Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Məhkəmədə aparıcıya ağır ittihamlar

Asif Əliyev: «Həyat yoldaşımı öyrədirdi ki, özünü bıçaqla, saçlarını yandır, sənin arxanda mən dayanmışam»

Yasamal Rayon Məhkəməsində “Space” telekanalında yayımlanan “Etiraf” verilişinin aparıcısı Ilham Mirzəyevin şikayəti əsasında həbs olunmuş Asif Əliyevin məhkəməsi gedir. Bu məhkəmə prosesinə hakim Ayaz Məmmədov sədrlik edir.

Dünən Asif Əliyev ifadə verərək deyib ki, barəsindəki cinayət işindən mətbuatdan xəbər tutub, ötən il iyulun 13-də Vergilər Nazirliyinin qarşısında olarkən telefonuna evdən zəng gəlib: “Dedilər ki, evə polis əməkdaşları gəlib. Polislər telefonla mənimlə danışıb dedilər ki, barəmdə şikayət var, 26-cı bölməyə getməliyəm. Getdim. Oradan Yasamal rayon Polis Idarəsinə apardılar. Idarədə müstəntiq Ceyhun Mahmudov mənə dedi ki, adam vurmusan. Sonra müstəntiq mənimlə alver eləməyə başladı, dedi ki, bu iş ”zakaz"dı. Ya Ilham Mirzəyevə 150 min manat verməlisən, ya da həbs ediləcəksən".

Asif Əliyevin sözlərinə görə, o, Ilham Mirzəyevin dayısı qızı Aysellə ailə həyatı qurub: “Ilham ailə işlərimizə qarışırdı. Yoldaşımı öyrədirdi ki, özünü bıçaqla, saçlarını yandır, sənin arxanda mən dayanmışam. Belə-belə hərəkətlərlə ailəmizi dağıtdı. Sonrada efirdə barəmdə təhqiramiz ifadələr işlətdi. Bu, evimə hücum edib, dəfələrlə məni tutdurmaqla hədələyib. Indi deyir ki, guya, ona hücum eləmişəm, maskalı şəxslər olub-filan. Hanı həmin maskalı şəxslər? Ortalığa çıxarsın.

Hadisə baş verən gün və həmin ərəfədə evdə olmuşam. Evdə anam, bacım, bacımın yoldaşı və uşaqları olub. Hər həftənin 3-cü günü onun “Space”dəki verilişinə baxırdıq. Məqsədimiz haqqımızda dediklərini eşitmək idi. O, verilişdə məni və ailə üzvlərimi təhqir edirdi. Istintaqa ifadəmdə də bunları demişəm.

Mən burada çox şeyi danışmaq istəmirəm. Həbs olunamışdan əvvəl Ilham Mirzəyev 150 min manat, həbs olunandan sonra ev verməyimi istədi. Ona hücum etməmişəm, məndə bıçaq da olmayıb. Bunlar iyrənc böhtandır".

Məhkəmədə qısa fasilədən sonra Asif Əliyevin vəkili Abuzər Mütəllimov hakimin nəzərinə çatdırıb ki, Ilham Mirzəyev dəhlizdə şahidlərə təzyiq edib, onları hədələyib. Həmçinin təqsirləndirilən şəxsin anasını “xristian” adlandırıb.

Hakim məhkəmə nəzarətçilərinə şahidlərin yanına heç kimin buraxılmaması barədə göstəriş verib.

Məhkəmə zalına telefonla keçmək qadağan olunsa da, Ilham Mirzəyevin vəkili Xanlar Bayramzadə mobil telefon aşkarlanıb. Vəkil onun Ilham Mirzəyevə məxsus olduğunu deyib. Vəkil buna görə Ilham Mirzəyev və vəkilinə xəbərdarlıq edib. Aparıcıya daha bir xəbərdarlıq isə Asif Əliyevi təhqir etdiyinə görə elan olunub.

Məhkəmədə şahid kimi ifadə verən Asif Əliyevin anası Lüdmila xanım da Ilham Mirzəyev və anasının oğlunun işlərinə qarışdığını, ailəsini dağılmasına bais olduğunu bildirib. Cinayətin baş verdiyi iddia olunan gün və saatlarda isə oğlunun evdə olduğunu qeyd edib.

Lüdmila Əliyeva həmçinin hakimdən oğlunun işinə obyektiv baxmağı xahiş edib. Əks təqdirdə, məhkəmənin qarşısında özünü yandıracağını bildirib.

Daha sonra Ilham Mirzəyevin təqsirləndirilən şəxsə “qatil” deməsi vəkillərin etirazı, onun özünün isə məhkəmə zalından çıxarılmasına dair hakimin göstəriş verməsilə nəticələnib. Lakin aparıcı zaldan çıxmaq istəməyib və hakim də bu məsələdə israr etməyib.

Asif Əliyevin bacısı Sevil Bağırova, bacısının ÿhəyat yoldaşı Fikrət Bağırov da cinayətin baş verdiyi iddia olunan vaxtda Asif Əliyevin evdə olduğunu təsdiqləyib.
1416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber