç bir addım atmayıblar.  Ümid edirik ki, bundan da sonra atmayacaqlar. Dövlətimizin də bu qəbildən olan insanların həyat şəraitini yaxşılaşdırmaq, onların sosial problemlərinin həlli istiqamətində atdığı bütün tədbirləri yüksək qiymətləndiririk. Amma elə problemlər var ki, onların həlli üçün müvafiq dövlət strukturlarının təcili hərəkətə keçməsi lazımdır. Biz düşünürük ki, hər şeydən öncə təcili bu problemləri həlli ilə məşğul olacaq QHT və dövlət qurumlarının da daxil olduğu bir komissiya və ya işçi qrupunun yaranması zəruridir. Müvafiq dövlət qurumları ilə birgə bu işləri effektli şəkildə görmək mümkündür.
Ermənilərin Qarabağda vəziyyəti gərginləşdirməyə çalışdığı, bu səbəbdən hər gün əsgər və zabitlərimizin şəhid olduğu belə ağır məqamda bütün Qarabağ qazilərini bir qədər də səbirli olmağa, bu çətin gündə döyüşçü həmrəyliyi nümayiş etdirərək pis durumda olan əlillərin özlərinə qıymaması üçün əllərindən gələnləri etmələrini xahiş edirik".
Yada salaq ki, təxminən bir ay əvvəl Qarabağ əlili Zuar Həsənov özünü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında yandırmışdı. Zaur Həsənov AHİK-in sədri Səttar Mehbalıyevin ona məxsus obyekti sökdüyünə görə bu addımı atmışdı. Qarabağ qazisi özünü yandırandan bir neçə gün sonra dünya dəyişdi.
Bundan başqa son bir ayda 5 Qarabağ qazisi müalicisizlikdən dünyasını dəyişib.

1352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı