Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Daha bir Qarabağ qazisi özünü yandırdı

Qazilər birliyi xüsusi işçi qrupunun yaradılmasına çağırdı
Bərdə rayon Alpoud kənd sakini, 2-c qrup Qarabağ qazisi Vəliyev Maarif Əvəz yanvarın 28-də axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandırıb.

Yanan şəxsin xəstəxanaya yerləşdirildiyi və onun vəziyyətinin ağır olduğu bildirilir.
Bərdə Rayon İcra Hakimiyyətindən isə hadisənin ümumiyyətlə baş vermədiyini bildiriblər. Bərdə Rayon Polis Şöbəsi isə hadisənin baş verməsini təsdiqləyiblər. Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, onun vəziyyətinin normal olduğu bildirilir.

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri son vaxtlar əlillərin özlərini yandırmaq həddinə çatdırılmaları ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Qarabağ qazisi Zaur Həsənovun ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasının qarşısında özünü yandırmaqla intihar etməsindən sonra Qarabağ əlilləri arasında yaranmış gərginlik davam edir: “Yanvarın 27-də Yevlax rayonunda ümumi əlil Nizami Kərimov da ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq özünü yandıraraq intihar edib. ”Qarabağ qaziləri" və “Vətən Müharibəsi Əlilləri” birlikləri vəziyyətlə bağlı həm dövlət orqanlarına, həm də cəmiyyət üçün ümumi müraciət yaydılar. Müraciətin ardınca Bərdə rayonunun Alpoud kənd sakini, 2-c qrup Qarabağ qazisi Vəliyev Maarif Əvəz oğlu özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı məlumat daxil oldu. Təəssüflər olsun ki, bizim müraciətlərimizə, apardığımız profilaktik tədbirlərə baxmayaraq, vəziyyət getdikcə gərginləşir. Hazırda onlarla bu vəziyyətdə-intihar etmək həddində olan Qarabağ qaziləri var. Biz bir daha dövlət orqanlarına müraciət edərək vəziyyətin stabilləşməsi, bu problemlərin sakit formada həlli üçün təcili hərəkətə keçməyə çağırırıq.

Bu insanların heç biri bu günə qədər dövlətimizə və dövlətçiliyimizə zərbə vuracaq heç bir addım atmayıblar. Ümid edirik ki, bundan da sonra atmayacaqlar. Dövlətimizin də bu qəbildən olan insanların həyat şəraitini yaxşılaşdırmaq, onların sosial problemlərinin həlli istiqamətində atdığı bütün tədbirləri yüksək qiymətləndiririk. Amma elə problemlər var ki, onların həlli üçün müvafiq dövlət strukturlarının təcili hərəkətə keçməsi lazımdır. Biz düşünürük ki, hər şeydən öncə təcili bu problemləri həlli ilə məşğul olacaq QHT və dövlət qurumlarının da daxil olduğu bir komissiya və ya işçi qrupunun yaranması zəruridir. Müvafiq dövlət qurumları ilə birgə bu işləri effektli şəkildə görmək mümkündür.

Ermənilərin Qarabağda vəziyyəti gərginləşdirməyə çalışdığı, bu səbəbdən hər gün əsgər və zabitlərimizin şəhid olduğu belə ağır məqamda bütün Qarabağ qazilərini bir qədər də səbirli olmağa, bu çətin gündə döyüşçü həmrəyliyi nümayiş etdirərək pis durumda olan əlillərin özlərinə qıymaması üçün əllərindən gələnləri etmələrini xahiş edirik"./musavat/
1540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:15