Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

"Müşfiqabad məscidində tezliklə silahlı qarşıdurma ola bilər"

Dövlət Komitəsi Suriyaya döyüşə gedən azərbaycanlılara dəstək verdiyi iddia olunan dini icmada yoxlama aparıb

“Belə getsə, Müşfiqabad məscidində tezliklə silahlı qarşıdurma ola bilər”

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) son günlər radikal dini cərəyan nümayəndələrinin toplaşdığı, Suriyada döyüşməyə gedən azərbaycanlılara dəstək verdiyi iddia olunan “Müşfiqabad məscidi” Dini İcması ilə bağlı yoxlama aparıb.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, DQİDK tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidində yenidən qeydiyyatdan keçməmiş dini icmanın fəaliyyətinin yoxlanılması bir müddət əvvəl aparılıb, yoxlamalar zamanı icmanın fəaliyyətində bir sıra qanunsuzluqlar aşkar edilib.

Bildirilib ki, hazırda yoxlama bitib və nəticələr araşdırılır: “Araşdırma bitdikdən sonra dini icmanın fəaliyyəti ilə bağlı qərar veriləcək və ictimaiyyətə açıqlanacaq”.

Komitədən onu da bildiriblər ki, dövlət qeydiyyatından keçməyən digər icmaların da fəaliyyəti işçi qaydada DQİDK tərəfindən yoxlanılacaq.

Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev açıqlamasında Komitənin bu addımının anlaşılmaz olduğunu bildirib: “Niyə yoxlama aparırlar, bilmirəm. Mənim özümə bu barədə heç nə deyilməyib”.

Son vaxtlar Suriyaya gedənlərlə bağlı münasibətinin istənilməsinə isə M. Qaçayev cavab verməkdən imtina edib: “Mən bu barədə heç nə deyə bilmərəm”.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli bildirib həmin məscid xəvvaricilərin toplaşdığı təhlükəli məkana çevrilib: “Bu barədə mənə o məscidə yaxın olan şəxslər də deyiblər. Bu istiqamətdə dövlət qurumları təcili addımlar atmalıdır. Dövlətçiliyimiz real təhlükə ilə üz-üzədir. Belə getsə, orada tezliklə silahlı qarşıdurmanın olması da gözlənilir”./apa/
1801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber