Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Üzeyir Cəfərov ailəsinin təhdid olunduğunu deyir

Mən bu müraciəti bəlkə də yazmazdım, amma artıq 3 gündür ki, bəzi müşahidələrim, aldığım çoxsaylı xəbərlər, xəbərdarlıqlar məni bunları yazmağa məcbur edir

Ötən ilin oktyabrından Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilən general-polkovnik Zakir Həsənovun son vaxtlar kadr islahatı adı altında qəbul etdiyi xeyli sayda əmr və qərarların mətbuatda davamlı müzakirəsi, Müdafiə Nazirliyinin rəhbərliyini, başda özündən xeyli razı nazirin özünü, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovu, həmçinin Prezidentin təhlkəsizlik məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev və onların çevrəsində olan çoxsaylı əlaltılarıni hiddətləndirib. Dövlətin ən böyük güc strukturunda ciddi işlərlə məşğul olmalı şəxslər etdikləri qanunsuzluqları və özbaşınalıqları yığışdırmaq əvəzinə mənimlə, ailəmlə bağlı qanundan kənar, insanlıqdan uzaq hərəkətlərə əl atmaq istəyirlər. Mənim və oğlumun ardına öz əlaltılarınızı, cinayət törətməyə hazır olan yaramazları salıb özünüzü rüsvay etməyin. Sizin hələlik vəzifəniz, müxtəlif yollarla əldə etdiyiniz çirkli pullarınızın və imkanlarınızın olmasını mən gözəl bilirəm. Əlinizin altında topunuzun, saysız-hesabsız silah-sursatınızın olmasını da hamı kimi mən də bilirəm. Və tam ciddi demək istəyirəm ki, əgər mənim övladımla, özümlə, ümumiyyətlə yaxın çevrəmlə bağlı hər hansı qanundan kənar hərəkətlərə yol verəcəksinizsə, bunun 3 qat bədəlinin ödəməli olacaqsınız.

İndiyə kimi dəfələrlə məni haqqı-ədaləti müdafiə etdiyimə, heç nədən çəkinmədən sözümü deməyimə və yazdığıma görə şərləmək, qondarma cinayət işləri, məhkəmə çəkişmələri açmaq, 2007-ci ilin aprelində həyatıma sui-qəsd etmək, daha sonra şəxsi avtomobilimi yandırmaq və digər yaramazlıqlara əl atılıb. Gördüyünüz kimi bütün hədə-qorxulara, şantajlara , qanunsuzluqlara baxmayaraq məni əqidəmdən və tutduğum yoldan heç nə və heç kim çəkindirə bilməyib. 2001-ci ildə mən Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti ola-ola Ermənistana, işğal olunmuş ərazilərimizə çox vacib bir səfərə gedib, dövlətim və xalqım üçün son dərəcə vacib olan hərbi məlumatları da əldə etdim. Bu işlərin canlı şahidləri də var. Həm də Qarabağ savaşının birbaşa iştrakçısı olmuşam. Yəni, ölümün içərisinə girib çıxmış adamam. Burdan adlarını çəkdiyim və çəkmədiyim şəxslərə müraciət edirəm. Yığışdırın özünüzü. Sizə həvalə edilmiş dövlət işinizlə ciddi məşğul olun. Lotuluğunuzu və mənə qarşı planlaşdırdığınız qoluzorluluğu, yaxud mənim fiziki məhvim üçün atmaq istədiyiniz addımları dayandırın. Əgər sözünüz və iradınız varsa, bunu mənə istənilən an sivil qaydada deyə bilərsiniz. Bir də, çox yaxşı olardı ki, adını general qoymuş, çiyinlərində böyük ulduzlar gəzdirən şəxslər kimi hərbə-zorbanızı mənim kimi əli silahsız, ehtiyatda olan zabitə deyil, Azərbaycanı parçalayan qüvvələrə, çevrələrə, ən əsası isə düşmənə göstərəsiniz.

Bütün bunlara rəğmən isə demək istəyirəm ki, onsuz da Azərbaycan cəmiyyəti və xalqı gec-tez hər kəsin layiq olduğu qiyməti verib və bundan sonra da verəcək.
1452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber