Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Qudasından Şeyxi ifşa edən açıqlamalar - “Məndən 260 min

Dini lider müharibə illərində “borca girərək” özünə “şah sarayı” tikdirib? 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qudası, millət vəkili Hacı Qalib Salahzadə şeyxin ünvanına yazılan ittihamlara etiraz bəyanatıyla çıxış edib.

Yanvarın 28-də QMİ sədri mətbuat konfransı keçirib. Mətbuat konfransı bitər-bitməz Azərbaycanın aparıcı media qurumlarının, jurnalistlərin elektron poçtlarına QMİ sədrinin ərəb ölkələrinin fondları, siyasətçi və iş adamları ilə əlaqələrindən bəhs edən, onun guya müxtəlif ünvanlardan pul almasına dair məlumatlar göndərilib.

İttihamlar sırasında şeyxin qaçqınlara yardım adı ilə səudiyyəli iş adamı Abdullahdan 800 min dollar alaraq özünə villa tikdirməsi kimi ittiham da var.

Q.Salahzadə Teleqraf.com-a bildirib ki, o, Allahşükür Paşazadə ilə bağlı yazılanları oxuduqdan sonra etiraz bəyanatı ilə çıxış etməyə məcbur olub.

“Allaha və Qurana and olsun ki, şeyxin haqqındakı bu yazıların hamısı yalandır. Şeyx 1994-cü ildə ev tikməyə başlayanda məndən 260 min dollar borc aldı. Özü də hissə-hissə. Uzun müddət pulu qaytara bilmədi. Hökumət evinin arxasında onun 7 otaqlı evi var. 120 min manata həmin evi mənə təklif etdi ki, borcdan çıxım. Mən təklifi qəbul etmədim. Dedim ki, nə vaxt pulun olar, qaytararsan. Onda hələ biz qohum deyildik, dost idik. Şeyx mənə deyib ki, bir nəfər yaxın adamından 20 min manat borc pul alıb. Həmin adam pulu verəndə şeyxə deyib ki, 20 min manatı qaytarmaq üçün sənə bir ay vaxt verirəm. Mən şeyxin yaxın adamlarından borc pul istəməsinin şahidiyəm. Onu da dəqiq bilirəm ki, şeyx ev tikdirməyə başlayanda Bilgəhdəki bağ evini satıb. Özü də iş adamı İsgəndər Xəlilova satıb. Amma bəziləri utanıb-qızarmadan onun ünvanına ittihamlar səsləndirirlər. Bunlar fikirləşmirlər ki, şeyxin bu qədər pulu varkən niyə Hacı Qalibdən borc pul istəyib. Çox təəssüf ki, bəzi mətbu orqanlar heç bir araşdırma aparmadan, qarşı tərəfin mövqeyini öyrənmədən ittihamları işıqlandırıblar. Əfsuslar olsun ki, onlar bu cür yalanı ictimailəşdirdiklərinə görə, hüquqi və mənəvi məsuliyyət daşımırlar” – deyə, Q.Salahzadə bildirir.

Millət vəkili əlavə edir ki, QMİ sədrinin mətbuat konfransından sonra həm onun ünvanına ittihamların səsləndirilməsi, həm də Azərbaycanın terrorla hədələnməsi təsadüfi deyil:“Bunlar hamısı eyni mərkəzdən idarə olunurlar. Azərbaycanda da dövlətimizə qarşı qənim kəsilən qüvvələrə dəstək verənlər var. Unutmasınlar ki, Azərbaycan dünyəvi dövlətdir və onun güclü hakimiyyəti, ordusu, hüquq mühafizə orqanları var. Onların mənfur niyyətləri Azərbaycanda keçməyəcək”.

Şeyxin qudasının bu açıqlamalarının həqiqəti əks etdirdiyi şübhə doğurur.

Alahshukur_Pashazade_171108Məsələn, hələ 1994-cü ildə Allahşükür Paşazadənin Qalib Salahzadədən ev tikmək üçün nə az-nə çox, 260 MİN DOLLAR borc alması nə dərəcədə ağılabatandır? Həmin dövr üçün bu rəqəm əlçatmaz idi, Qalib Salahzadənin onu necə qazana bildiyini qoyaq bir kənara. Ondan danışaq ki, bu məbləğlə həmin vaxt onlarl saray tikmək olardı. Belə çıxır ki, özünün pulu olmayan şeyx, borca girərək “şah sarayı” tikdirib. Hansı məntiqlə? Axı həmin dövrdə ölkədə müharibə gedirdi! Xalqın, dövlətin belə dar günündə dini rəhbərin özünə fantastik qiymətə ev tikdirməsinə çoxmu ehtiyac var idi?

Ən əsası, o dövr üçün belə fantastik qiymətə ev tikdirən Allahşükür Paşazadə borcunu hansı mənbələr hesabına qaytarmaq niyyətində olub?

Yaxud, QMİ rəhbərinin guya hansısa yaxın adamından 20 min dollar borc aldığı, üstəlik bu pulu qaytarmaq üçün ona 1 ay vaxt verildiyi haqda iddiaya Azərbaycanda kimi inandırmaq olar? Təkcə nəzir qutularına gün ərzində bundan dəfələrlə artıq məbləğdə pullar yığılırsa və bu pulların hara xərcləndiyi qaranlıqdırsa, şeyxin guya kimdənsə 20 min dollar borc aldığı, bu borca görə ona vaxt verildiyi kimi nağıllar uydurmağa nə ehtiyac var?

Qısası, hətta anonim mənbədən yayılan dünənki siyahı ortada olmasa da belə, QMİ rəhbərinin, DİNİ LİDERİN fəaliyyətindən Azərbaycan xalqı yaxşı xəbərdardır və belə nağıllarla ictimai rəyi dəyişdirmək mümkün deyil. Əksinə, bu bəyanat, açıqlamalar Allahşükür Paşazadənin növbəti ifşasından başqa bir şey deyil.. /Azpolitika/

1606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:17