Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Özünü yandırmış əlil şok faktlar açıqladı

Nizami Kərimovu intihara təhrik edən məmurlar cəzalandırılacaqmı?
Yanvarın 27-də Yevlax şəhərində özünü yandıran əlil Nizami Kərimov ötən gecə Bakıdakı 5 saylı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Doğmalarının sözlərinə görə, Kərimov ünvanlı sosial yardımın ödənilməməsinə etiraz əlaməti olaraq rayonun əhalinin sosial müdafiəsi mərkəzinin binası qarşısında özünü yandırıb. 45 yaşlı əlilin 3 uşağı var, ailənin 57 manat əlillik təqaüdündən başqa heç bir gəliri yoxdur.
Yevlax rayon prokurorluğunda faktla bağlı CM-in 125-ci (intihar həddinə çatdırma) maddə ilə cinayət işi açılıb. (Turan)
Nizami Kərimov Azadlıq Radiosuna deyib ki, özünü səssiz-səmirsiz benzin tökərək yandırıb. Əlilin sözlərinə görə, 4 aydır həmin binada bütün gün var-gəl edib, haqlarını tələb edib. Lakin süründürməçilikdən zara gəlib. Ən son 102 polis xidmətinə zəng edib cinayət edəcəyini bildirib. Buna da məhəl qoyulmadığını deyən 2-ci qrup əlil tək çıxış yolunu intihar etməkdə görüb.
“Birinci dəfə sosial yardım düzəltdirəndə 2 ildən artıq get-gəl elədik. Axır düzəltdirdik. Vaxtı qurtardı, ikinci il düzəldəndə 4 ayını əvvəldən istədilər. Rüşvət istədilər, dedim verməyəcəm. Ən aşağı məbləğ yazdılar. İndi də 4 aydır süründürürlər. İlandan pis sürünürük. Get sabah gəl, bu gün gəl. Özüm 2-ci qrup əliləm, bir ayağım şikəstdir. 50 manat təqaüd alıram, onunla dolana bilmirəm. 5-ci gün idi zəng elədim, 142-ə, (Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttidir-G.R.) 61 dəfə zəng elədim. Sonra 102 -yə zəng elədim ki, cinayət edəcəm. Ordan da bir cavab gəlmədi. Həmin gün sənədləri qoydum evdə, sosial yardım verilən binanın önündə benzin töküb, özümü yandırdım”.
Xəstəxanaya toplanmış qohumlar da danışırdılar ki, Nizami Kərimov sosial yardımla bağlı ona edilən haqsızlığa görə neçə vaxtdır ağır stress keçirirmiş.
Qardaşının yoldaşı Reyhan Kərimova: “1 -2 gün ondan qabaq orda hirsləndirmişdilər, əsirdi. Həmin gün də belə olub. Sosial yardımda əsəbləşdirmişdilər. Buna sosial yardım düşür, amma bunu incidirlər. Bir sənədin ardınca 5 dəfə yollayırdılar”.
44 yaşlı Nizami Kərimovun Yevlax şəhərində olan cəmi bircə otaqlı həyət evi ailənin dediyi kimi şəraitsizdir. Həyətdə yarımçıq qalmış vanna otağının nə qapısı var, nə pəncərəsi. Evin uçuq damını göstərən bacısı Rəbiyyə Kərimova deyir ki, qardaşını bu həddə çatdıranlar cavab verməlidir. Heç kəs özünü boş yerə yandırmaz.
“Get-gələ çox saldılar, pul istəyiblər. Deyib 6 ay sənin, 6 ay mənim. Bu sosial bimirsən varlıya verilir, ya kasıba? Kim özünü yandırar, canına qəsd edər ki? O dərəcəyə çatdırıblar ki, özünü yandırıb”.
Yevlax rayon Sosial Müdafə Mərkəzinin qarşısında döşəmədə Nizami Kərimovun yanan bədəninin izləri qalıb. Mərkəzdən isə heç kim hadisə ilə bağlı danışmaq istəmədi. Mərkəzin rəisi Natiq Məmmədovun icra hakimiyyətində iclasda olduğu bildirildi.
Yevlax rayon Sosial Müdafiə mərkəzində süründürməçilikdən şikayətlənən başqa vətəndaşlar da var idi…
“Oktyabrdan sənədi alıbsan ki, dekabrda verəcəm ver də…
-Nə sənədidir?
-Bax ana şikəst, bala xəstə, kirayədə yaşayır. Deyirlər get 3 sənədi yenə dəyiş, deyirəm pul nə vaxt veriləcək ,deyir nə bilim?
Sentyabrdan sənəd hazırlamışam. Deyir get yenə sənədi təzələ….Boğaza yığılmışıq daha bezmişik”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ANS-ə bildirib ki, əlilin özünü yandırması məsələsi ciddi şəkildə araşdırılacaq. Nazir bununla bağlı Bakıdan Yevlağa xüsusi komissiyanın göndərildiyini deyib.
Nazirin əmri ilə Yevlax rayon ƏSMM-nin direktoru Rövşən Məhərrəmov işdən azad edilib.
1518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber